İki tanınmışdan AYNA-ya etiraz - Ekspert isə deyir ki...

Aktyor, televiziya aparıcısı, əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib. Bu barədə o, sosial şəbəkə hesabında yazıb. “Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib.

Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ » Məhəmməd Ərsoyun BLOQU

Aparıcı İlkin Həsəni isə sosial şəbəkədə paylaşdığı videoda parklanma qaydaları ilə bağlı təklif irəli sürüb. O, parklanma haqqının saatla deyil, avtomobilin dayandığı dəqiqələrə uyğun hesablanmasını istəyib: “Maşınımızı dəqiqə ilə saxlayırıq, amma saatla ödəyirik. Niyə? AYNA və AzParking üçün bir təklifim var. Parklanma haqqı dəqiqəlik hesablansın. Baxın, tutaq ki, 1 saatı 1 manat olan parkinqdəavtomobilimi saxlayıram. Yarım saatdan sonra çıxıb gedirəm və dərhal həmin yerə başqa bir avtomobil gəlir. O da yarım saat saxlayıb çıxır.Nəticədə nə olur? Bir parkinq yeri üçün 1 saatlıq tarif 1 manat nəzərdə tutulubsa, artıq 2 manat ödənilmiş olur. Halbuki hər ikimiz yarım saat üçün 50 qəpik ödəsək, həmin parkinqyerinin 1 saatlıq haqqı yenə 1 manat edir.

İlkindən AYNA və AzParking-ə: “Bu, daha ədalətlidir“ - Azərbaycanın xəbər  saytı

Təklifim budur ki, 15 dəqiqəlik pulsuz parklanma qaydası olduğu kimi qalsın. Bu müddət keçdikdən sonra isə ödəniş avtomobilin dayandığı dəqiqələrə uyğun hesablansın. Sadəcə saatla deyil, dəqiqə ilə hesablansın. Bu təcrübə xaricdə də tətbiq olunur — məsələn, Tallində, Niderlandda və digər şəhərlərdə. Bir sözlə, nə qədər dayanmışamsa, o qədər də ödəyim. Məncə, bu, daha ədalətlidir”.
Ümumiyyətlə, Bakıda sürücülərin qarşılaşdığı problemlərdən biri də avtomobillərin parklanması ilə bağlıdır. Paytaxtda parklanmasisteminin rəqəmsallaşdırılması və ödənişlərin əsasən mobil telefon vasitəsilə həyata keçirilməsi prosesi müəyyən mənada asanlaşdırsa da, bəzi hallarda sürücülər üçün əlavə çətinliklər yaradır.

Aktyor və aparıcı haqlıdırlarmı?

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Musavat.com-a bildirib ki, Bakıda parklanma sisteminin rəqəmsallaşdırılması ümumilikdə müsbət addımdır, çünki bu, ödənişlərin şəffaf aparılmasına, parklanma yerlərinin daha düzgün idarə edilməsinə və nağd pul dövriyyəsinin azalmasına imkan verir:

“Lakin rəqəmsallaşma o zaman həqiqətən rahat xidmət hesab oluna bilər ki, bütün vətəndaşların imkanları nəzərə alınsın və sürücü yalnız bir ödəniş üsulundan asılı vəziyyətə salınmasın. Hazırda əsas problemlərdən biri parklanmanın mobil telefon, tətbiq, SMS və ya internet bağlantısından asılı olmasıdır. Telefonun enerjisi bitə bilər, mobil internet işləməyə bilər, tətbiqdə texniki nasazlıq yarana bilər, bank kartında və ya ödəniş sistemində problem ola bilər, xaricdən gələn şəxsin yerli mobil nömrəsi olmaya bilər, yaşlı insanların isə smartfon və mobil tətbiqlərdən istifadə imkanları məhdud ola bilər. Belə vəziyyətdə avtomobilini qanuni parklanma yerində saxlayan və ödəniş etmək istəyən şəxsin texniki səbəbdən bunu edə bilməməsi nəticəsində cərimə ilə üzləşməsi vətəndaşda haqlı narazılıq yaradır”.

Adil Nəbiyev Sürücülük Təlimi (@suruculuktelimadilnebiyev) • Facebook

Ekspertə görə, əsas prinsip belə olmalıdır: “Dövlət və ya parklanmanı idarə edən qurum vətəndaşa ödəniş öhdəliyi qoyursa, həmin ödənişi həyata keçirmək üçün də bir neçə real və əlçatan vasitə təqdim etməlidir. Mobil tətbiq əsas vasitələrdən biri ola bilər, amma yeganə çıxış yolu olmamalıdır. Alternativ olaraq parklanma ərazilərində bank kartı və təmassız ödəniş qəbul edən parkomatların quraşdırılması məqsədəuyğun olardı. Sürücü avtomobilin dövlət qeydiyyat nişanını daxil edib birbaşa kartla ödəniş edə və sistemdə parklanmanı aktivləşdirə bilər. Digər variant ödəniş terminallarının, bank tətbiqlərinin və elektron pul kisələrinin sistemə daha geniş inteqrasiyasıdır.

Eyni zamanda, SMS vasitəsilə parklanmanın aktivləşdirilməsi mümkün qədər sadə saxlanılmalıdır ki, internet olmadığı halda adi mobil rabitə ilə xidmətə qoşulmaq mümkün olsun. Parklanma zonalarının yaxınlığındakı müəyyən köşklər, mağazalar, yanacaqdoldurma məntəqələri və digər xidmət obyektlərində parklanma haqqının avtomobil nömrəsi üzrə ödənilməsi imkanının yaradılması da nəzərdən keçirilə bilər. Xüsusilə şəhərin mərkəzində turistlər və xarici nömrəli avtomobillər üçün QR-kod vasitəsilə bank kartından birbaşa ödəniş imkanı faydalı olardı”.

Ekspert cərimələmə mexanizmindən də danışıb: “Əgər sistemdə texniki nasazlıq qeydə alınıbsa və ya müəyyən ərazidə mobil rabitə və ödəniş infrastrukturu işləmirsə, həmin müddətdə sürücünün avtomatik şəkildə məsuliyyətə cəlb edilməsi ədalətli yanaşma deyil. Belə hallarda müəyyən güzəşt müddəti və sadələşdirilmiş etiraz mexanizmi tətbiq edilə bilər. Məsələn, sürücüyə avtomobili saxladıqdan sonra parklanmanı aktivləşdirmək üçün qısa və ağlabatan vaxt verilməsi həm mübahisələri, həm də texniki səbəbdən yaranan cərimələri azalda bilər.
Bundan başqa, parklanma nəzarətçilərinin yalnız cərimə yazan şəxs kimi deyil, vətəndaşa ödənişi həyata keçirməkdə kömək edən xidmət əməkdaşı kimi fəaliyyət göstərməsi daha düzgün olardı. Sürücünün telefonu sönübsə və ya tətbiqdən istifadə edə bilmirsə, nəzarətçi alternativ ödəniş üsulunu izah edə və ya həmin ərazidə mövcud ödəniş nöqtəsinə yönləndirə bilər. Ən vacibi isə parklanma siyasətində məqsədin cərimə toplamaq deyil, məhdud şəhər məkanından səmərəli istifadəni və nəqliyyatın düzgün təşkilini təmin etmək olmasıdır".

Bakıda ev alarkən bu ərazilərdən uzaq durmaq lazımdır - Avtosfer.az

Ekspert əlavə edib: "Bakı kimi avtomobil sayının və parklanma tələbatının yüksək olduğu şəhərdə yalnız rəqəmsal ödəniş sistemini inkişaf etdirmək kifayət etmir; yeni yeraltı və çoxmərtəbəli parkinqlərin yaradılması, “Park et və davam et” sistemlərinin genişləndirilməsi, yaşayış məhəllələrində rezident parklanmasının tətbiqi, qısamüddətli dayanma zonalarının ayrılması və parklanma yerləri barədə real vaxt məlumatının sürücülərə təqdim edilməsi də paralel həyata keçirilməlidir. İnsan şəhərin mərkəzinə daxil olmamışdan əvvəl hansı parkinqdə boş yer olduğunu, qiyməti və alternativ nəqliyyat imkanlarını görə bilsə, küçələrdə boş yer axtaran avtomobillərin sayı da azalacaq. Nəticə etibarilə, rəqəmsallaşma vətəndaşın həyatını çətinləşdirmək üçün deyil, asanlaşdırmaq üçün tətbiq edilməlidir.

Mobil telefon ən rahat vasitələrdən biri ola bilər, amma telefonun olmaması, enerjisinin bitməsi, internetin işləməməsi və ya insanın rəqəmsal bacarığının zəif olması onun parklanma haqqını ödəmək imkanından məhrum edilməsi və nəticədə cərimələnməsi ilə nəticələnməməlidir. Bakıda daha ədalətli və rahat parklanma sistemi üçün mobil tətbiq + SMS + bank kartı ilə parkomat + QR ödənişi + ödəniş terminalları + alternativ fiziki ödəniş nöqtələri paralel şəkildə işləməlidir. Belə çoxkanallı sistem həm sürücülərin narazılığını azaldar, həm ödəniş intizamını yüksəldər, həm də parklanma sisteminə ictimai etimadı gücləndirər”.

Nigar Həsənli
Musavat.com

10.09.2026 10:45
1885