"İranı məhv etmək dünyaya sülh gətirərdi" - Tramp

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında "İranı məhv etmək" barədə etdiyi çıxışı “Taym” jurnalına verdiyi müsahibədə şərh edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Trampın sözlərinə görə, bu ölkə mövcud olduğu müddətcə "sülh olmayacaq".

Trampdan özünü "sülh prezidenti" adlandıran bir şəxsin necə bütün bir ölkənin məhv edilməsinə çağıra biləcəyi soruşulub.

"Çünki İranı məhv etməklə bütün dünyada sülhə nail olardıq. Düşünmürəm ki, İranla sülh bağlamaq mümkün olsun", - deyə o cavab verib.

Donald Tramp əlavə edib ki, İrana qarşı əməliyyat onun təşəbbüsü ilə uzadılıb.

"Sadəcə daha da irəli getmək istədiyim üçün. Mən onları məhv etdim. Mən bu mərhələdə dayana bilərdim, amma irəliləmək istəyirdim. Mənə bunlar lazım deyildi - mən bunu vaxtında etdim", - deyə Amerika prezidenti bildirib. Onun sözlərinə görə, İran iqtisadiyyatı, donanması və hərbi aviasiyası məhv edilib və inflyasiya "300 faiz" təşkil edir.

ABŞ prezidenti əlavə edib ki, İranın sülh yolu ilə həll təklifini rədd edib, çünki onun bəzi aspektləri "kifayət qədər yaxşı deyildi".

Axios-un məlumatına görə, görüşdə Qətərin təklif etdiyi kompromis - Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində Amerika dəniz blokadasının qaldırılması müzakirə olunub.

Musavat.com

01.10.2026 18:30
742