Günün fotosu – “Telefonumu da götürüb gedərəm, yenə gələrəm”

Bu şəkildəki qadın Latviyanın müvəqqəti baş naziri Evika Silinadır. Dünənə qədər o, gerçək baş nazir idi və onu çox az adam tanıyırdı. Bu gün çox adam tanıyır, amma müvəqqətidir, xanım vəzifəsindən istefa verib.

Evika Silinanın istefasına səbəb koalisiya daxilində artan mübahisələr olub. Koalisiya hökumətlərinin belə bir qüsuru var: partiyaların arasında mübahisə düşəndə büsat dağılır, baş nazir və digər nazirlər vəzifədən gedəsi olurlar.

Evika Silinanın istefasına səbəb Ukrayna dronlarının Rezekne həndəvərində Latviya ərazisinə daxil olması və qəzaya uğramasıdır. Bu azmış dronlara görə birinci ölkənin müdafiə naziri Andris Spruds istefa verib. Onun istefasını Evika Silina özü tələb edib, deyib ki, rekord miqdarda müdafiə xərclərinə baxmayaraq, dron əleyhinə müdafiə sistemi kifayət qədər tez cavab verməyib.

Sprudsun istefasından sonra onun üzv olduğu “Tərəqqipərvərlər” partiyası Silinanı dəstəkləməkdən imtina edib və prezidentdən yeni hökumətlə bağlı məsləhətləşmələrə başlamağı istəyib. (Bu da yayğın təcrübədir).

Belə olanda xanım Siliina bütün Nazirlər Kabineti ilə birlikdə istefa verməli olub. Ancaq yeni hökumət formalaşana qədər o və komandası Latviyanı idarə edəcək.

Latviya prezidenti Edqars Rinkeviçs sabah (15 mayda) parlament fraksiyaları ilə yeni hökumətin qurulması ilə bağlı məsləhətləşmələr aparacaq.

Siliina hökumət böhranının "siyasi qısqanclıq və dar partiya maraqları"nın nəticəsi olduğunu bildirib və istefasını "çətin, lakin dürüst qərar” adlandırıb. Ancaq o, siyasətdən ayrılmadığını, partiyası üçün işləməyə davam edəcəyini vurğulayıb. Bu, onun “gedərəm, yenə gəlləm” moduna girdiyinin göstəricisidir.

Belə hadisələr ən çox Avropa ölkələrində olur. Qoca Şərq bu kimi qeyri-sabitlikləri sevmir. Bu paralellərdə xaricdən azıb gəlmiş dronlara görə vəzifədən gedən olmur.

Musavat.com

 

14.05.2026 15:00
1573