Bir dəfə də yazmışdım ki, qardaş Türkiyənin regional, hətta bir az da geniş miqyasdakı siyasəti mənim üçün daha aydındır, nəinki onun daxili siyasətinin bəzi incəlikləri.
Bilirsiniz, daxili siyasət siyasi yazarlarçün hər yerdə və həmişə bir az qəliz, hərdən hətta təhlükəli də ola bilir, xüsusən də nisbətən qeyri-demokratik ölkələrdə, o cümlədən də bəzi müsəlman - şərq dövlətlərində - bir neçə il bundan əvvəl, səhv etmirəmsə, səudiyyəli bir jurnalisti necə qətlə yetirdilər, çəlləkdə necə “əritdilərsə”, hələ qalıqları tapılmır məncə.
Başqa ölkələrdə heç bir önəm kəsb etməyən detallar belələrində hətta xüsusi əhəmiyyət-məna kəsb etməyə başlayır – kiminsə filankəsin dayısı nəvəsinin əmisi oğlu olması bir də görürsən nəyəsə təsir etməyə başlayır! Məsələn, ABŞ-da xüsusi siyasi araşdırmalarla məşğul olan adamları çıxmaqla, heç kim üçün önəmli deyil ki, prezident Tramp yaxın ətarfılnı - komandasını kimlərdən formalaşdıracaq – prezident seçilibdir və komandasını istədiyi kimi formalaşdırmaq onun hüququ və haqqıdır. Səriştəsiz, bacarıqsız adamları, qohum-əqrəbasını ətrafına toplayacaqsa bunun ziyanı öncə özünə dəyəcəkdir-əvvəl gülüş obyekti olacaq, sonrasa bir də gördün, hətta impiçment...
Çalmalı ərəb ölkələrində, məsələn, belə deyil, burada həlledici amil ilk olaraq hakim ailə, daha sonra isə tayfadır.
Əlbəttə, qardaş Türkiyə bu səviyyədə geri ölkə deyil, əksinə müsəlman dövlətləri arasında Qərb siyasi modellərinə, dəyərlərinə ən yaxın ölkədir, amma çox təəssüf ki, hələ, çünki bir neçə ildir burada da hakimiyyətin sərtləşdirilməsi, gücləndirilməsi kimi tendensiyalar aşkar sezilməkdədir.
Amma son günlərdə ölkə hakimiyyətdaxili, hətta hakimiyyət -müxalifət arası qalmaqalla da yox, müxalifətin öz içindəki problemlərlə gündəmə gəldi, fəqət, buna bazmayaraq siyasi təhliliçilər burada da hakimiyyətin izlərini gördüklərini iddia etməkdədirlər.
Qərəz, son günlərin necə deyər, “siyasi qəhrəmanı” əsas müxalifət partiyası CHP oldu və belə yazıldı və deyildi ki, guya bir neçə il bundan əvvəl partiyanı tərk etmiş keçmiş lider Kamal Qılıncdaroğlu yenə də postuna qayıdıbdır – hətta bəzi təxminlərə görə hakim siyasi vektorun “incə” dəstəyilə.
Bunun bizə dəxli yox, Azərbaycan–Türkiyə əlaqələri konkret siyasi vektorlardan daha dərin məzmunludur. Üstəlik, uşağa da aydındır ki, bundan sonra Kamal bəyin heç bir halda siyasi ulduzu gözərməyəcək, hətta möcüzə baş verib közərsə belə təhlükəli bir şey olmayacaq, ona görə ki, bu adam da Türkiyə-Azərbaycan əlaqələrinə böyük önəm verən siyasətçi sayılır bildiyimizə görə və buna görə ona böyük təşəkkürlər...
Bizimçün kənar siyasi müşahidəçi kimi qaranlıq qalan məsələ Əkrəm İmamoğlu ətrafında baş verən hadisələr oldu. Adam səhv etmirəmsə, iki, ya üç dəfə İstanbulda seçkiləri udmuşdu – bəli, o meqapolisdəki ki, türk qardaşlar həmişə zarafatla “İstanbul özü də bir dövlətdir” deyirlər. Artıq o vaxt çox adam Əkrəm bəyə yaxın gələcəkdə prezdentliyə əsas iddiaçı fiqurlardan biri kimi baxırdı, çünki on milyondan çox əhalisi olan böyük meqapolisdə seçkini bir neçə dəfə udmaq asan məsələ deyildi...
Amma sonra nə baş verdi? Adam həbsə atıldı! Bizim Türkiyənin hüquq-mühafizə orqanlarının qərarına kölgə salmaq üçün bir əsasımız, hətta məqsədimiz də yoxdur. Amma bir siyasi müşahidəçi kimi çox məsələlər bizim üçün qaranlıq, hətta şübhəli oldu, hərçənd, ittihamları da artıq tam unutmuşuq və yalnız birisi yadımızda qalıbdır deyəsən: guya adamın ali təhsil haqqıpnda diplomu saxta imiş! Bizə şübhəli gələn nədir?
Birincisi, adam bir neçə dəfə Türkiyənin ən böyük şəhərinin seçki süzgəcindən keçmişdi. İstanbuldakı media struktuklarının, rəqiblərin, daha nə bilim kimin, diqqətindən belə detal yayına bilərdimi? İkincisi, Türkiyədə ali təhlsil almaq belə çətindirmi ki, adam durub pulla diplom alsın? Üçüncüsü, Türkiyədə də belə şey ola bilərmi? Bilirsinizmi, bunu düşünəndə adamın yadına nə düşür? Bizim keçmiş - sovet Azərbaycanı! O vaxt bizdə az qala, hər fakultəinin öz qiyməti vardı, yeri gəlmiş, indi də bəzi ali məktəb müəllimləri bunun xiffətini çəkir. Bir daha soruşuram ki, doğrudanmı, qardaş Türkiyədə də belə şey olur?..
Digər ittihamlar doğrusu, yadımda deyil, deyəsən, korrupsiya-filan da vardı. Olsun! Amma kənar siyasi müşahidəçi kimi deyirik ki, bu məsələ hələ də bəzi detalları ilə qaranlıq qalır və bizə elə gəlir, burada siyasi rəqabət də ən azı az rol oynamadı. İndinin özündə də hakim partiyanın əsas müxalifət partiyasıyla həddindən çox “maraqlandığı” qeyd olunur. Niyə? Nə üçün? Xeyir ola? Yetmişinci illərdə ABŞ prezidenti Nikson da rəqib partiyayla çox “maraqlanmışdı”, amma buna görə o, istefa verməli oldu...
Bizə elə gəlir prezident Ərdoğan öz “problem”lərinin həllini başqa müstəvidə axtarmalıdır. Adamın çevrəsində, hətta partiyasında nəzərə çarpan siyasi fiqurlar yoxdur. Bunun bir dostu vardı, özü də deyəsən, bir vaxt İmamoğlu ilə rəqib olmuşdu İstanbulda – bəli, Binəli Yıldırım! Ona baxanda adamın yadına sovet vaxtının “domkom”ları düşür- onlar ev-ev gəzib kimin neçə toyuğunun, neçə cücəsinin olmasını siyahıya alardılar.
Burada Kamal bəyi də başa düşmək olmur. Bilirsiniz, bəlkə də bizim kimi heç vaxt böyük vəzifə görməyən adamlar üçün həqiqətən də bu hakimiyyət deyilən şey başadüşülməzdir, anlaşılmazıdır, necə deyərlər, yeməmisən qaz ətini, nə bilirsən ləzzətini?..
Amma hər şeyin əndazəsi var, hər şey həddini aşanda gülünc vəziyyət yaranır, o cümlədən də hakimiyyət yanğısı. Üstəlik, adam olur, az qala, əlli il siyasətdə olur, əlli qəpiklik iş görə bilmir, adam da var, cəmi beş-on il olur siyasətdə, amma ömürlük ad qazanır özünə! Düşünürəm ki, bu prezident Ərdoğana da aiddir: az qala, düz otuz ildir hakimiyytdədir, bəs deyilmi? Üstəlik, bəzi siyasətçilərin özlərindən sonra nə olacağı ilə bağlı “qayğıları” adamda şübhə yaradır, düşünürsən ki, bunların hanısısa çox qaranlıq işləri var bəlkə və buna görə narahatdırlar, yoxsa hakimiyyət kürsüsündə ölmək də bir ayrı şan-şöhrətdir?..