Proqramçılar App Store-da apardıqları araşdırma zamanı 198 tətbiqin istifadəçi məlumatlarını qorunmasız şəkildə saxladığını müəyyən ediblər. Bu tətbiqlər arasında çat yazışmaları, şəxsi məlumatlar və istifadəçi tarixçəsi də yer alır.
Musavat.com xəbər verir ki, aşkar edilən təhlükəli tətbiqlərin böyük əksəriyyəti süni intellekt əsaslı xidmətlərdir — çat-botlar, virtual köməkçilər və kontent yaradan proqramlar.
Mütəxəssislərin hesabatına görə, ən riskli tətbiq kimi Chat & Ask AI seçilib. Bildirilir ki, məlumat sızıntılarının əsas səbəbi səhv tənzimlənmiş məlumat bazaları və bulud yaddaş sistemləridir. Bu texniki boşluqlar nəticəsində istifadəçilərin məlumat strukturu, hətta dəqiq qeyd sayı belə açıq şəkildə internetə çıxır.
Araşdırma göstərir ki, təhlükə yalnız İİ tətbiqləri ilə məhdudlaşmır. Aşağıdakı kateqoriyalarda olan proqramlarda da ciddi təhlükəsizlik problemləri aşkarlanıb:
təhsil
əyləncə
qrafika və dizayn
sağlamlıq və fitnes
həyat tərzi
sosial şəbəkələr
Problem iPhone və ya iOS sistemində deyil, təhlükəsizlik qaydalarına əməl etməyən tətbiq istehsalçılarındadır. Onların sözlərinə görə, istifadəçilər üçün əsas risk — fərqinə varmadan şəxsi məlumatların üçüncü tərəflərin əlinə keçməsidir.
Bu sahə üzrə mütəxəssislər iPhone sahiblərinə naməlum İİ tətbiqlərindən istifadə etməməyi, tətbiqlərə verilən icazələri mütəmadi yoxlamağı və şəxsi məlumatlarla işləyən proqramlarda yazışma tarixçəsini tez-tez silməyi tövsiyə edirlər.
Musavat.com