Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva adından ictimaiyyətə müraciət yayılıb.
Musavat.com xəbər verir ki, müraciətdə Avropa Məhkəməsinin onun xeyrinə çıxardığı qərardan istifadə etmək niyyətində olmadığı bildirilir və oğlunun səhhətində yaranmış problemlərlə əlaqədar humanist yanaşma göstərilməsi xahiş olunur.
Müraciəti olduğu kimi təqdim edirik:
Media nümayəndələrinin və ictimaiyyətin diqqətinə!
Əziz dostlar,
Zeynəb Abdullayevanın səlahiyyətli nümayəndəsi olaraq aşağıdakı müraciəti diqqətinizə çatdırıram:
Hörmətli xanımlar və cənablar,
Mən, Zeynəb Abdullayeva olaraq bildirirəm ki, ölkə hüdudlarından kənara çıxışıma qoyulmuş məhdudiyyətlə bağlı Avropa Məhkəməsinə edilmiş müraciət üzrə xeyrimə qəbul olunmuş qərardan istifadə etmək niyyətində deyiləm və həmin qərardan imtina etdiyimi bəyan edirəm.
Mən və oğlum Hüseyn Abdullayev Azərbaycan dövlətinə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa sadiq olduğumuzu bildirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyimi bəyan edirik.
Mənim yeganə arzum, oğlum Hüseyn Abdullayevin səhhətində yaranmış problemlərin nəzərə alınması və ona humanist yanaşmanın göstərilməsidir. İnanıram ki, bu məsələ Azərbaycan dövlətinin humanizm və ədalət prinsipləri əsasında öz müsbət həllini tapacaqdır.
Bir daha Azərbaycan dövlətinə və onun rəhbəri cənab İlham Əliyevə olan rəğbətimizi bəyan edir, oğlum Hüseyn Abdullayevlə ortaq qərarımızı bəyan edirik ki, ölkəmiz və dövlətimizə qarşı yönələn heç bir qərarı dəstəkləməyəcəyik.
Ümidimiz yalnız ölkəmizin başçısına, ölkəmizin hüquq-mühafizə və məhkəmə sisteminədir!
Hörmətlə,
Zeynəb Abdullayeva,
Hüseyn Abdullayevin anası
Hüseyn Abdullayev hansı ittihamlarla mühakimə olunub?
Keçmiş deputat Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanıldıqdan sonra Azərbaycana gətirilib. İstintaq və məhkəmə materiallarına əsasən ona qanunsuz sahibkarlıq, vergidən yayınma, dələduzluq və digər iqtisadi xarakterli ittihamlar irəli sürülüb. İstintaq dövründə onun qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində külli miqdarda gəlir əldə etməsi və vergidən yayınması ilə bağlı ittihamlar da elan olunub.
2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevi təqsirli bilərək onu 6 il müddətinə azadlıqdan məhrum edib. Həmin iş üzrə anası Zeynəb Abdullayeva isə cərimə olunub.
Daha sonra Hüseyn Abdullayevə qarşı yeni cinayət işi üzrə də araşdırma aparılıb. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, müxtəlif bank hesabları vasitəsilə milyonlarla manat vəsaitin köçürülməsi və daşınmaz əmlak əməliyyatları həyata keçirilib. Hüseyn Abdullayev isə ittihamları qəbul etməyərək özünü təqsirli bilmədiyini bəyan edib.
Beləliklə, hazırda Hüseyn Abdullayevlə bağlı həm 2019-cu ildə çıxarılmış 6 illik hökm, həm də sonradan maliyyə əməliyyatları ilə bağlı irəli sürülmüş ittihamlar üzrə məhkəmə qərarları ictimai müzakirə mövzusu olaraq qalır.
Musavat.com