Ermənistan region üçün ciddi təhlükə olan Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı yalan dolu hesabat və bəyanatlar təqdim etməkdədir. Baş nazir Nikol Paşinyan isə növbəti dəfə dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışıb.
“Hazırda Ermənistan Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesindədir. Bundan sonra isə onun fəaliyyət müddətinin daha 10 il artırılması gözlənilir”. Musavat.com-un məlumatına görə, Paşinyan bunu parlamentdə çıxışı zamanı bildirib. “Hazırda biz Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması prosesindəyik. Bundan sonra isə onun fəaliyyət müddətinin daha 10 il - yəni 2046-cı ilə qədər uzadılması nəzərdə tutulur”, - deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə, bu müddət ərzində hökumət yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar qəbul etməlidir. Ermənistan yeni nüvə reaktoru məsələsini Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə edir.

Maraqlıdır ki, hökumət başçısı çıxışında hansı təhlükəsizlik tədbirləri gördüklərinə, eləcə də, Metsamor AES-in region üçün ciddi təhlükə olduğu barədə səslənən fikirlərə toxunmayıb. Halbuki region ölkələrini təmsil edən ölkələrin rəsmiləri, qeyri-hökumət təşkilatları, ekoloqları stansiyanın doğurduğu təhlükələr barədə dəfələrlə bəyanatlarla çıxış edib, dünya ictimaiyyətindən AES-in bağlanmasına çağırış etməyi tələb ediblər. Metsamor AES-in ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir. Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdi. Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb. O zaman radiasiyadan İğdır da təsirlənmişdi. Bu stansiyanın Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükə olduğu vurğulanıb.
Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onu 2 nömrəli reaktoru yenidən işə salınıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb. İndi isə məlum olur ki, Ermənistan AES-in “ömrünü” hətta 20 il uzatmağı düşünür.

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirdi ki, Paşinyanın belə bir açıqlama verməkdə niyyəti ilk növbədə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı iki ölkə arasında dinc məqsədli nüvə əməkdaşlığı haqqında sazişin Rusiyada doğurduğu reaksiyanı mümkün qədər yumşaltmaqdır: “Yəni bununla göstərmək istəyir ki, o, Rusiyanın bu sahədə monopoliyasını aradan qaldırmaqdan çox, ölkəsinin atom enerjisi ilə təminatını şaxələndirmək istəyib. Bu, əgər gözə kül üfürmək, yəni tam şəkildə seçkiqabağı gediş deyilsə, onda Paşinyanın dinc atom əməkdaşlığı sahəsində də özünəxas “balans yaratmaq” siyasətidir. Yəni bununla da göstərmək istəyir ki, məqsədi Rusiya ilə körpüləri yandırmaq deyil, ölkəsi üçün bir neçə qalxanlı əməkdaşlıq qurmaq, yəni “keçmiş səhvləri” aradan qaldırmaqdır”. S.Alıyevin fikrincə, görünür, Paşinyan haradasa bir il öncə dediyi “Ermənistan nə qədər çox dövlətdən asılı olacaqsa, bir o qədər müstəqil olacaq” tərsməntiqli açıqlamasını ən azından dinc nüvə əməkdaşlığı müstəvisində sınaqdan keçirmək istəyir: “Amma bu təhlükəli oyunun təkcə Ermənistan deyil, qonşu ölkələr üçün də yaratdığı təhdidi unudur. Açığı mən bilmirəm, Ermənistan baş naziri bir daha vurğulayıram bu təhlükəli vədini yerinə yetirmək düşüncəsindədirmi? Amma göstərilən budur ki, Rusiyanın Gümrüdəki hərbi bazası mövcud olduğu vaxta qədər onun yaxınlığındakı təhlükə mənbəyinin, yəni Metsamor AES-in də ömrü uzadılacaq. Xatırladım ki, 2005-ci il anlaşmasına görə Rusiyanın hərbi kontingenti 2044-cü ilə qədər orada qalmalıdır”.
STM-in baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov da mövzu ilə bağlı diqqətçəkən açıqlama verdi: “Ermənistanın baş naziri Nikol Paşinyanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətini 2046-cı ilə qədər uzatmaq planı enerji ehtiyacından doğan bir addım deyil, regionun ekoloji və fiziki təhlükəsizliyini “girov” götürən təhlükəli bir geosiyasi gedişatdır. 1970-ci illərin köhnəlmiş sovet texnologiyasına əsaslanan və seysmik cəhətdən aktiv zonada yerləşən bu stansiya, müasir dövrün “saatlı bombası” hesab olunur. Paşinyanın parlamentdəki çıxışı zamanı stansiyanın ömrünü süni şəkildə daha 20 il uzadacağını bəyan etməsi beynəlxalq nüvə təhlükəsizliyi normalarına açıq hörmətsizlik və dünya ictimaiyyətinin gözünə kül üfürmək cəhdidir”.
T.İsmayılov qeyd etdi ki, 1988-ci il Spitak zəlzələsində ciddi zədə almış bir strukturun hələ də fəaliyyətdə saxlanılması və hətta bu müddətin artırılması reallıqla uzlaşmır: “Ermənistan rəhbərliyinin yeni nüvə reaktoru məsələsini eyni zamanda Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya ilə müzakirə etməsi İrəvanın xarici siyasətindəki dərin qərarsızlığı və böyük güclər arasında vurnuxmasını aşkar göstərir. Paşinyan bir tərəfdən Rusiyanın enerji asılılığından qurtulmaq görüntüsü yaradaraq Qərbə “nüvə yemi” atır, digər tərəfdən isə Metsamorun ömrünü uzatmaqla Moskvanın regiondakı enerji rıçaqlarını qorumasına şərait yaradır”. Siyasi şərhçi hesab edir ki, bu manevr həm də beynəlxalq donorlardan və Avropa İttifaqından “təhlükəsizlik tədbirləri” adı altında maliyyə vəsaiti qoparmaq məqsədi daşıyır: “Maraqlıdır ki, hökumət başçısı bu genişmiqyaslı planlardan danışarkən stansiyanın region üçün yaratdığı real təhdidlərə və ekoloqların haqlı çağırışlarına heç toxunmayıb. Yekun olaraq qeyd etmək lazımdır ki, Metsamorun fəaliyyətinin 2046-cı ilə qədər planlaşdırılması Ermənistan üçün strateji bir qalxan və vaxt qazanmaq taktikasıdır. İrəvan hesab edir ki, belə bir riskli obyektin mövcudluğu ona regionda müəyyən bir “toxunulmazlıq” zolağı təmin edir. Lakin bu nüvə qumarı təkcə Ermənistanın deyil, bütün Avrasiya məkanının gələcəyini təhlükə altına qoyur.
Azərbaycan və Türkiyənin bu məsələdə beynəlxalq platformalarda, xüsusən də MAQATE çərçivəsində təzyiqi artırması haqlı addım olardı. Paşinyanın sülh bəyanatlarının səmimiyyəti Metsamorun qaranlıq tüstüsü altında görünməz qalır”.
E.Paşasoy,
Musavat.com