İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilsson Rusiyada rəsmi iqtisadi göstəricilərin reallığı əks etdirmədiyini bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Moskvanın açıqladığı inflyasiya səviyyəsi – 5,86 faiz – faktiki vəziyyəti göstərmir və real inflyasiya ölkənin mərkəzi bankının əsas faiz dərəcəsinə, yəni təxminən 15 faizə daha yaxın ola bilər. Nilsson vurğulayıb ki, iqtisadi statistikanın bu şəkildə təqdim olunması sistemli xarakter daşıyır.
İsveç kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiyanın büdcə kəsiri də rəsmi rəqəmlərdən daha yüksəkdir və təxminən 30 milyard dollar (2,26 trilyon rubl) həcmində az göstərilir.
Hesabatda qeyd olunur ki, mövcud maliyyə yükünü qarşılamaq üçün Rusiyanın əsas ixrac markası olan “Urals” neftinin qiyməti il ərzində 100 dollardan yuxarı qalmalıdır. Əks halda, artan hərbi xərclər fonunda iqtisadi təzyiqlər daha da güclənə bilər.
Musavat.com