Hüquqi dövlət quruculuğunda mühüm mərhələ 

Məhkəmələrin müstəqilliyi, vətəndaşların sosial haqlarının təminatı bu prosesdə ən vacib məsələdir

Azərbaycan hüquqi dövlət quruculuğunu möhkəmləndirir. Suverenliyin tam bərpasından sonra bu istiqamətdə atılan addımlar sürətlənib. Azərbaycan dövlətinin güclü olması üçün hərbi-siyasi, iqtisadi sahələrdə müxtəlif addımlar atılır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun təməlini qoymaqla yanaşı, ölkədə konstitusiya nəzarəti institutunun - Konstitusiya Məhkəməsinin təsis edilməsinə də əsas yaratdı. Bu ali hüquqi sənədin qəbulundan sonra qanunvericilik prosesində konstitusiya prinsiplərinin qorunması və vətəndaşların əsas hüquq və azadlıqlarının təminat altına alınması baxımından Konstitusiya Məhkəməsinin yaradılması əlamətdar hadisə olub.

Asif Shekerli.jpg (167 KB)

Asif Şəkərli

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərlinin sözlərinə görə, qanunlar ən yaxşı nəticələr əldə edilməsi üçün hazırlanmalı, ictimai əxlaqla pislənməməli, ədalətli olması və başqalarının hüquqlarını müdafiə etmək xarakteri daşımalıdır: “Başqa sözlə, ədalətsiz qanun həqiqi qanun deyil. İnsanlar qanunların ədalətli tətbiq olunduğuna və hüquqi institutların müstəqil fəaliyyət göstərdiyinə inandıqda, onlar daha çox vətəndaş fəaliyyəti ilə məşğul olur, hökumət qərarlarına hörmət edir və milli inkişafa töhfə verirlər. Əksinə, hüquq sistemləri pozulduqda və ya səmərəsiz olduqda, ictimai inam azalır, bu da sosial iğtişaşlara, etirazlara və asayişin pozulmasına gətirib çıxarır”.

Onun fikrincə, hüquqi proseslərdə şəffaflığın təmin edilməsi və məhkəmə müstəqilliyinin təşviqi sistemə etimadı qorumaq üçün çox vacibdir: “Hüquqi dövlət hökumət institutlarının səlahiyyət və vəzifələrini müəyyən etməklə siyasi sabitliyin qorunmasında həlledici rol oynayır. Qanunlar aydın və ardıcıl tətbiq olunduqda korrupsiyanın, hakimiyyətdən sui-istifadənin və avtoritar idarəçiliyin qarşısını alır. Siyasi liderlər və dövlət məmurları idarəçilikdə şəffaflıq və ədalətliliyi təmin etməklə öz fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar. Hər bir cəmiyyətin tərəqqisi üçün hüquqi dövlətin qurulması vacibdir”.

A.Şəkərli qeyd edib ki, Vətəndaşların və dövlətin suverenliyində özünü büruzə verən hüquqi dövlət vətəndaşların bərabərliyini, ailənin, mülkiyyətin, şəxsi həyatın təhlükəsizliyini reallaşdırır, dövlətin daxili və xarici suverenliyini gerçəkləşdirir. Onun fikrincə, bütün ölkə üçün ümummilli qərar qəbul edilir, ictimai nəzarət tətbiq edilir, müstəqil xarici siyasət yürüdülür: “Hüquqi dövlətdə hakimiyyət xalqa məxsusdur və onun mənafeyinə xidmət edir. Onu da deməliyəm ki, 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyinin elan etsə də SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmadı".

Sözcü - Xəzər Teyyublu "Neftçi"ni sərt tənqid etdi - "Daxili eqolu bir adam  respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir"

Xəzər Teyyublu

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu hüquqi dövlət quruculuğunda separatizmin məhvini ən vacib mərhələ hesab edir. Onun fikrincə, bununla da Azərbaycan dövləti qeyri-qanuni idarəçiliyin olduğu ərazilərdə leqal idarəetməni bərpa etdi. Hüquq müdafiəçisi hesab edir ki, hüquqi dövlət quruculuğunda sosial siyasət də əhəmiyyətli məsələlərdən biridir: “Vətəndaşların sosial haqlarının müdafiəsi və təminatı hüquqi dövlət quruculuğunda gərginlikləri azaldır. Yəni vətəndaş-dövlət münasibətləri hüququn, qanunun işləməsinə səbəb olur. Bu körpü yananda isə hüquq pozuntuları qeydə alınır. Bu gün Azərbaycan hüquqi dövlət quruculuğu prosesini başa çatdırıb, sadəcə, islahatlar aparılması zəruridir.

Ümumiyyətlə, hüquqi dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətin mərkəzində də insan və onun maraqları durur. Sosial təsisatlar vasitəsilə vətəndaşların yaradıcılıq imkanları üçün şərait yaranır, plüralizmi, şəxsi hüquq və azadlıqları təmin edilir. Stabillik hüquqi dövlətin sosial əsasını daha da möhkəmləndirir.

Hüquqi dövlətin mənəvi əsasını bərabərlik, azadlıq, ədalət və humanizm kimi ümumbəşəri dəyərlər təşkil edir.  Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir. Azərbaycanda bütün sahələr üzrə inkişafı təmin etməliyik ki, dövlətçiliyimiz güclü olsun".

Hazırladı: Emil Salamoğlu

 

02.12.2025 12:54
1212