Günün fotosu – fransız xalqı kef edir, almanların mayı yenə qara gəldi

Bu foto bir qədər əvvəl bitən “Bavariya”-PSJ matçının sonunu əks etdirən görüntüdür.

Göründüyü kimi, Parisin PSJ klubu qələbə coşqusu yaşayır. O tərəfdə isə almanlar üzgündür. Çünki onlar 8 gün öncə asan yem hesab etdikləri fransızlara uduzub, Çempionlar Liqasının finalına çıxmaqda məhrum olublar.

Əslində almanlar fransızlara hələ Parisdə uduzmuşdular. “Bavariya” Parisdə PSJ-yə 4 qol vursa da, qapısından 5 top buraxaraq yenilmişdi və ümidini Münhendəki cavab oyununa bağlamışdı. O da belə oldu.

Münhendəki oyun elə ilk dəqiqələrdən fransızların üstünlüyünü ortaya qoydu. Fransızlar almanlardan hər şeydə üstün idilər.

Uzun müddət Bakıda futbolçu, məşqçi həyatı yaşayaraq pul qazanmış Badri Kvaratsxeliyanın oğlu olan, Bakı çörəyi yemiş Xviça Kvaratsxeliya almanlara, “Bavariya”nın dünya ulduzu olan oyunçularına futbol dərsi keçdi.

fransız.JPG (61 KB)

Bu oyun əslində PSJ-Noyer oyunu oldu. Qapıçı Manuel Noyer PSJ oyunçularının, o cümlədən Xviçanın 7 zərbəsini qapı çərçivəsindən çıxardı. Əvəzində “Bavariya”nın ulduzları 90 dəqiqə ərzində rəqiblərinin qapısına düz-əməlli bir zərbə vura bilmədilər. Yalnız 90+4-cü dəqiqədə komandanın köhnə xilaskarı Harri Keyn fərqləndi, oyunu 1:1 etdi. Ancaq bu, bəs olmadı və “Bavariya”nın qələbə qolunu vurmağa vaxtı çatmadı.

Beləliklə, almanların qara mayı davam edir. 81 il öncə bu günlərdə Almaniya II dünya müharibəsində SSRİ, ABŞ, Böyük Britaniya, o cümlədən Fransaya məğlub olmuşdu.

81 il öncə olduğu kimi, yenə də fransızlar qələbəni bayram edir, almanlar üzgündürlər. İki həftədən sonra fransızlar ingilislərlə üz-üzə gələcəklər və Avropda kimin ən güclü olduğu bilinəcək.

Avropa xalqlarının rəqabəti, yarışması, dartışması futbol müstəvisində davam edir.

Musavat.com

07.05.2026 01:25
1518