İsrail yüksək hazırlıqda: İranla toqquşma nə qədər yaxındır?

Azər Hüseynov: “Hava zərbələri mümkündür, quru əməliyyatı isə...”

Yaxın Şərqdə gərginlik yenidən təhlükəli mərhələyə daxil olur. İsrailin hərbi hazırlıq səviyyəsini artırması və İranla mümkün qarşıdurmanın yaxın vaxtlarda baş verə biləcəyi barədə məlumatların yayılması regionda hərbi ssenarilərin real müzakirə predmetinə çevrildiyini göstərir. İsrailin dövlət televiziyası “Kan”ın açıqladığı hesabatda bildirilir ki, rəsmi Yerusəlim ABŞ-nin İrana qarşı potensial zərbələr endirə biləcəyini və bunun həftələrlə davam edə biləcək genişmiqyaslı kampaniyaya çevrilə biləcəyini istisna etmir.

Məlumatlara görə, Vaşinqton artıq Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib. Eyni zamanda, ABŞ-İran arasında dolayısı nüvə danışıqlarının Cenevrədə başa çatdığı bildirilir. İsrail təhlükəsizlik strukturlarında yüksək xəbərdarlıq rejimi saxlanılır. Knesset-in xarici əlaqələr və müdafiə komitəsinin sədri Boaz Bismut isə bildirib ki, “İranla bağlı çətin günlərlə üz-üzəyik. İctimaiyyət də, hakimiyyət orqanları da hazırlaşır”.

Bu fon göstərir ki, bölgədə diplomatik proseslərlə paralel hərbi hazırlıq xətti də aktivdir. Regionda mümkün ssenarilər artıq yalnız ehtimal deyil, konkret strateji planlaşdırma müstəvisində qiymətləndirilir.

Siyasi analitik Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, İrana qarşı Amerika Birləşmiş Ştatlarının raket və hava zərbələri endirmə ehtimalı hərbi baxımdan real görünür: “ABŞ-nin regionda hərbi bazaları, dəniz qüvvələri və hava üstünlüyü imkanları nəzərə alınarsa, belə əməliyyatların texniki tərəfi onun üçün çətin deyil. Xüsusilə, məhdud, hədəfli zərbələr formatında həyata keçirilərsə, bu, Vaşinqton üçün daha idarəolunan ssenari sayılır.

Lakin məsələ quru əməliyyatına keçəndə vəziyyət tamamilə dəyişir. İran konvensional müharibədə ABŞ ilə eyni səviyyədə deyil. Onun əsas strategiyası qeyri-simmetrik müharibə modelidir. Yəni birbaşa açıq cəbhədə toqquşmaqdan daha çox, regiondakı müttəfiq və əlaqəli silahlı qruplar vasitəsilə təzyiq yaratmaq üzərində qurulub.

Bu baxımdan Livandakı “Hizbullah”, Yəməndəki “Ənsərallah”, İraqdakı şiə milis qrupları və Suriyadakı İran yönlü silahlı strukturlar aktivləşdirilə bilər. Bu isə münaqişəni yalnız iki dövlət arasında saxlamaz, onu regional böhrana çevirər. ABŞ-nin bölgədəki bazaları, diplomatik nümayəndəlikləri və müttəfiqləri potensial hədəfə çevrilə bilər”.

Azər Hüseynov əlavə edib ki, digər mühüm faktor İsraildir: “Əgər ABŞ zərbələri ciddi effekt verərsə və İranın cavab reaksiyası genişlənərsə, İsrail təhlükəsizlik mülahizələri ilə daha sərt addımlar ata bilər. Xüsusilə Livan və ya Suriya istiqamətində paralel cəbhələrin açılması ehtimalı istisna deyil. Bu isə münaqişənin miqyasını daha da böyüdər.

Quru əməliyyatı isə ABŞ üçün əlavə və ağır risklər yaradar. İranın coğrafiyası mürəkkəbdir, müdafiə baxımından əlverişlidir və əhali səfərbərliyi potensialı yüksəkdir. Bundan əlavə, Hörmüz boğazının təhlükəsizliyi qlobal enerji bazarlarına birbaşa təsir göstərər. İraq və Əfqanıstan təcrübəsi də göstərir ki, uzunmüddətli quru müdaxiləsi siyasi və iqtisadi baxımdan ciddi yüklər yaradır.

Ramazan ayı kimi simvolik dövrlərdə gərginliyin artması ehtimalı psixoloji və ideoloji mobilizasiya baxımından rol oynaya bilər. Amma dövlətlər hərbi qərarları əsasən strateji zərurətə görə verirlər. Bu faktor daha çox daxili səfərbərlik və ritorika səviyyəsində təsir göstərir.

Ümumilikdə belə nəticə çıxarmaq olar: hava və raket zərbələri mümkündür və müəyyən çərçivədə idarəolunandır. Lakin genişmiqyaslı quru müdaxiləsi ABŞ üçün həm hərbi, həm siyasi, həm də regional baxımdan çoxşaxəli və riskli nəticələr doğura bilər. Əsas məsələ əməliyyatın məqsədinin nə olmasıdır — məhdud hərbi infrastrukturun zəiflədilməsi, yoxsa daha geniş siyasi hədəflər. Strategiyanın mahiyyəti müəyyənləşmədən risklərin ölçüsünü dəqiq qiymətləndirmək çətindir”.

Afaq Mirayiq, Musavat.com

19.02.2026 20:54
567