Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin budəfəki qonağı Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədovdur. Millət vəkili İranda baş verən son proseslərlə bağlı suallarımızı cavablandırıb:
- Ceyhun müəllim, İranda rejim etirazları tamamilə yatırmaq potensialını özündə saxlaya bilirmi, yoxsa hadisələr kontroldan çıxıb?
- Əslində ilk dəfə deyil ki, İranda ciddi siyasi hadisələrin və nümayişlərin şahidiyik. Son illərdə isə etiraz aksiyaları daha tez-tez olub. Bu xüsusda Məhsa Əmin hadisəsini qeyd edə bilərik. Amma bu dəfə etirazlar əvvəlkindən fərqlənir. İndiyə qədər hakimiyyət etirazların qarşısını ala bilirdi. Həmçinin, mitinqlər heç də bütün ölkəni əhatə etmirdi deyə hakimiyyət nümayişlərin güc yolu ilə qarşısı almağı bacarırdı. İndi fərqli mənzərədir, bütün cəhdlərə baxmayaraq, etirazların qarşısını tamamilə almaq mümkün olmur. Ancaq nəzərə alaq ki, İranda xeyli təhlükəsizlik qüvvələri var. Sadəcə, ABŞ etirazlara siyasi dəstək verir. Bu səbəbdən, İranda dəyişiklik ehtimalı var. Əgər ABŞ İrana hücum edərsə, orada strateji obyektləri vurarsa, iki mümkün variant görünür: ya xalq dövlətin ətrafında birləşəcək, ya da xalq buna qarşı çıxmayacaq. Hazırda ABŞ üçün İranı vurmaqda tərəddüd də məhz bundan ibarətdir. Ona görə də Birləşmiş Ştatlar proseslərin gedişini gözləməkdədir. Görünən budur ki, ABŞ-nin planında hədəf qısa vaxtda İranda dəyişiklik etməkdir. Bu mənada, İran üçün 2026-nı həlledici il sayıram.
- ABŞ İrana hücum edərsə, bölgə və Azərbaycan üçün hansı nəticələri ola bilər?
- Hazırda İran hakimiyyəti ordudan, silahlı qüvvələrdən əhaliyə qarşı istifadə edir. Etirazlarda iştirak edənlərə atəş açılması belə davam edərsə, böyük ehtimalla Amerikanın İranın obyektlərinə hücumunun şahidi ola bilərik. Çünki etirazlar kəskindir, üstəgəl, ölkədə siyasi və iqtisadi vəziyyət mürəkkəbdir. Nəticə etibarı ilə xalqın qəzəbi artmaqdadır. Bizə gəlincə, İranda baş verənlər əlbəttə ki, narahatedicidir. Çünki İranda baş verənlərin nəticələri ölkəmizə də təsir edəcək. Sadəcə, Liviya, Suriya, İraqda dəyişiklikləri nəzərə alsaq, bu ölkələrin hələ də özünə gəlmədiyini görə bilərik. İran isə bu ölkələrin heç biri deyil. Onun SEPAH, Bəsic kimi təhlükəsizlik qüvvələri, əlində silahlı qruplaşmaları, proksi qüvvələri var.
Yəni belə vəziyyətdə ABŞ bu ölkəni vurarsa, ondan sonra İranın daxilində sabitliyi bərqərar etmək Suriyadan, İraqdan da çətin olacaq. Bu da təbii ki, regiona, ətraf ölkələrə təsir göstərəcək. Biz hazırkı proseslərdə İranda yaşayan digər xalqların fəallığını müşahidə etsək də, azərbaycanlılar daha az hazırlıqlıdır. Bu da narahatlıq doğuran məsələdir. Azərbaycan dövləti prosesləri izləyir və müəyyən dövlətlərlə danışıqlar da getməkdədir. Hesab edirəm ki, İranda demokratik qüvvələr iqtidara gələrsə, Tehranın bizə münasibəti də dəyişəcək. Çünki mövcud sistem ideoloji mahiyyət daşıyır. Eyni zamanda, İranda dəyişikliklərin Türkiyəyə də ciddi təsirləri olacaq. Yaxın Şərqdə İsraildən başqa, Türkiyə və İran kimi güclü dövlətlər var. Beynəlxalq güclər İrandan sonra Türkiyəni zəiflətmək üçün bu dövləti hədəf ala bilər. Bu da bizi narahat etməlidir.
- Azərbaycanlılar demişkən, son günlər güneyli soydaşlarımız arasında sosial mediada video çıxışlar edərək Azərbaycanı İsrailə xidmətdə, onlara isə dəstək verməməkdə günahlandıranlar var. Bu, İran hakimiyyətinin təlimatıdır, yoxsa güneylilər həqiqətən də onların yanında olmadığımızı düşünürlər?
- Güneyli soydaşlarımızın bir hissəsi hesab edir ki, İran onların dövlətidir, Azərbaycan isə İsrailin yanındadır. Amma bütün soydaşlarımız haqda belə demək mümkün deyil. Onlar istisna şəxslərdir, iqtidara yaxın qüvvələrdir, amma soydaşlarımız həmişə bizi dəstəkləyir. Sadəcə, gördüyümüz aparılan propoqandanın nəticəsidir. Hazırkı məqamda İranın taleyi həll olunur və azərbaycanlılar artıq öz mövqeyini ortaya qoymalıdırlar ki, prosesdən sonra geri qalmasınlar...
Emil Salamoğlu
Musavat.com