Bu, İrəvanda çəkilən şəkildir. Başında kep, əlində ürək şəkli olan adamı da hamı tanıyır - ən azı üç ölkədə (Ermənistanda, Rusiyada və Azərbaycanda).
Yazının başlığındakı ermənicə verilən söz pis kəlmə deyil, Paşinyanın əlindəki şəkildə ifadə olunan işarəyə aiddir. Ermənilər ürəyə սիրտ - sirt deyirlər.
İndi bu yazının başlığını görən ermənilər bunu skrin-şot edib paylaşa, “görürsünüzmü, düşmən Azərbaycanda Paşinyanı “ürək” hesab edirlər, deməli, bu, onlara işləyir” deyə absurd iddialar irəli sürə bilərlər.
Ancaq məsələ bundadır ki, bu şəxs seçki kampaniyası başlamazdan əvvəl də eyzən idmançılar və şou-biznes adamları kimi iki əlinin barmaqlarından istifadə edərək ürək konfiqurasiyası göstərə-göstərə gəzirdi.
Paşinyanın gerçək sülhpərvər olduğu artıq hər kəsə bəllidir. O, bir erməni sülhpərvəridir – fakt qarşısında qalan, sülhpərvər olmağa məcbur olan, bunu öz xalqı üçün daha faydalı sayan liderdir. Ola bilər, ermənilər əvvəlki kimi üstün mövqedə olsaydılar, Paşinyan da sülh çağırışlarına “voç” deyərdi.
Təkcə onun başındakı kepdə Ermənistanın xəritəsinin narıncı boya ilə həkk edilmiş şəklinin miqyası göstərir ki, o, ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasında olmadığını dünyaya nümayiş etdirir. Paşinyan hər fürsətdə dilə gətirir ki, Ermənistan öz 29,7 kvadrat\kilometr ərazisinə sahib çıxmalıdır və başqa torpaqlara iddia etməməlidir.
Onun bu fikri ilə razılaşmayanların hamısı müharibə tərəfdarıdır və öz xalqlarına faciə yaşatmaq istəyənlərdir.
Paşinyan çoxdan anlayıb ki, ermənilər artıq onun-bunun əlində maşa olmalı deyil. Çünki maşalıqla qazanılan istənilən hərbi uğurun axırı yoxdur, qalıcı olmur. Maşanı istifadə edən adam bir gün onu kənara qoyur və iş bitir.
Hazırda erməni xalqının mühüm bir hissəsinin Paşinyanı “ürək” hesab etməsi onu göstərir ki, xalq müharibədən həm bezib, həm də gözü qorxub. Onlar istəmirlər ki, gənc oğulları hansısa böyük dövlətlərin eqo və maraqları, nasist dairələrin utopik planları üçün qurban getsin.
Elə hazırda “savaş-savaş”, “Qarabağ-Qarabağ” deyən revanşist qüvvələr də öz övladlarını heç bir müharibəyə göndərmək fikrində deyillər. Onlar artıq qabağa verib qırdırmaq üçün yeni nəslin yetişdiyini görürlər. Öz övladları onların sırasında deyil, ya xaricdə oxuyurlar, ya da iş qurub pul qazanırlar.
Əgər erməni xalqı iyulun 6-da Paşinyana – “sülh partiyası”na səs verməyəcəksə, “müharibə partiyası”nı yenidən iş başına gətirəcəksə, ən azı payızda peşman olacaq.
Musavat.com