İrəvandan qayıdan politoloqdan açıqlama: “Əsas mövzular...” - ÖZƏL

Azərbaycanlı ekspertlər İrəvanda keçirilən “İrəvan dialoqu-2026” beynəlxalq konfransında iştirak ediblər. Konfransda Azərbaycanı politoloqlar Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev təmsil ediblər.

Qeyd edək ki, adıçəkilən politoloqlar vətəndaş cəmiyyətinin nümayəndələri arasında qarşılıqlı əlaqəyə yönəlmiş “Sülh körpüsü” təşəbbüsünün iştirakçılarıdır. Onlar artıq Azərbaycana qayıdıblar.

Topçubaşov Mərkəzinin direktoru, siyasi şərhçi Rusif Hüseynov Musavat.com-a şərhində İrəvana səfərinin təfərrüatlarını açıqlayıb.

R.Hüseynov bildirib ki, Azərbaycan nümayəndə heyətini 3 nəfər, Ermənistanı isə təxminən 25 nəfər təmsil edib: “Dəyirmi masa qapalı formatda təşkil olunub. Görüşün qapalı təşkil olunması hər iki tərəfə səmimi və açıq şəkildə ən həssas, iti mövzularda fikir mübadiləsi aparmağa imkan verdi. Əsas mövzular Ermənistan-Azərbaycan sülh prosesi, sülh prosesində mövcud imkanlar və çağırışlar, eyni zamanda Ermənistanda qarşıdan gələn parlament seçkiləri, Konstitusiya referendumu ilə bağlı mümkün ssenarilərin müzakirəsi idi. Həmçinin, hər iki cəmiyyəti maraqlandıran çox qəliz, həssas mövzulara da toxunuldu. Hər iki tərəf bir-birinə öz cəmiyyətinin mövqeyini çatdırmağa çalışdı”.

R.Hüseynov İrəvanda hökm sürən ab-hava haqqında da təəssüratlarını paylaşıb: “Bu həftənin əvvəlində paytaxt İrəvan eyni zamanda 3 beynəlxalq tədbirə ev sahibliyi edib: Avropa Siyasi Birliyinin sammiti, Ermənistan-Avropa İttifaqı Zirvə görüşü və İrəvan dialoqu-2026. İlk iki sammit dünya liderlərinin iştirakı ilə keçirilirdi. İrəvan dialoqu-2026 konfransında da yüksək səviyyəli rəsmi şəxslər, o cümlədən Avropa və post-sovet məkanından xeyli sayda ekspert iştirak edib. Beləliklə, Ermənistan paytaxtı bir çox beynəlxalq informasiya kanalının manşetinə düşmüşdü. Müşahidələrimizə görə, bir neçə Qərb ölkəsinin Ermənistana açıq-aşkar simpatiyası sezilirdi. Hətta Ermənistanın yaxın zamanda Avropa Birliyinə üzv ola biləcəyi barədə danışılırdı. Eyni zamanda Ermənistanla Brüsselin yaxınlaşması, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri fonunda Rusiyanın prosesə necə reaksiya verəcəyi barədə suallar ortaya çıxdı. Başqa bir məqam da Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı idi. Mən şəxsən normallaşma prosesini aparan iki şəxslə-“Vətəndaş müqaviləsi” Partiyasının vitse-spikeri Ruben Rubinyan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıçla eyni paneldə iştirak etdim. Bundan əlavə, iki ölkə arasında Ani körpüsünün bərpası ilə bağlı memorandum imzalandı. Hətta mətbuatda xəbər yayılmışdı ki, Fransa prezidenti Emmanuel Makron Ermənistanda olmasından istifadə edərək Ermənistan-Türkiyə sərhədini keçmək, beləliklə sərhədin rəsmi açılışını etmək niyyətində imiş. Bu, baş vermədi. Ancaq xüsusilə Sərdar Kılıçın açıqlamaları normallaşma prosesinin sürəti ilə bağlı bizə müəyyən məlumat verdi”.

Nigar Həsənli
Musavat.com

07.05.2026 19:52
1004