Günün fotosu: Trampın potensial xələfinin qarşısının kəsilməsi

Hollivud aktyorlarına oxşayan bu kişi elə Hollivudun yerləşdiyi Los-Anceles şəhərində yaşayır və Kaliforniyanın qubernatorudur.

Onun adı Qevin Nyusomdur. Ölkəsində onu hamı tanıyır, bir neçə ilə dünyada onu tanımayan qalmayacaq. Güman ki, 2028-ci ildə keçiriləcək prezident seçkisində Nyusom Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd olacaq.

Yəni bu adama ölkəsinin potensial prezidenti kimi də baxmaq olar. Onun şəxsiyyətinə indiki marağın səbəbi məhz bu amildir.

Ancaq dünən bu şəxsə Davosda media ilə görüşmək-danışmaq imkanı verilməyib. Dünya İqtisadi Forumunda çıxış etməsi planlaşdırılan Nyusomu ABŞ pavilyonuna girməyə qoymayıblar.

Bunu Ağ Ev administrasiyasının göstərişi ilə əl-ayaq işlərinə baxan adamalar ediblər. Rəsmilərdən biri hətta onu “heç kəsin tanımadığı üçüncü dərəcəli qubernator” adlandırıb.

Nyusomun rəhbərlik etdiyi Kaliforniya isə nəinki “üçüncü”, heç “ikinci” dərəcəli quberniya da deyil, birinci dərəcəlidir.

Əgər bu gün Kaliforniya ABŞ-dən ayrılıb müstəqil dövlət olsa, dünyanın ən böyük iqtisadiyyata malik dövlətlərinin ilk onluğuna daxil ola bilər.

Əslində Kaliforniya dövlət içində dövlət kimidir – hər sahədə öndədir və ABŞ-nin ürəyidir.

Di gəl, belə bir ştatın xarizmatik liderinə qarşı öz ölkəsinin administrasiyası rəzalət sayıla biləcək hərəkət edib.

Bu hərəkətin səbəbləri aydındır. Ortada siyasi rəqabət var. Nyusom Trampın əsas tənqidçilərindən biridir.
Köhnə ABŞ prezidentlərindən fərqli olaraq, özünü “diktator” adlandırmaqdan çəkinməyə Donald Trampın davranışları gerçəkdə diktatorsayağıdır. O, siyasi rəqiblərini düşmən sayır, onları hər fürsətdə aşağılamağı, pisikdirməyi üstün tutur.

Ancaq bu, öz səhvlərini düzəltməyi bacaran cəmiyyətə malik ABŞ-dirsə, Nyusomun məruz qaldığı bu hörmətsizliyin cavabını yaxın illərdə verəcək.

Musavat.com

 

22.01.2026 13:13
1274