İnterneti ABŞ-dən əvvəl kəşf edən general - onu mükafatlandırmaq yerinə cəzalandırıblar

İnternet rəsmi olaraq ilk dəfə Amerikada “ARPANET” adı ilə 1969-cu ildə meydana çıxıb. Lakin 10 il əvvəl sovet alimi Anatoli Kitov ümumdünya şəbəkəsi üçün bir model təklif edib və bu barədə məlumatı SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşova göndərib. Lakin o, nəinki dəstəklənməyib, partiyadan xaric edilib və tutduğu vəzifədən uzaqlaşdırılıb.

Anatoli Kitov 1920-ci ildə Samarada anadan olub. Növbəti il ailə Daşkəndə köçüb və Anatoli orada məktəbə gedib, 1939-cu ildə qızıl medalla məzun olub. Yerli dövlət universitetinə daxil olsa da, üç aydan sonra ordu sıralarına çağırılıb. Gəncin istedadını görən marşal Kliment Voroşilov onu Leninqraddakı artilleriya məktəbinə oxumağa göndərib. 1941-ci ilin iyul ayında müharibənin başlaması ilə əlaqədar olaraq erkən məzun elan edilib. Kitov tağım komandiri təyin edilərək cəbhəyə göndərilib.

fe788693-ad23-4b62-a0b6-2c2d38d6da59.jpeg (255 KB)

1942-ci ilin yayında Belaya Kalitva şəhəri yaxınlığındakı çayın üstündən keçən dəmiryol körpüsünü müdafiə edərkən ağır yaralanıb. 1943-cü ildə düşmən təyyarələrinə qarşı zenit atəşi aparmaq üçün yeni bir üsul təklif edib. Qafqazın müdafiəsində (ikinci dəfə yaralanıb), Kerç desant qüvvələrinin tərkibində Krımın azad edilməsində, Ukrayna və Polşaya hücumda iştirak edib. Müharibəni 1945-ci ilin mayında Almaniyada başa vurub.

Amma döyüşərkən belə o, boş vaxtlarında riyaziyyat öyrənməyə davam edib. Müharibədən dərhal sonra Artilleriya Mühəndisliyi Akademiyasına daxil olub, imtahan nəticələrinə əsasən dərhal ikinci kursa götürülüb. 1951-ci ildə Kitov Vinerin ingilis dilində yazdığı “Kibernetika” kitabını oxuyub. SSRİ-də bu sahə tanınmasa da, o, bu sahəyə heyran qalıb və kibernetikanın əsasları haqqında yazdığı məqalə 1955-ci ildə fəlsəfə jurnalında dərc olunub.

b80896a0-7a7a-412e-a66b-2a9e71aa4ec3.jpeg (85 KB)

Lakin daha əvvəl, 1952-ci ildə Anatoli İvanoviç xarici ballistik məsələlərin proqramlaşdırılması üzrə dissertasiya müdafiə edib. İki il sonra Kitovun rəhbərlik etdiyi müdafiə nazirinin hesablama mərkəzi yaradılıb və oraya ölkənin ən nüfuzlu universitetlərindən yaxşı mütəxəssisləri cəlb edib.
1959-cu ildə Kitov ölkənin bütün kompüterlərini bir şəbəkəyə birləşdirərək vahid məlumat mərkəzləri sistemi yaratmağı təklif edib. Bu, bütün ölkə iqtisadiyyatının idarə olunmasına imkan verəcəkdi. General 7 yanvar 1959-cu ildə bu ideya ilə ilk məktubunu Xruşova göndərib və məktuba elektron kompüterlər haqqında broşüru də əlavə edib.

Onun təklifini nəzərdən keçirmək üçün xüsusi komissiya yaradılıb və həmin şəxslər təklifi təsdiqləyiblər. 1959-cu ilin may ayında hökumət sənaye istehsalını avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş vahid şəbəkə üçün kompüterin yaradılması haqqında fərman verib. Amma sonra hökumət bu istiqamətdə heç bir tədbir görməyib. Çünki vahid idarəetmə yüksək vəzifəli şəxslərin işlərinə maneçilik törədə bilərdi.
Sonra Kitov ölkə rəhbərinə başqa bir məktub göndərib. Onun ideyası hesablama mexanizmlərinin hər müəssisədə deyil, tək bir sistemdə yerləşməsi olub. Özü də, mərkəzlərə nəzarətin hərbçilərin əlində olmasını təklif edib. Növbəti məktub bəzi rəhbərləri artıq qıcıqlandırıb. Odur ki, ikinci müraciət hökumət tərəfindən mənfi reaksiyalarla qarşılaşıb. Görünür, alimin təklifini qiymətləndirmək üçün kifayət qədər bilikləri də olmayıb. Onun nəinki ideyası rədd edilib, həm də təşəbbüskar partiyadan xaric edilib və general rütbəsindən məhrum edilib.

8d280aa8-8f01-42d7-8759-ab235952430c.jpeg (78 KB)

Anatoli İvanoviç bu cür anlaşılmazlıqla qarşılaşmasına baxmayaraq, təslim olmayıb. 1970-ci ildə səhiyyə üçün kompüter sistemləri yaratmağa başlayıb. O, ideyalarını tibb sahəsində tətbiq etmək və kibernetikanı bu sahəyə gətirmək qərarına gəlib. Hətta o, bu mövzuda bir neçə kitab nəşr etdirib.

1985-ci ildə o, yenidən iqtisadi idarəetmə üçün vahid şəbəkə yaratmaq ideyasını canlandırmağa çalışıb və bu barədə Qorbaçova məktub yazıb. O vaxta qədər internet artıq ABŞ-da geniş istifadə olunub. Lakin hətta o zaman da ona partiyanın internetsiz başqa işlərinin olduğu deyilib.

f2d0d34b-3c0b-4b64-9f08-23e4d0298997.jpeg (69 KB)

Generalın bir çox dillərə tərcümə olunmuş 12 monoqrafiya və dərsliyi mövcuddur. 1980-ci ildən 1991-ci ilə qədər isə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda kompüter elmləri və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışıb. Anatoli İvanoviç Kitov 14 oktyabr 2005-ci ildə Moskvada vəfat edib və Lianozovo qəbiristanlığında dəfn edilib. 16 il sonra generalın qalıqları Şimali Vostryakovskoye qəbiristanlığında yenidən basdırılıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

28.05.2026 19:14
3020