İran səfirliyində gizli sövdələşmə: Şeyx Əbdüldən nə tələb olundu? – Qalmaqallı müsahibə

İranda artıq iki həftədən çoxdur ki, davam edən etirazlar və ölkə daxilində baş verən proseslər Azərbaycanda da böyük narahatlıq və həssaslıqla izlənilir. Bunun əsas səbəbi ondan ibarətdir ki, 40 milyondan artıq azərbaycanlı Arazın o tayında – İranda yaşayır və onların taleyi, üzləşdiyi təzyiqlər, təhlükələr Arazın bu tayındakı azərbaycanlıları da təbii olaraq dərindən düşündürür, ciddi narahat edir.

Məhz bu proseslərin fonunda sosial şəbəkələrdə yenidən, hələ Sovet dövründə – daha dəqiq desək, 1989-cu ildə Xalq artisti Şeyx Əbdül Mahmudovun çəkdiyi “Doğma sahillər” filmindən bir epizod gündəmə gəlib. Filmin həmin səhnəsində İran generalı obrazını canlandıran Nüsrət Kəsəmənli Araz çayı üzərində, o tayı bu tayla birləşdirən körpünün üstündə azərbaycanlı general ilə üz-üzə gəlir və istehzalı, hədə dolu bir tərzdə deyir: “O ki qaldı o tay-bu tay söhbətinə, bilirik qarnınızın ağrısını. Xam xəyaldır bu arzunuz. Həsrətində olduğunuz bu körpülər çoxdan uçurulub”.

Azərbaycanlı general obrazını canlandıran Rasim Balayev isə xalq müdrikliyindən süzülüb gələn məşhur cavabı verir: “Bağışlayın, cənab general, su gələn arxa bir də gələr”.

Musavat.com-un əməkdaşı mövzu ətrafında filmin quruluşçu rejissoru Şeyx Əbdül Mahmudovla söhbətləşib. Müsahibəni təqdim edirik:

-Sovet dövründə bu cür epizodu çəkmək sizə nəyin bahasına başa gəldi?

-Öncə onu demək istəyirəm ki, hər bir rejimin, hər bir diktatorun mütləq sonu olur. Sonsuz olan yalnız Allahdır və bu dünyadır. Tarix göstərib ki, zor, təzyiq və istismar üzərində qurulan heç bir sistem əbədi yaşaya bilməz. Bu gün Güney Azərbaycanda 40–50 milyon soydaşımız yaşayır. Onlar öz ana dillərində danışmalı, öz adət-ənənələrini yaşatmalı, milli kimliklərinə uyğun şəkildə yaşamalıdırlar. Bu, ən təbii və bəşəri bir haqdır. Amma təəssüf ki, İran kimi böyük və köklü bir dövlət zaman-zaman, demək olar ki, hər dövrdə azərbaycanlılara qarşı sistemli təzyiqlər göstərib. Güney Azərbaycan – başda Təbriz olmaqla Urmiya, Ərdəbil və digər bölgələr – əslində etnik, mədəni və tarixi baxımdan daha çox azərbaycanlı məkanıdır, nəinki Quzey Azərbaycan. Bizim əsas dövlətçilik bazamız, xalqımızın demək olar ki, 80 faizi məhz Güney Azərbaycandadır.

Tarixə baxsaq görərik ki, Güney Azərbaycanda baş verən bütün böyük inqilabların, üsyanların və hərəkatların əsas aparıcı qüvvəsi həmişə azərbaycanlılar olub. Səttarxan–Bağırxan hərəkatını misal göstərmək kifayətdir. Bu gün isə şahın oğlu yenidən hakimiyyətə gəlmək istəyir. Doğrudur, onun anası Fərəh xanım azərbaycanlıdır, lakin bütün hallarda şah ailəsi həmişə fars ideologiyasını yürüdüb və azərbaycanlılara etimad göstərməyib, onları daim kənarda saxlayıb. Məhz bu səbəbdən İranın əsas dayağı və əsas qüvvəsi olan azərbaycanlılar şahın oğlunun hakimiyyətə qayıdışını qətiyyən istəmirlər.

Üstəlik, hazırda prezidentin də azərbaycanlı olması fonunda müəyyən mübahisəli, ziddiyyətli məqamlar ortaya çıxır. Amma mən hesab edirəm ki, inqilab artıq alovlanıb, bu alov Təbrizə gəlib çatıb. Tarix göstərir ki, Təbrizə çatan inqilab mütləq baş tutur və gec-tez uğurlu nəticə ilə sonlanır. Biz də məhz bunu gözləyirik.

O ki qaldı “Doğma sahillər” filminə, filmin əsas süjeti sərhədçilərin sərhədi pozmağa çalışan qüvvələrlə mübarizəsi üzərində qurulmuşdu. Paralel olaraq Güney Azərbaycan məsələsinə, ikiyə bölünmüş xalqımızın taleyinə, orada yaşayan millətimizin dərdlərinə toxunmağa çalışdım.

Əslində Sovet dövründə çox şeyi etmək mümkün idi. Amma bizə ən böyük maneə sovet hakimiyyətinin özü yox, içimizdə olan satqınlar idi. “Xidmət əhli” deyilən bir təbəqə vardı ki, sən bir addım atmaq istəyən kimi dərhal Moskvaya donos yazırdı. “Doğma sahillər” filminin bədii ssenarisini Moskvaya təqdim edəndə Güney Azərbaycanla bağlı iki epizodu bilərəkdən ssenaridən çıxarmışdım. Düşünürdüm ki, ssenari təsdiqlənsin, sonra Bakıya qayıdıb filmi çəkəndə həmin epizodları əlavə edərəm.

Amma ssenarini təqdim etdiyim günün axşamı Moskvadan mənə zəng gəldi və dedilər ki, təcili gəlim. Məlum oldu ki, kinostudiyadan bir nəfər – indi artıq dünyasını dəyişib – bu məsələni dərhal Kremlə çatdırıb. Halbuki bu məlumatı cəmi üç nəfər bilirdi: mən, ssenari müəllifi və kinostudiyanın direktoru. Amma o şəxs xəbəri alan kimi birbaşa Kremlə ötürmüşdü.

Moskvada mənə açıq şəkildə dedilər ki, biz bilirik sən ssenaridən iki epizodu çıxarmısan və çəkiliş zamanı onları yenidən filmə salmaq fikrindəsən. Dedilər ki, bunu etmə, onsuz da film hazır olanda biz ona baxacağıq. Mən isə dedim ki, belə bir fikrim yoxdur. Amma Bakıya qayıdan kimi çəkilişlərə başladıq və filmin bütün səhnələri İran–Azərbaycan sərhədində lentə alındı. Elə kadrlar var ki, arxa planda birbaşa İran ərazisi görünür.

Beləliklə, filmi çəkdik. Amma bunun əvəzində mənə qarşı ciddi təzyiqlər başladı. Ramiz Mehdiyevlər, Azər Şərifovlar var idi – ssenarilərimi əlimdən alıb başqa adamlara verdilər. İki ssenarim də əlimdən alındı, üstəlik 6–7 il məni işsiz qoydular.

-Hazırda Güney Azərbaycan mövzusunda film çəkə bilərikmi?

-Mən çəkirdim də, qoymadılar. Hamı çox yaxşı bilir ki, “Şah İsmayıl Xətai” filmini ulu öndərimiz Heydər Əliyevin xüsusi tapşırığı ilə çəkirdim. Bu filmlə mən öz tariximizi, dövlətçilik ənənələrimizi, milli kimliyimizi dünyaya çatdırmaq istəyirdim. Artıq istehsalata başlamışdıq, iş gedirdi, kostyumlar sifariş olunmuşdu, çəkiliş məkanları – obyektlər seçilmişdi. Yəni proses real və ciddi mərhələyə qədəm qoymuşdu.

Lakin ulu öndər Heydər Əliyev dünyasını dəyişəndən sonra bu günə qədər mənə də tam bəlli olmayan, izahı çox çətin olan səbəblərdən filmin çəkilişləri dayandırıldı. Hələ də bu qərarın arxasında hansı motivlərin dayandığı aydın deyil və bu, doğrudan da çox qəribədir. Mən həmin dövrdə bu barədə açıq müsahibə verdim və dedim ki, artıq “Şah İsmayıl Xətai” filmi dayandırılıb. Kinostudiyadan, çəkiliş qrupundan üzr istədim, çünki bu, təkcə mənim yox, böyük bir yaradıcı kollektivin işi idi.

Müsahibəmdən cəmi iki gün sonra məni İran səfirliyinə dəvət etdilər. Getdim, səfirlə görüşdüm. Onun yanında bir nəfər də var idi. Dedilər ki, “ağayi Şeyx, sizinlə çox ciddi bir söhbətimiz var”. Bildirdilər ki, uzun müddətdir “Şah İsmayıl Xətai” filmi ilə bağlı prosesi diqqətlə müşahidə edirdik, indi isə eşitmişik ki, filmin çəkilişləri dayandırılıb. Ardınca dedilər ki, İran dövlətinin sizə rəsmi səviyyədə bir təklifi var. Səfir açıq şəkildə dedi ki, İran hökuməti istəyir bu filmi istəsən İranda, istəsən Azərbaycanda, istəsən də dünyanın harasında arzu edirsənsə, orada çəkəsən. Filmin bütün xərcləri artıqlaması ilə ödəniləcək, hər cür texniki, maddi və təşkilati dəstək veriləcək. Mən açığı, bu təklif qarşısında məəttəl qaldım. Elə bil bir anlıq yuxudan ayıldım. Öz-özümə düşündüm ki, görəsən, bunun arxasında nə dayanır?

Soruşdum ki, ağa, xeyir ola, nə yaxşı bizə qarşı belə bir səxavət göstərirsiniz? Səfir gülümsədi və dedi ki, cəmi bir xahişimiz var. Dedim, buyurun, nə xahişdir? Onlar bir-birinin üzünə baxdılar, qısa bir pauza verdilər və sonda dedilər ki, istəyirik film elə təqdim olunsun ki, Şah İsmayıl Xətai fars hökmdarı kimi göstərilsin.

Bu sözlər mənə o qədər ağır və sarsıdıcı təsir etdi ki, özümü saxlaya bilmədim. Fars dilində bildiyim yeganə söyüşü işlətdim. Onlar da çox pərt oldular. Açıq şəkildə dedim ki, siz ünvanı da, adamı da səhv salmısınız. İran hökuməti yox, onun yeddi arxa dönəni belə bu istəyi yuxusunda görə bilməz. Güney Azərbaycan Azərbaycan torpağıdır, Şah İsmayıl Xətai isə Azərbaycan sərkərdəsidir, Azərbaycan dövlətçiliyinin və milli kimliyinin simvoludur.

Ertəsi səhər “KQB”-dən mənə zəng etdilər, çağırdılar görüşə. Dedilər ki, sən səfirlikdə özünü yaxşı aparmamısan, nalayiq sözlər işlətmisən. Mən də cavab verdim ki, əcəb etmişəm, istəyirsinizsə, gəlin tutun. Axı söhbət burada məndən getmir. Söhbət ulu öndərin mənə verdiyi tapşırıqdan, bir xalqın tarixindən, şərəfindən və kimliyindən gedir.

Mən bu gün də ümid edirəm ki, yarımçıq qalmış “Şah İsmayıl Xətai” filmi nə vaxtsa yenidən gündəmə gələcək, yenidən çəkiləcək və Azərbaycan tarixinin bu möhtəşəm səhifəsi layiq olduğu şəkildə ekrana daşınacaq”.

 

Xalidə Gəray
Musavat.com

14.01.2026 14:38
1424