ABŞ prezidenti Donald Trampın ötən ilin əvvəlindən başlayaraq “51-ci ştat” adlandırdığı Kanadanın dövlətçilik tarixi qısaca olaraq belədir:
1 iyul 1867-ci ildə Britaniya müstəmləkələri vahid bir dominionda birləşəndə Kanada müstəqillik qazanıb. Ölkə dinc konstitusiya prosesi vasitəsilə tədricən Böyük Britaniyadan tam suverenlik əldə edib və 1982-ci ildə öz konstitusiyası üzərində nəzarətin əldə edilməsi ilə başa çatıb.
Kanadanın müstəqil bir dövlət kimi ortaya çıxması bir neçə əsas mərhələdə baş verib:
1. Müstəmləkə dövrü (17-19-cu əsrlər)
Əvvəlcə ərazi Fransa və Britaniya müstəmləkələri arasında bölünüb. Fransanın “Yeddi illik müharibə”də (1763) məğlubiyyətindən sonra bütün bu torpaqlar Britaniya imperiyasının nəzarəti altına keçib.
2. Konfederasiyanın yaranması (1867)
ABŞ-nin genişlənməsindən qorxan və daxili iqtisadi problemləri həll etməyə çalışan Britaniya müstəmləkələri birləşib. 1 iyul 1867-ci ildə Britaniya parlamenti “Britaniya Şimali Amerikası” aktını qəbul edərək Kanada dominionunu yaradıb. İlk federasiyaya yalnız dörd əyalət daxil olub: Ontario, Kvebek, Yeni Şotlandiya və Nyu-Bransuik.
3. Suverenliyin tədricən əldə edilməsi (1926–1931)
Kanada iki əsas sənəd sayəsində daxili və xarici işlərini müstəqil şəkildə idarə etmək hüququ qazanıb:
1926: Kanadanı Britaniya Birliyi daxilində Böyük Britaniya ilə bərabərhüquqlu dövlət kimi tanıyan Balfur bəyannaməsi;
1931: Kanadanı faktiki olaraq müstəqil edən və hökuməti artıq Britaniya parlamentinə tabe olmayan Vestminster statutusu.
4. Tam müstəqillik (1982)
Baş nazir Pyer Trüdonun dövründə Birləşmiş Krallıqdan son hüquqi ayrılma baş verib. 17 aprel 1982-ci ildə konstitusiya aktı qüvvəyə minib. Tam dəyişiklik səlahiyyəti Londondan Kanada parlamentinə verilib. Bu çoxillik prosesin nəticəsi olaraq, keçmiş müstəmləkə suveren dövlətə çevrilib və eyni zamanda Britaniya monarxını nominal dövlət başçısı kimi saxlayıb.
İndi Trampın artıq neçənci dəfə 159 illik dövlətçilik tarixi olan Kanadanı “51-ci ştat” adlandırması, əslində 20-ci və 21-ci əsrdə müstəmləkə olmaqdan qurtularaq müstəqillik əldə etmiş 100-dən artıq dövlət üçün təhlükə deməkdir.
Kanada heç vaxt tərkibində olmadığı ABŞ-nin 51-ci ştatı olacaqsa, o zaman Fransanın Afrika və Okeaniyada, Britaniyanın dünyanın dörd bir tərəfində, Rusiyanın Avrasiyada öz köhnə müstəmləklərinə iddia etmək presedenti yaranacaq.
Göründüyü kimi, bu, təkcə, günün, ayın, ilin iddiası deyil, əsrin avantürası adlanmaq hökmündədir.
Musavat.com