İran tərəfi Zəngəzur dəhlizi layihəsi ətrafında ajiotaj üçün əsas görmür.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Onun sözlərinə görə, Tehran İrəvanın layihənin həyata keçirilməsinin detalları ilə bağlı nümayiş etdirdiyi şəffaflıqdan razıdır. Mirzoyan vurğulayıb ki, iranlı tərəfdaşlar Ermənistan tərəfinin ortaya çıxa biləcək istənilən məsələni müzakirə etməyə hazır olduğunu görürlər.
İranın Zəngəzur dəhlizi-TRİPP layihəsinə münasibəti heç də müsbət olmayıb. Bəs, son zamanlar İranın bu layihəyə münasibətində yumşalmanın səbəbləri nədir?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Tehran əvvəllər layihəni öz milli təhlükəsizliyinə və regiondakı geosiyasi mövqeyinə təhdid kimi qiymətləndirirdisə, indi əsas diqqəti layihənin Ermənistanın suverenliyi çərçivəsində həyata keçirilməsinə və İrana yarada biləcəyi iqtisadi imkanlara yönəldir:
“Bunun birinci səbəbi TRİPP-in əvvəlcə İranda təsəvvür edilən “dəhliz” modelindən fərqli formaya salınmasıdır. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami sentyabrda bildirmişdi ki, Tehran TRİPP-in Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsiplərinə uyğun həyata keçirildiyini görür. O, İranın artıq layihənin əvvəlki “Zəngəzur dəhlizi” konsepsiyasının müzakirə olunmadığını düşündüyünü də açıqlamışdı. İkinci mühüm amil ABŞ faktorudur. Tehran üçün əsas risklərdən biri ABŞ-ın Cənubi Qafqazda, xüsusilə İran sərhədlərinə yaxın ərazidə uzunmüddətli iqtisadi və təhlükəsizlik mövcudluğu ehtimalı idi. Lakin Ermənistan tərəfi İranı inandırmağa çalışır ki, TRİPP İran əleyhinə platformaya çevrilməyəcək. Fevralda Şirqulami də Ermənistanın İrana ABŞ və ya başqa dövlətlərin əleyhinə fəaliyyət üçün platforma olmayacağına dair təminat verdiyini bildirmişdi.
Üçüncü amil iqtisadi maraqlardır. İran iqtisadiyyatı ağır durumdadır. Belə vəziyyətdə İrana istənilən nəfəslik hava-su kimi lazımdır: “Bu baxımdan Tehran hesab edir ki, TRİPP layihəsi gətirəcəyi regionda kommunikasiya və tranzit imkanlarının genişlənməsindən faydalana bilər. Ermənistan və İran rəsmiləri son görüşlərdə nəqliyyat, enerji və regional bağlantı layihələrinin iqtisadi imkanlarını müzakirə ediblər. Oktyabrın 5-də Mirzoyan–Əraqçi görüşündə də regional kommunikasiyaların açılmasının faydaları və TRİPP-in yaratdığı yeni imkanlar müzakirə olunub. İranın hesablamasında artıq başqa bir məqam da ön plana çıxır ki, layihəyə qarşı çıxmaq əvəzinə onun yaratdığı regional nəqliyyat və iqtisadi imkanlardan yararlanmaq daha sərfəlidir”.
Professor bununla belə, hesab edir ki, İranın mövqeyində tam dönüş baş verdiyini də söyləmək düzgün olmaz. Tehran hələ də Cənubi Qafqazda geosiyasi status-kvonun kəskin dəyişməsinə qarşıdır və ABŞ-ın regionda hər hansı təhlükəsizlik rolunun genişlənməsinə həssas yanaşır.
Etibar Seyidağa,
Musavat.com