İranda tanınmış din xadimi prezidentliyə namizədlərin qeydə alınmasında ayrı-seçkilyi tənqid edib

Qadınların və İslam dininin başqa təriqətlərindən olan İran vətəndaşlarının prezidentliyə namizədliklərinin qeydə alınmaması ölkə konstitusiyasının 115-ci maddəsinin pozulmasıdır.

“Repor” “Radiofərda”ya istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi, tanınmış din xadimi Mövləvi Əbdül Həmid bildirib.

Onun sözlərinə görə, bu qadağa İslam şəriətinə və beynəlxalq qaydalara uyğun gəlmir: “45 ildir başqa təriqətdən olan İran vətəndaşları bu siyasi kampaniyada namizədliklərini göstərə bilmir”.

İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, “Prezident aşağıdakı meyarlara cavab verən dini və siyasi liderlər arasından seçilir: İranəsilli, iranlı, idarəçi və bacarıqlı, yaxşı reputasiyalı, etibarlı və dindar, imanlı və İran İslam Respublikasının əsasları və ölkənin rəsmi dininə inanan".

Konstitusiyanın 112-ci maddəsində göstərilib: “İranda rəsmi din İslam və On iki imamlı, Cəfəri (şiə) təriqətidir”.

Xatırladaq ki, İranda prezidentliyə namizədliyə 80 iddiaçı qeydə alınmışdı. Onlardan 12-si qadın idi. İyunun 9-da altı nəfərin namizədliyi elan edilib. Prezident seçkisi iyunun 28-də keçiriləcək.

15.06.2024 13:00
428