Yaxın Şərqdə davam edən müharibə fonunda İranın nəqliyyat və logistika imkanları ilə bağlı risklər artır. Ölkənin bəzi yolları və limanlarının zədələnməsi, eyni zamanda Hörmüz boğazından keçən marşrut üzrə yaranan məhdudiyyətlər Tehranı alternativ quru yollarına daha çox ehtiyac duyulan vəziyyətə gətirib. Bu baxımdan Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının və Bakı–Tehran arasında həyata keçirilən birgə layihələrin əhəmiyyəti daha da artır. Azərbaycan və İran arasında nəqliyyat və enerji sahəsində bir sıra mühüm layihələr həyata keçirilir. Ağbənd–Kəlalə körpüsü, Ağbənd istiqamətində dəmir yolu bağlantısı, Astara yük terminalı, qaz və elektrik sahəsində əməkdaşlıq, eləcə də "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə layihələr iki ölkənin iqtisadi əlaqələrində xüsusi yer tutur.

Hazırda Azərbaycan və İran rəsmiləri Ağbənd istiqamətində dəmir yolunun və Astara yük terminalının tamamlanması məsələsini də müzakirə edirlər. Xüsusilə “Şimal–Cənub” dəhlizi İran üçün Avropa və Rusiya istiqamətində alternativ çıxış imkanları yaradır. Müharibə şəraitində dəniz marşrutlarına və xüsusilə Hörmüz boğazına çıxışla bağlı risklərin artması isə Azərbaycan üzərindən keçən quru nəqliyyat xəttini Tehran üçün daha strateji əhəmiyyətli edə bilər. Bu vəziyyət eyni zamanda Bakı–Tehran arasında nəqliyyat və enerji layihələrinin sürətləndirilməsi məsələsini də gündəmə gətirir.
Bəs İranın Azərbaycan üzərindən keçən marşruta ehtiyacı nə qədər artıb? Ağbənd və Astara layihələrinin tamamlanması iki ölkənin ticarət və tranzit imkanlarını necə dəyişəcək? Azərbaycan İran üçün sadəcə alternativ yol, yoxsa regiona açılan strateji tranzit qapısına çevrilə bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçı bildirib ki, mövcud geosiyasi şəraitdə İran üçün Azərbaycanın əhəmiyyəti son dərəcə artıb:
"Hazırkı şəraitdə İran üçün Azərbaycanın əhəmiyyəti son dərəcə artıb. Çünki geosiyasi vəziyyət elə bir mərhələyə çatıb ki, İranın dəniz marşrutları, xüsusilə də Hörmüz boğazı ilə bağlı risklər o qədər çoxdur ki, ölkənin quru nəqliyyatına böyük ehtiyacı yaranıb. Azərbaycan İranla quru sərhədi olan, logistik imkanları və dəhliz infrastrukturu ən yüksək səviyyədə təmin edilmiş ölkələrdən biridir. Bu baxımdan İranın Azərbaycan istiqamətində ixrac və idxal həyata keçirməsi daha təhlükəsiz və dayanıqlı görünür".
Eldəniz Əmirov Ağbənd–Kəlalə körpüsü, dəmir yolu bağlantısı və Astara yük terminalının tamamlanmasının iki ölkə arasında logistikanın əhəmiyyətini daha da artıracağını deyib:
"Ağbənd–Kəlalə körpüsünə gəldikdə, bu körpü ilə paralel olaraq dəmir yollarının bağlantısının yaradılması və Astara yük terminalının tamamlanması iki ölkə arasındakı sərhəddə logistikanın əhəmiyyətinin nə qədər artdığını göstərir. Düşünmürəm ki, burada söhbət yalnız iki ölkə arasında ticarətə xidmət edəcək infrastrukturlardan gedir. Bu infrastruktur eyni zamanda İranın ixrac və idxal imkanlarına da xidmət etmiş olacaq. Çünki İranın Rusiyaya, o cümlədən Avropa istiqamətinə tranzit imkanları hazırda o qədər də əlverişli deyil. Belə bir vəziyyətdə Azərbaycan istiqaməti bu imkanları genişləndirir".
İqtisadçı "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərinə də toxunub:
"Şimal–Cənub dəhlizinə gəldikdə, bilirsiniz ki, hazırkı vəziyyətdə bu dəhlizin əsas təşəbbüskarları olan İran və Rusiyanın hər ikisində müharibə şəraiti var. Belə bir şəraitdə Şimal–Cənub dəhlizinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya və Avropa bazarlarına çıxışı nəzəri cəhətdən mümkündür. Lakin dəhlizin infrastrukturu həm Rusiya, həm də İran istiqamətində böyük risklər daşıyır. İranda, xüsusilə limanlarda baş verən davamlı partlayışlar riskləri artırır və logistika şirkətlərini bu istiqamətdən çəkindirir. Rusiyadakı mövcud vəziyyət də eyni şəkildə əlavə risklər yaradır. Məntiq onu göstərir ki, Şimal–Cənub dəhlizinin öz potensialının heç olmasa 60–70 faizindən istifadə edə bilməsi üçün bu ölkələrdə, yəni İran və Rusiyada mövcud münaqişələr sona çatmalıdır. Nə qədər ki, bu münaqişələr davam edir, Şimal–Cənub dəhlizində risklər böyük olaraq qalacaq. Risklərin yüksək olması isə sığorta xərclərini artırır və logistika şirkətlərini bu marşrutdan uzaqlaşdırır. Bu səbəbdən düşünürəm ki, hazırkı şəraitdə Şimal–Cənub dəhlizindən daha çox Cənub–Qərb dəhlizi İran üçün effektiv ola bilər. Bunun üçün yüklərin İrandan Azərbaycana, Azərbaycandan isə Gürcüstan və ya Zəngəzur dəhlizi açıldıqdan sonra həmin marşrut vasitəsilə Qərbə istiqamətləndirilməsi mümkündür. Bu, Şimal–Cənub dəhlizi deyil, trayektoriya və marşrut baxımından Cənub–Qərb dəhlizi adlanır".
Xalidə Gəray
Musavat.com