Fransız general: “Kamikadze dronların dövrü yaxınlarda bitəcək”

Fransa silahlı qüvvələrinin quru qoşunlarının qərargah rəisi, general Pyer Şillin sözlərinə görə, ucuz və manevr edə bilən pilotsuz təyyarələr tezliklə döyüş meydanında əsas qüvvə olmaqdan çıxacaq.

Musavat.com xəbər verir ki, generalla müsahibəni Amerikanın “Defense News” nəşri dərc edib.

General etiraf edib ki, bu gün Ukraynada müharibə zonasında 80% hallarda düşmən texnikasının və ya şəxsi heyətinin məhv edilməsi pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir. Eyni zamanda Pyer Şill bildirib ki, təxminən bir-iki ildən sonra kiçik dronlara qarşı təsirli tədbirlər hazırlanacaq.

Fransız general deyib ki, bu gün qılınc asanlıqla qalxana nüfuz edə bilər, ancaq sonda qalxan qılınc zərbəsini dəf edəcək qədər güclü olacaq.

P.Şill nümunə kimi pilotsuz təyyarələri məhv etmək və ya sıradan çıxarmaq üçün nəzərdə tutulmuş avadanlıq modellərini göstərib. General “Əqrəb” proqramı çərçivəsində pilotsuz təyyarələrə qarşı mübarizə aparmaq üçün “Qriffin”, “Serval” və “Yaquar” zirehli maşınlarının modernləşdirilməsinə xüsusi diqqət yönəldib.

Şillin fikrincə, məhz süni intellektin gələcək inkişafı dronların dominantlığı dövrünün sonunu gətirəcək. Böyük miqdarda məlumatı emal edən mikroprosessorlar göyərtədə olan süni intellektlə birlikdə döyüş sisteminə düşmən pilotsuz təyyarələrinin yaxınlaşmasına anında reaksiya verməyə və təhlükəni gecikdirmədən aradan qaldırmağa imkan verəcək.

"PUA-lar artıq döyüş meydanını cəzasız idarə edə bilməyəcək", - deyə fransız general əmindir.

Pyer Şill izah edib ki, ən son model dronlar buraxıldıqdan 6 ay sonra köhnəlir. Buna görə də Fransa ordusu kütləvi istehsalı təşkil etməklə yanaşı, ayrı-ayrı briqadalar üçün kiçik partiyalarda pilotsuz təyyarələr almaq niyyətindədir.

Musavat.com

25.06.2024 14:29
927