Oxu.Az-ın yaydığı məlumata görə, “Apple”ın yeni “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərindən istifadə edən bəzi şəxslər qeyri-adi texniki problemlə üzləşiblər.
Musavat.com-un xəbərinə əsasən, bildirilir ki, telefon enerji yığımı (şarj) zamanı, ekran açıq olduqda, dinamiklərdən zəif xışıltıya bənzər səs eşidilə bilər.
İstifadəçilərin sözlərinə görə, bu hal yalnız cihaz şarj qurğusuna qoşulduqda yaranır – istər kabel vasitəsilə, istərsə də “MagSafe” simsiz enerji yığımı zamanı. Şarj dayandırıldıqda isə səs də avtomatik olaraq yox olur.
Bəzi istifadəçilər problemi aradan qaldırmaq üçün cihazlarını zəmanət çərçivəsində dəyişdiriblər, lakin eyni nasazlığın bəzən yeni verilmiş telefonlarda da təkrarlandığı qeyd olunur. Bu da problemin fərdi deyil, daha geniş miqyaslı ola biləcəyini göstərir.
Məlumata görə, “Apple” mütəxəssisləri artıq vəziyyətdən xəbərdardır və məsələni araşdırmaq üçün şirkətin mühəndislərinə ötürüblər. Əgər problemin səbəbi proqram təminatı ilə – məsələn, enerji idarəetməsi və ya audio drayverlərlə bağlıdırsa, nasazlığın gələcək iOS yenilənməsi ilə aradan qaldırılması mümkündür. Əks halda, problem aparat hissəsi ilə əlaqəli olarsa, “Apple”ın istifadəçilərə pulsuz təmir və ya cihazın dəyişdirilməsi təklif edəcəyi gözlənilir.
Hazırda şirkət tərəfindən rəsmi açıqlama verilməsə də, məsələ texnologiya ictimaiyyətində ciddi müzakirə mövzusuna çevrilib.
Musavat.com