Musavat.com xəbər verir ki, “Ford” şirkəti 15 noyabr tarixində avtomobil tarixinin ən populyar modellərindən biri olan Ford Focus-un istehsalını rəsmi olaraq dayandırıb. Beləliklə, 27 illik model öz yolunun sonuna çatdı. Bu illər ərzində dünya üzrə 12 milyona yaxın Focus satılıb.
Şirkətin açıqlamasına görə, kompakt seqmentdə Focus-un yerini bundan sonra Explorer və Capri kimi eyni ölçülü elektromobillər tutacaq. Qeyd edək ki, istehsalın dayandırılması ilə bağlı qərar hələ 2022-ci ildə elan olunmuşdu və məqsəd “Ford”un elektrik avtomobillərinə keçidini sürətləndirmək idi.
Bir vaxtlar Focus-un ilk nəsilləri Rusiyada da rəsmi şəkildə istehsal olunur və satışa çıxarılırdı. Model həm yeni, həm də ikinci əl bazarında uzun müddət lider mövqeyini qorumuşdu.
Focus və Fiesta modellərinin istehsaldan çıxarılması “Ford”un Avropa bazarında mövqelərinə ciddi təsir edib. Şirkət 2015-ci ildə sahib olduğu ikinci yerdən, ötən il 12-ci pilləyə geriləyib və Avropa bazarındakı payının yarısını itirib.
Musavat.com