İldırımlı yollarla – bu, təkcə balet adı deyil, təhlükənin özüdür

Xalq arasında “Feheen” adlandırılan dövlət idarəsinin, yəni Fövqəladə Hallar Nazirliyinin pis havalarda təhlükəsizliklə bağlı xəbərdarlığını qəti qəribçiliyə salmayın. Düz deyirlər.

Bəzi yoldaşlar isə “təbiətdə pis hava yoxdur” deyərkən düz demirlər. Təbiətdə elə pis havalar var ki, həmin romantik-optimist adamlar ona düşsələr, gəlib FHN-dən də ciddi xəbərdarlıq edərlər. Teymurləng demişkən, ildırımı, seli, çovğunu var bu dünyanın.

Dağlarda və dağətəyi yerlərdə kənd yumurtası boyda dolu yağdığı olur, başını qorumasan, kəllə travması qaçılmazdır. Bəs niyə “kəlləb-beyin travması” yox, eləcə “kəllə travması”? Ona görə ki, beyni olan adam kəlləsini o cür dolunun altına verməz.

Ona görə də FHN-nin tövsiyələrinə quaq asmaq, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən uzaq durmaq lazımdır. Bir də görürsən, külək həmin yüngül konstruksiyalı tikilinin dam örtüyünü göyə qaldırır və yaxınlıqdakı maşınların üstünə, yol keçənlərin başına salır. Adı yüngüldür, amma o konstruksiyalar maşınları əzəcək, insanlara xəsarət yetirəcək ağırlıqdadır.

Reklam lövhələrindən uzaq durmaq xəbərdarlığı da yerindədir. Reklam lövhəsi üstünüzə aşa bilər. Ondan sonra hər dəfə “burada sizin reklamınız ola bilərdi” lövhəsinin yanından keçəndə düşünərsən ki, o vaxt yaxşı qurtarmısan, burada xatirə lövhən ola bilərdi.

Şimşək çaxdığı zaman elektrik dirəyinin, hündür ağacların altında dayanmaq da olmaz. İldırım həmişə hündürlüyü vurur. Axırıncı (həm də birinci) dəfə Amerikada olanda bizi Mel Gibsonun baş rol oynadığı “Patriot” filminin çəkildiyi Qara gölə (“Blək Leyk”) apardılar. Dayaz göl idi, ortasında minlərlə 70-80 metrlik hündür ağaclar vardı. Bələdçimiz bizi göldə qayıqla gəzdirərkən bir ağacın yanında dayandı və dedi ki, son iki ildə bu ağacı iki dəfə ildırım vurub. Baxdıq ki, ağacın böyrü-başı qaralıb kösöv olub, amma hələ də dik dayanıb. “Bilirsiniz, niyə?” – bələdçimiz ağacın iki dəfə ildırıma məruz qalmasının səbəbini soruşdu. Biz bildiyimizi tərcüməçi vasitəsilə deməyə macal tapmamış bələdçi özü dedi: “Ona görə ki, bu ağac bu göldəki ən hündür ağacdır”.

O gün Zobucuqda ildırım vuran fermer də təpənin üstündə atın belində olub, ətrafda ondan hündür heç nə olmayıb deyə, təbiətin fəlakətinə tuş gəlib. O vaqiə ilə bağlı iki detal var. Biri odur ki, ildırım düşməzdən 15 -20 saniyə əvvəl fermer yanındakı çobanı baş alıb gedən qoyunları geri qaytarmağa göndərib və onun həyatını xilas edib. Heç demə, çoban II Qarabağ savaşının şəhidinin qardaşıymış. O da həlak olsa, təsəvvür edin, ailə necə bir faciəyə düçar olacaqmış. İkinci detal isə odur ki, şimşək çaxan anlarda rəhmətlik fermer telefonla danışırmış – ya kimsə ona zəng edib, ya da özü kimisə yığıb.

Yəni ildırımlı havalarda telefonla danışmaq çox təhlükəlidir. Çox adam bunu bilmir. Açığı, bunu bilərək ciddiyə almayanların arasında biz də varıq. Məsələn, 5-6 il əvvəl rayondan yas yerindən qayıdanda Ağsuda leysana düşdük, sağı-solu ildırım vurduğunu görürdük. Rəsmən ildırımlı yollarla gedirdik. Avromobildəki dostlardan biri həyəcanl şəkildə telefonları söndürməyimizi tövsiyə etdi. Biz cahil-cahil güldük, lağlağı etdik, amma hər ehtimala qarşı onun sözünə qulaq asdıq. Bu söhbətdən 3-5 gün sonra hansısa ölkədən belə bir xəbər gəldi ki, avtomobildə telefonla danışan adamları ildırım vurub. Onda həmin əməkdaşımız dedi, gördünüzmü, mən deyəndə lağlağı edirdiniz.

Budur, “Feheen” də deyir ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, hətta antenlərin yanında durmamaq lazımdır.

Xəbərdarlığı oxuyuram, yadıma düşür ki, biz o vaxt Ağsuda ildırımlı leysana düşəndə əslində avtomobiln hərəkətini dayandırmalı, bilməliymişik ki, “İldırımlı yollarla” təkcə balet adı deyil.

Fikir verirsinizsə, bu ilin mart ayında BƏƏ-dəki buludtoplama mərkəzləri İran tərəfindən vurulandan sonra havanın başı çönüb, leysanlar, ildırımlı havalar artıb, yağmurlar normadan artıq düşür. Demək, təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Çünki ildırımdan qurtuluş yoxdur. 12 voltluq cərəyan insanı diksindirir, ildırım voltu 1 milyarda çatır.

**

Dünya köhnə dünyadır, təhlükəsizlik qaydaları təzədir.

 

02.06.2026 11:11
902