Türkiyə avtomobil idmanı tarixində böyük uğura imza atılıb.
Musavat.com xəbər verir ki, Ali Türkkan 2026-cı il Dünya Gənclər Ralli Çempionatının (JWRC) qalibi olaraq bu titulu qazanan ilk türk pilot olub.
“Castrol Ford Team Türkiye” komandasının pilotu mövsümün 10–13 sentyabr tarixlərində keçirilən son mərhələsi – Çili Rallisini ikinci yerdə başa vurub. Bu nəticə ona ümumi hesabda dünya çempionu olmaq üçün kifayət edib.
Çilidə gənclər arasında yarışın qalibi finlandiyalı Leevi Lassila olsa da, mövsümün yekun nəticələrinə əsasən dünya çempionu Ali Türkkan olub.
Türkkan final mərhələsinə isveçli Kalle Karlberqdən cəmi 3 xal geri – 92 xalla başlamışdı. Karlberqin yarış zamanı qəzaya uğraması çempionluq mübarizəsində vəziyyəti Türkkanın xeyrinə dəyişib.
Ali Türkkan 2026-cı il mövsümündə Xorvatiya və Portuqaliya rallilərində qazandığı qələbələrlə də diqqət çəkib. Beləliklə, o, Türkiyəyə gənclər arasında Dünya Ralli Çempionatında tarixinin ilk çempionluğunu qazandırıb.
Bu uğur Ali Türkkanın qarşısında yeni imkan da açıb. Çempion kimi o, 2027-ci ildə “M-Sport” komandasının “Ford Fiesta Rally2” avtomobili ilə bütün yarış xərcləri qarşılanmaqla WRC2 çempionatının dörd mərhələsində iştirak etmək, həmçinin xüsusi sınaq proqramına qoşulmaq hüququ qazanıb.
Musavat.com