İsrail savaşı dayandırsa, hətta “bacarmadım” desə, “xəncərinin qaşı düşməyəcək”; bəs, xarizması zədələnən ABŞ prezidentinə İsa Məsih bənzətməsi nəyi dəyişəcək, savaşda möcüzə yarada biləcəkmi?
“ABŞ İsfahana yüzlərlə və ya minlərlə desant atır. İsfahanda basdırılmış nüvə materialı saxlanılan yerə çatmaq üçün ekskavatordan istifadə edilir, beton və qurğuşun örtüyü, eləcə də digər qoruyucu örtük deşilir, təxminən bir metr hündürlükdə olan möhürlənmiş akvalanq tipli silindrlərdə saxlanılan uran beləcə ələ keçirilir...” Beynəlxalq Atom Enerjisi Agentliyinin iddiasına görə, İranm əldə etdiyi zənginləşdirilmiş uran ehtiyatı məhz İsfahanda saxlayır.

Son 24 saatda dünya İrana qarşı təsvir edilən quru əməliyyat planından danışır. Dünyanın müzakirə etdiyi ABŞ-nin bu planı əslində virtual oyun, süni intellktlə hazırlanmış filmə daha çox bənzəyir. Deyilinə görə, bu, hərb tarixində hələ görünməmiş və mümkünsüz əməliyyat planıdır.
Bu əməliyyat haqda yazan nəşrlər, tutaq ki, “ Washington Post” Trampa qərəzli ola bilər, amma ABŞ prezidentinin quru əməliyyatına hazırlaşa biləcəyi şübhəsini onun amerikalıları “Fox News” aparıcısı Mark Levinin proqramını izləməyə çağırması artırıb. Həmin proqramda isə Levin bildirib ki, ABŞ uran ehtiyatlarını ələ keçirmək üçün İrana quru qüvvələri yeritməlidir.
İsrail bu əməliyyatda öz istəyinə qismən çatıb, o savaşı dayandırsa, hətta “yoruldum, bacarmadım” desə də, bu dövlətin “xəncərinin qaşı düşməyəcək”. Amma Amerika İsrailə nə qədər bağlı dövlət olsa da, özünü hamıdan qüdrətli sayır. İndi də “şirin quyruğunu qoparım” deyərkən, bir ay keçməsinə baxmayaraq, əsas məqsədlərinə nail olmayıb. İran Hörmüz boğazını bağlı saxlayır, onun himayəsi altında Fars körfəzi ölkələri ciddi zərə çəkir, Amerikanın xüsusilə ərəb dünyasında xarizması əzilib. İranın şəhərlərinin havadan bombardmanlar isə effektli deyil, ona görə quru əməliyyatla nəyəsə nail olmaq istəyi anlaşılandı. Fransa, Almaniya və İtaliyanın birlikdə ərazinə bərabər, həm də əksəriyyəti dağlıq bölgə olan İranı quru əməliyyatla necə ram etmək olar, bunu ABŞ ordusu göstərə bilər. ABŞ ehtiyatda olan əsgərlərin genişmiqyaslı səfərbərliyə cəlb edə biləcəyini anons edib. ABŞ Dəniz Piyadalarının ehtiyat qüvvələri komandiri rezerverlərə göndərilən rəsmi məktubda “hazırlığınızı yoxlayın, ailələrinizi hazırlayın, bu, təlim deyil” yazıb.

Amerika quru qüvvələrinin hazırda sayı təxminən 550 min nəfərdir. Lakin hərbi ekspertlər deyir ki, bu ABŞ quru qoşunlarının 550 min əsgəri olduğu anlamına gəlmir. Bu, dəlləyindən tutmuş aşpazına qədər olan ümumi saydır, ona görə, təxminən 120-150 min döyüşən əsgər deməkdir. İranda bu sayın 1 milyon olduğu deyilir, həm də neçə vaxtdır amerikalı əsgərlərə cəhənnəm vəd edən videolar paylaşırlar. 1 aylıq müharibə göstərdi ki, İran dövlətinin necə deyərlər, “dili olduğu kimi dilçəyi də varmış.” Quru əməliyyatı savaşın ən qanlı formasıdır,nələr ola bilər, təsəvvür etmək çətindir.
Sorğular göstərir ki, amerikalıların əksəriyyəti müharibəyə, xüsusən də İrana quru qoşunlarının yerildilməsinə qarşıdır. Müdafiə naziri Pit Heqset isə ictimai rəylə hesablaşmadıqlarına işarə edib. O da deyib ki, Tramp illər ərzində dəfələrlə İranın nüvə bombasına sahib ola bilməyəcəyini deyib və olmayacaq da...
Nəhayət, İran prezidenti Məsud Pezeşkianın amerikalılara iki gün əvvəlki müraciəti də diqqətə layiqdir. İran prezidenti ölkəsinin ABŞ-da yaşayan xalqlara qarşı heç bir düşmənçilik bəsləmədiklərini deyib. Pezeşkian əvvəlki açıqlamalarında ABŞ-ı İsrailin kuklası adlandırmış, Təl-Əvivin İranla "son Amerika əsgərinə qədər" döyüşəcəyini proqnozlaşdırmışdı.

“Time” jurnalı da aprel sayının üz qabığında Trampın şəklini əlində İran xəritəsi və "Çıxış haradadır?" başlığı ilə dərc edib. Məqalənin müəllifləri qeyd edirlər ki, İranla müharibə Trampı çətin bir seçimlə üzləşməyə məcbur edir: münaqişədən çıxış yolu tapmaq və siyasi gələcəyini xilas etmək...
Təəssüf ki, indi dünyanın xilasını ağıllı liderlər müəyyən etmir. Təsəvvür edin ki, dünyanın “mərkəzi qərargahı” hesab olunan Ağ Evdə dünənki Pasxa yeməyində Trampın sınaqları(həbsi, sui-qəsd və s.) İsa Məsihin əzablarına bənzədilib, onun yenidən Ağ Evə prezident kimi qayıtması peyğəmbərin dirilməsi ilə müqayisə edilib, o da bu sözləri böyük məmnuniyyətlə qarşılayıb.
Xatırlayıram ki, hələ ötən prezidentlik kampaniyasında çıxışlarının birində Tramp demişdi ki, populyarlıq baxımından ancaq İsa Məsihdən geridədir. İndi belə görünür ki, Tramp İsa Məsihin çarmıxdakı yerini tutmağa da iddialıdır...
Nazim SABİROĞLU,
Musavat.com