Nə qədər çılğın, kateqorik, tez-tez fikir dəyişən olsa da, prezident Tramp düz deyir, İranın mövcud vəziyyətə düşməsinin əsas səbəbi ölkənin pis idarə olunmasıdır.
Bəlkə bəzi başqa ölkələrə münasibətdə obyektiv və subyektiv amilləri nəzərə alaraq idarə edənləri tam günahlandırmaq olmaz, amma İranın problem məhz idarəetmə ilə bağlıdır. Yoxsa hər iki-üç ildən bir on minlərlə adam küçələrə tökülməz, hakimiyyətə bu qədər şiddətli etiraz etməz.
Afrikada, Asiyada elə ölkələr var ki, təbii resursları, faydalı qazıntıları kasaddır, əhaliləri çoxdur, nəsə istehsal etmək, iş yerləri yaratmaq mümkün olmur, xarici ölkələrə satmaq üçün ucuz xammaldan başqa heç nəyə malik deyillər. Belə ölkələri inkişaf etdirmək, ağ günə çıxarmaq çox çətindir. Bundan ötrü fenomenal ağıla, təhsilə, effektiv iqtisadi proqramlara, böyük xarici investisiyaya ehtiyac var.
İran isə zəngin ölkədir, karbohidrogen ehtiyatları, bərəkətli torpağı, böyük insan resursu, intellektual potensialı var. Bu ölkənin əhalisinin yüksək rifah içində yaşaması üçün dövlət hər şeyə malikdir.
Təkcə İran deyil, neft və qaz yataqlarının zənginliyini nəzərə alsaq, Venesuela da dünyanın ən varlı, firavan ölkələrinin ilk 20-liyinə girməlidir.
Bu iki ölkənin sərvəti Norveç və Kanadanın malik olduğundan çoxdur. Üstəlik, iqlimləri də onlarınkı kimi sərt deyil. Amma Kanadanın vəziyətinə baxaq, Norveçin durumuna və İranın halına baxanda adam böyük fərqlər görür.
Kanadada adambaşıba düşən illik gəlir 60 min dollardan çoxdur və bu, onu dünyada 24-cü pilləyə qoyur. Norveçdə bu rəqəm 78 min dollardır (dünyada 6-cı). İranın isə adambaşına düşən gəliri 19 min dollardır və bu göstəriciyə görə dünyada 80-cidir.
Norveç və Kanadanı idarə edənlər milli sərvətlərindən lazımınca faydalanırlar, hətta gələcək nəsillərin firavanlığı üçün əmanət də birikdirirlər.
Dünyanın ən zəngin karbohidrogen ehtiyatlarına malik İran və Venesuelada isə inflyasiya çoxdan super və hiper mərhələsini geridə qoyub, yeni levellərə doğru irəliləyir. Ekspertlər bir az da rişxəndlə “bir kilo İran rialı ilə bir kilo tualet kağızı almaq mümkün deyil” deyərkən haqlıdırlar. Hətta Venesuela bolivarı bundan da dəyərsizdir. Bundan daha dəyərsiz valyuta Zimbabve dollarıdır, hələ 5-6 il əvvəl onun 5-6 milyonuna bir yumurta alırdılar.
Ancaq dünyada Zimbabveni kasıbçılığa görə qınayan azdır, çünki ölkə təbii sərvətlər sarıdan yarımayıb, üstəlik, iqlimi də əlverişsizdir. Düzdür, bu ölkənin kasıbçılığında uzun illər Roberto Muqabenin yaratdığı diktatura rejiminin təqsiri böyükdür, ancaq Zimbabve iqtisadiyyatının idarəçiliyini Yaponiya iqtisadçılarına versələr də, onlar nəticə əldə etmək üçün illərlə əlləşərdilər.
Neftlə zəngin Nigeriya da o gündədir, dünyanın ən kasıb ölkələrindən biridir.

İran və Venesuealanın, eləcə də Nigeriyanın əhalisinin kasıblığının, maddi sıxıntı içində çabalamasının birbaşa günahı ölkəni pis idarə edənlərdədir.
Vaxtilə neft milyardlarının hesabına bir az dirçələn Venesuela normal təhsili olmayan prezident Nikolas Maduronun və onun korrupsioner, talançı komandasının işbilməzliyi sayəsində bu günlərə düşüb. Maduro ölkəsinin sərvətlərindən yararlanaraq, dövlət idarə etməsini ideoloji relslərin üzərindən endirmək əvəzinə, SSRİ və Kubadan təsirlənərək “imperialist dairələr”lə, “mənfur kapitalistlər”lə qarşıdurma yolu tutdu, nazirlərinin, generallarının dövlətin və xalqın malını ölçüsüz şəkildə talamalarına şərait yaratdı, nəticəsi də belə oldu: ölkə əhalisi ac-yalavacdır.
1979-cu ilin bu vaxtları İranda hakimiyyətə gələn teokratik qüvvələr isə inkişaf etmiş Qərb ölkələri ilə arasını yumşaltmağa çalışmadı, qarşıdurmaya getdi, ətraf ölkələrə yaşıl inqilab ixracına milyardlar xərclədi, əvvəlcə regional gücə çevrilmək, sonra dünyanın 10 ölkəsindən biri olmaq, nüvə silahı əldə etmək istədi, müsəlman ölkələrinə məzhəbçilik prizmasından yanaşdı, nəticədə həm dünyada təkləndi, həm də regionun kabusuna çevrildi.
Göz önündə Yaponiya və Çin örnəyi, bu ölkələrin nail olduğu iqtisadi möcüzələr var. Adı çəkilən ölkələr vaxtında “böyük dövlət olmaq” ambisiyasından vaz keçərək, iqtisadi inkişaf yolu tutdular, malik olduqları təbii sərvətlərdən səmərəli istifadə etdilər, nəhayətdə həm böyük dövlət oldular, həm də ölkə vətəndaşlarına yaxşı güzəran təmin etdilər.
İran dövləti isə xalqı Allah ümidinə buraxıb, üzünü Şimali Koreya səmtinə tutub. Kim Çen Inın ölkəsinin nüvə bombası, ballistik raketləri, sualtı qayıqları, 1 milyon 200 min zabit və əsgəri olan ordusu var, ancaq insanlar dünyadan təcrid vəziyyətdə və ciddi ehtiyac içində yaşayırlar. Hərbi qüdrət əhaliyə firavanlıq gətirmir. İran da istəyir ki, nüvə silahı əldə etsin, Yaxın Şərqdə söz sahibi olsun, ancaq belə olanda da 86 milyondan artıq əhalinin dolanışığı, iş-güc tapması, yaşayış minumumları ilə təmin olunması ikinci plana keçir.
Deyilə bilər ki, İran müsəlman ölkəsi olduğuna görə qüdrətli Qərb dövlətləri ona inkişaf etmək, yaşamaq imkanı vermirlər. Ona qalsa, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Oman, Qətər də müsəlman ölkələridir, ancaq onların inkişafı, güzəranı yüksək səviyyədədir. Demək, ətraf dünya ilə uyumlu olmaq, mötədil siyasət yeritmək, dövləti ağıl-kamalla, qanunlarla, proqramlarla idarə etmək lazımdır.
Araz Altaylı, Musavat.com