İsraildən Türkiyəyə GÖRÜNMƏMİŞ TƏKLİF: Ankara düşünmədən RƏDD ETDİ

İsrailin baş naziri Benyamin Netanyahunun oktyabrın 27-də keçiriləcək seçkilər öncəsi Suriyaya qarşı yeni hərbi və siyasi planlar hazırladığı iddia edilir.

Musavat.com xəbər verir ki, "Türkiye" qəzetinin yazarı Yılmaz Bilgenin təqdim etdiyi məlumata görə, İsrail yaxınlaşan seçkilər ərəfəsində Dəməşqə qarşı hərbi əməliyyat keçirməklə siyasi xal qazanmağı hədəfləyir.

İddialara əsasən, Təl-Əviv rəhbərliyi vasitəçi ölkə vasitəsilə Türkiyəyə Suriyada hərbi nüfuz dairələrinin bölüşdürülməsini nəzərdə tutan genişmiqyaslı təklif təqdim edib. Təklif olunan planda Humus, Quneytra, Tartus, Dəməşq və Dəra xəttinin İsrailin hərbi nüfuz zonasına verilməsi istənilib. Bunun müqabilində isə Təl-Əvivin Hələb, Hama, Həsəkə, Deyr əz-Zor və Raqqa bölgələrində Türkiyənin ehtimal olunan hərbi fəaliyyətlərinə müdaxilə etməyəcəyinə zəmanət verilib.

Bununla yanaşı, Türkiyədən İsrailin Qolandan Suveydaya açacağı hərbi dəhlizə və regionda quracağı hava qalxanına etiraz etməməsi tələb olunub. Lakin Ankaranın bu ssenariləri və nüfuz zonasının bölüşdürülməsi təklifini tamamilə rədd etdiyi bildirilir.

Digər tərəfdən, İsrailin Dəməşqlə bağlı planlarının Türkiyənin diplomatik gedişləri nəticəsində axsadığı vurğulanır. Prezident Rəcəb Tayyib Ərdoğanın planlaşdırılan Dəməşq səfərinin İsrailin strategiyalarını təxirə salmasına səbəb olduğu qeyd edilir. Həmçinin xarici işlər naziri Hakan Fidanın son günlərdə Suriyaya səfər edərək iki ölkə arasındakı təhlükəsizlik protokollarını yenilədiyi diqqətə çatdırılır.

Diplomatik müstəvidə istədiyini ala bilməyən İsrail rəhbərliyinin hərbi müdaxiləyə zəmin yaratmaq üçün alternativ planları işə salmağa hazırlaşdığı iddia olunur. İsrailin Dürzi əhalinin sıx yaşadığı Suveyda və Dəməşq-Cəramana bölgələrində süni iğtişaşlar qaldıraraq hərbi müdaxiləyə bəhanə yaratmaq niyyətində olduğu bildirilir.

İsrail mediasında isə "Dahiyə Doktrinası"na əsaslanaraq Dəməşqə qarşı intensiv bombardman ssenariləri müzakirə edilir və ordu rəhbərliyində bu istiqamətdə güclü tələbin olduğu vurğulanır. Hərbi hərəkətlilik planları çərçivəsində regionda yerləşdirilmiş 210-cu diviziya ilə yanaşı, 146, 36 və 91-ci diviziyaların da əraziyə köçürülməsi nəzərdə tutulur.

Hazırda Suriya ərazisində 12 hərbi bazası olan İsrailin bu sayı 40-a çatdıraraq Suriya torpaqlarının 15–20 faizlik hissəsində nəzarəti təmin etməyi məqsəd qoyduğu iddia edilir.

Musavat.com

15.09.2026 09:34
3350