Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası ilə bağlı Musavat.com-a daxil olan çoxsaylı valideyn şikayətləri (https://musavat.com/news/incesenet-gimnaziyasindan-kutlevi-sikayet-tehdid-bullinq-rusvet-qalmaqali_1255946.html) üzrə rəsmi qurum münasibət bildirib.
Musavat.com-un Bakı Şəhər Təhsil İdarəsinə ünvanladığı sorğuya cavab olaraq qeyd olunub:
“Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası ilə bağlı irəli sürülən iddialar nəzarətə götürülüb və müvafiq araşdırma aparılıb. Təhsil müəssisəsində fəaliyyət göstərən əməkdaşların işə qəbulu və vəzifəyə təyinatı qüvvədə olan normativ-hüquqi sənədlərə uyğun şəkildə həyata keçirilib. Müraciətdə göstərilən digər hallar sinif rəhbərləri tərəfindən yazılı şəkildə təkzib edilib. Tədris mühiti ilə bağlı iddialar üzrə məktəb psixoloqu tərəfindən aparılmış müşahidələrin nəticələri nəzərə alınaraq profilaktik tədbirlər görülüb.
Həmçinin, araşdırmanın nəticələrindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
Qeyd edək ki, təhsil müəssisəsində bullinq, psixoloji təzyiq, ayrı-seçkilik və korrupsiya hallarının geniş yayıldığı iddia olunurdu. Qarşı tərəf isə Musavat.com-a açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib.
Afaq Mirayiq,
Musavat.com