Fransa prezidenti Emmanuel Makronun İrəvanda Ermənistanla bağlı səsləndirdiyi fikirlər və dövlət başçısı İlham Əliyevin illər öncə bu ölkənin siyasi asılılıq və forpost xarakteri ilə bağlı verdiyi qiymətləndirmələr bu gün regiondakı geosiyasi reallığın tədricən daha açıq şəkildə qəbul edildiyini göstərir. Uzun müddət müxtəlif siyasi mərkəzlər tərəfindən fərqli formada təqdim edilən Ermənistanın xarici siyasət xətti ilə bağlı mövzular indi artıq beynəlxalq ritorikada daha realist çalarlar almağa başlayır.
Eyni zamanda Nikol Paşinyanın son çıxışında Praqa görüşünə xüsusi istinad etməsi, həmin platformada əldə olunmuş razılaşmaların yenidən gündəmə gətirilməsi cəhdini göstərir. Bu isə Praqa formatının təkcə keçmiş diplomatik mərhələ kimi deyil, həm də hazırkı normallaşma prosesinin hüquqi və siyasi baza elementlərindən biri kimi təqdim edildiyini ortaya qoyur.
Bütün bu paralel proseslər regionda siyasi narrativlərin dəyişdiyini, əvvəllər ideoloji çərçivədə müzakirə olunan mövzuların indi daha açıq və praqmatik şəkildə qəbul edildiyini göstərir
"Fransa prezidenti Emmanuel Makronun mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci Sammiti çərçivəsində həm regional geosiyasət, həm də qlobal təhlükəsizlik məsələlərini əhatə edən çıxışında Bakıda həbsdə olan keçmiş qondarma rejimin nümayəndələrinin və terrorçuluqda ittiham olunan şəxslərin "azad edilməsi" məsələsinin qismində Azərbaycan əleyhinə bəzi fikirləri ehtiva edən Ermənistanın xarici siyasət kursu ilə bağlı bəyanatları əslində illər öncə Prezident İlham Əliyevin irəli sürdüyü tezislərin etirafı sayılmalıdır. Xüsusən Makron Ermənistanın xarici siyasətindəki dəyişikliyə yönəlik bəyanatı ilə əslində məhz zamanında Bakının baxış bucağının regional təhlükəsizlik üçün düzgün yol xəritəsi olduğunu, Parisin isə yanlış xətt tutduğunu qəbullanmış oldu".
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Parlamentari fikirlərini bu cür davam etdirib: "Məlumdur ki, onilliklər boyu Fransa İrəvanı Cənubi Qafqazın yeganə müstəqil gücü kimi təbliğ və təqdim etməyə cəhd göstərir, Ermənistanın forpost olması və məhz kənar maraqların alətinə çevrilməsi barədə Bakıdan səslənən bəyanatların inkarına çalışırdı. Lakin bu gün Makronun elə İrəvandan verdiyi bəyanatda "onilliklər ərzində Ermənistanın Rusiyanın bir növ "peyki" olması, indi isə İrəvanın bu asılılıqdan qurtulmaq və Avropaya üz tutmaq yolunu seçməsini bildirməsi" başqa cür izah oluna bilməz.
Bundan başqa, Paşinyan özü də Praqa prosesinə istinad etməklə Makronun bəyanatları, daha doğrusu, Azərbaycanın tezislərinin doğru yanaşma olduğunu qəbul etdiyini göstərmiş oldu ki, bu da Azərbaycanın tam mənada daha bir konseptual diplomatik zəfəri sayıla bilər. Belə ki, Paşinyan 2022-ci ilin oktyabrında Praqada əsası qoyulan prinsiplərin bu günə qədər gəlib çıxan sülh prosesinin təməli olduğunu xatırladıb. Baxmayaraq ki Fransa tərəfi və sonradan İrəvanda ayrı-ayrı dairələr Praqa prosesinin pozulmasına yönəli çoxsaylı cəhdlər etmişdi. Lakin məhz Azərbaycan Prezidentinin qətiyyəti, xüsusən antiterror tədbirlərindən sonrakı periodda yaranan reallıq situasiyanı dəyişdi.
Beləliklə, Ermənistan baş naziri artıq sülhün institusionallaşdırılması üçün Azərbaycanla sıx əməkdaşlıq etdiklərini və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını, dolayısı ilə Praqa bəyanatına sadiqliyin əsas şərt olduğunu və məhz bu prosesin davamı kimi hətta 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti sammitlərindən biri Bakıda keçirilərsə, oraya şəxsən getməyi planlaşdırdığını deməklə yeni mövqeyində səmimi olduğunu göstərməyə çalışıb".
Cavanşir Abbaslı
Musavat.com