İran Çinin yolunu getmək istəyir: Nəticəsi necə olacaq?

İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin Rusiya ilə ticarət əməliyyatlarında ofşor rialdan istifadəyə tezliklə başlanılacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Fərzin qeyd edib edib ki, İran Mərkəzi Bankı “ölkə bankları və texnologiya şirkətləri ilə əməkdaşlıqda elektron bankçılığı inkişaf etdirməyə sadiqdir və bu alətlərdən istifadə üzrə beynəlxalq maliyyə əməkdaşlığı qurmağa ümid edir”.

Rəsmi onu da bildirib ki, İran iyunun 23-dən etibarən dövriyyəyə daha bir maliyyə aləti - rəqəmsal rial təqdim edəcək. Bu mərhələdə o, ölkənin əsas çimərlik kurortu olan Kiş adasındakı azad ticarət zonasında istifadə olunacaq. İndiyədək layihədə yalnız iki İran bankı iştirak edir - Mellat və Tejarat.

Mayın 13-də İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi qeyd edib ki, ofşor rialdan istifadə məsələsi üç ölkə ilə müzakirə olunur: Rusiya, Əfqanıstan və İraq. Onun hesablamalarına görə, “Rusiyaya gəldikdə, iş demək olar ki, başa çatıb, layihə tezliklə həyata keçiriləcək”.

2023-cü ilin dekabrında İran Mərkəzi Bankının rəhbəri qonşu ölkələrlə ticarətdə istifadə etmək üçün ofşor rial yaratmaq planlarını açıqlayıb. Bu valyuta növü qarşılıqlı hesablaşmalarda avro və dollardan istifadə səviyyəsinin azaldılması və milli valyutanın möhkəmlənməsi məqsədilə digər ölkələrlə ticarət əməliyyatlarının aparılması üçün nəzərdə tutulub. 2010-cu ildən bəri Çin xaricdə hesablaşmalar üçün ofşor renminbidən (CNH kotirovkası) istifadə edir, çünki yerli valyuta (CNY kotirovkası) sərbəst konvertasiya olunmur.

Musavat.com

23.06.2024 19:31
1001