Hacı Qalibin adı keçən torpaq qalmaqalında həlledici saatlar - VİDEO  

Bu gün, mayın 7-də Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşları Hacı Qalib Salahzadənin adı keçən iş üzrə icra hərəkətlərini həyata keçirəcəklər.

Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyevə məxsus olan, özəl mülkiyyəti illər öncə zəbt olunub. 20 sot torpaq sahəsində ona məxsus 2 və 3 mərtəbəli 2 villa sökülüb. Uzun illər ərazi Hacı Qalib Salahzadəyə məxsus olduğu bildirilən “Şəbəkə” restoranının dayanacağı kimi istifadə olunub. Ərazi Hacı Qalib Salahzadənin gəlini, iş üzrə cavabdeh Xatirə Allahşükür qızı Salahzadənin əmlakına bitişik olduğundan ora yol da bağlanıb. İş üzrə son qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov tərəfindən 2025-ci ildə verilib. Məhkəmə ərazinin boşaldılması, Seymur Quliyevə təhvil verilməsi üçün icra vərəqəsi də verib. Qərarda açıq şəkildə göstərilir ki, cavabdeh Xatirə Salahzadə həmin torpaq sahəsini boşaltmalı, mülkiyyətçiyə təhvil verməli və əraziyə maneəsiz gediş-gəlişi təmin etməlidir. Darvaza, şlaqbaum və özbaşına tikilmiş hasar sökülməlidir.

Məhkəmə qərarına əsasən, Seymur Quliyevin torpağına giriş-çıxışı əngəlləyən dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqları yalnız iddiaçıya məxsus əraziyə düşən hissə üzrə cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən sökülməlidir.

Bununla yanaşı, ictimai avtomobil yolundan Seymur Quliyevin torpaq sahəsinə zəruri keçidin verilməsi də birbaşa cavabdehin vəzifəsi kimi müəyyən edilib. Qərarda zəruri keçidin konkret ünvan, ölçü və istiqaməti də dəqiqliklə göstərilib. Keçid Bilgəh qəsəbəsi, Salahzadə küçəsi, döngə 21, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda əks olunan formada təmin edilməlidir. Məhkəmə təkcə fiziki maneələrin aradan qaldırılması ilə kifayətlənməyib.



Qərara əsasən, cavabdeh Xatirə Salahzadədən 16 min 200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qərarın bu hissəsi Xatirə Allahşükür qızı Salahzadə tərəfindən icra olunub. Tələb olunan məbləğ Sabunçu Rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülüb. Bundan əlavə, tikinti-texniki ekspertizaya görə çəkilmiş 100 manat xərc də tərəflər arasında bölünüb. Məhkəmə qərarı  5 oktyabr 2025-ci ildə qanuni qüvvəyə minib, icra sənədi isə 6 noyabr 2025-ci ildə verilib. Hüquqi baxımdan qərarın icrası üçün heç bir maneəə olmasa da, 6 aydır ki, icra baş tutmur.

Bu gün səhər saatlarına təyin olunan icra işi sonradan ertələnib. Saat 13 radələrində Sabunçu İcra Şöbəsinin icraçılarının iştirakı ilə icra işinin keçirilməsi qərara alınıb. Seymur Quliyev və vəkili hazırda ərazidə icra məmurlarının məhkəmə qərarını yerinə yetiriləcəyini gözləyirlər.

 

E.Məmmədəliyev,
Musavat.com

07.05.2026 14:17
835