Bibər gündəlik rasionumuzun və mətbəximizin vazkeçilməz tərəvəzlərindən biridir.
Musavat.com xəbər verir ki, mütəxəssislər bu rəngarəng tərəvəzin təkcə yeməklərə dad qatmaqla kifayətlənmədiyini, həm də insan orqanizmi üçün əsl təbii şəfa mənbəyi olduğunu bildirirlər.
Bibərin tərkibi C, A, E, B6 vitaminləri, fol turşusu, potasium və liflə zəngindir. Xüsusilə C vitamini baxımından sitrus meyvələrini geridə qoyan bu tərəvəz, immunitet sistemini möhkəmləndirir, orqanizmin infeksiyalara və mövsümi xəstəliklərə qarşı müqavimətini artırır. Qırmızı bibərin tərkibindəki güclü antioksidantlar olan likopen və beta-karoten hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur, vaxtından əvvəl qocalmanın qarşısını alır və xərçəng riskini azaldır.
Tünd acı bibərin tərkibindəki "kapsaisin" maddəsi isə maddələr mübadiləsini sürətləndirərək piylərin yandırılmasına kömək edir və arıqlama prosesini dəstəkləyir. Eyni zamanda kapsaisin təbii ağrıkəsici xüsusiyyətə malikdir və oynaq ağrılarını yüngülləşdirir. Qan dövranını yaxşılaşdıran bibər, ürək-damar xəstəliklərindən qorunmaqda da mühüm rol oynayır.
Tərkibindəki lutein və zeaksantin maddələri isə göz sağlamlığını qoruyur, katarakta və yaşla bağlı görmə zəifliyinin qarşısını alır. Zəngin lif strukturu sayəsində həzm sisteminin qaydada qalmasına və bağırsaqların düzgün işləməsinə böyük dəstək verir.
Musavat.com