Faciədən sonra da dərs OLMADI: Bakıda kartinqdə TƏHLÜKƏ - “Avtodrom”dan reportaj FOTO-VİDEO

Ötən ay Bakıda uşaqlar üçün nəzərdə tutulmuş bir əyləncə məkanında baş verən ağır qəza cəmiyyətdə ciddi rezonans doğurdu. Kartinq meydançasında yaşanan faciə nəticəsində paytaxt sakini, 2008-ci il təvəllüdlü Kamal Səfərli həyatını itirdi, 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadə isə hadisənin iştirakçısı oldu.

İlkin məlumatlara görə, qəza kartinqlərdən birində yaranmış qəfil texniki nasazlıq səbəbindən baş verib. Uşaqlar üçün düşünülən bir əyləncə məkanının ölüm səhnəsinə çevrilməsi təhlükəsizlik tədbirlərinin real vəziyyətini yenidən gündəmə gətirdi.

Bu faciə bizə dərs oldumu? Əyləncə mərkəzlərində oxşar hadisələrin təkrarlanmaması üçün hansı addımlar atılır?

Bu suallara cavab tapmaq üçün Musavat.com əməkdaşı paytaxtın ən çox istifadə olunan kartinq məkanlarından biri olan Dənizkənarı Milli Parkdakı “Avtodrom”da olub.

WhatsApp Image 2026-02-03 at 14.53.45 (1).jpeg (416 KB)

Məkana yaxınlaşan kimi ilk diqqət çəkən mənzərə uzun növbələr idi. Uşaqlar və valideynlər səbirsizliklə kartinqə minmək üçün gözləyirdilər. Əyləncə ab-havası hökm sürsə də, müşahidələrimiz təhlükəsizlik baxımından ciddi suallar doğurdu.

Belə ki, kartinqə minən uşaqlara hər hansı qoruyucu vasitə – nə dəbilqə, nə boyun qoruyucusu, nə də əlavə təhlükəsizlik ləvazimatı təqdim olunurdu. Daha da narahatedici məqam o idi ki, azyaşlılar valideynlərindən ayrı, təkbaşına kartinqlərə əyləşdirilir, təhlükəsizlik kəmərlərinin bağlanmasına isə nəzarət olunmurdu.

WhatsApp Image 2026-02-03 at 14.53.58.jpeg (217 KB)

Heç bir ilkin təlim, qısa izahat və ya təhlükə zamanı davranış qaydaları ilə bağlı məlumat verilmədən uşaqlar trassaya buraxılırdı. Sanki kartinq sadəcə adi bir oyuncaqdır və baş verə biləcək risklər nəzərə alınmır. Valideynlərin bir qismi də prosesə müdaxilə etmir, məsuliyyət tam şəkildə mərkəzin üzərinə buraxılırdı.

Halbuki ötən ay baş verən faciə göstərdi ki, kartinq yüksək sürətə malik, real təhlükə yarada bilən texniki vasitədir və burada ən kiçik səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.

WhatsApp Image 2026-02-03 at 14.53.44.jpeg (371 KB)

“Avtodrom”dakı mənzərə isə sual doğurur: görəsən, bu faciədən sonra təhlükəsizlik yanaşmasında real dəyişiklik edilibmi, yoxsa hər şey əvvəlki kimi öz axarına buraxılıb?

Musavat.com olaraq apardığımız müşahidələr onu deməyə əsas verir ki, əyləncə adı altında fəaliyyət göstərən bu məkanlarda təhlükəsizlik məsələsi hələ də lazımi səviyyədə prioritet sayılmır. Bu isə yeni faciələrin baş vermə riskini istisna etmir.

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev bizimlə söhbətdə deyib ki, kartinqin əyləncə kimi təqdim edilməsinə baxmayaraq, əslində ciddi risk daşıyan texniki vasitədir.

MUSAYEV.jpg (69 KB)

Onun sözlərinə görə, baş verən son hadisə bəzi kartinq mərkəzlərində təhlükəsizlik məsələlərinə formal yanaşıldığını açıq şəkildə ortaya qoyur.

Ekspert vurğulayıb ki, təhlükəsizlik kartinqin texniki vəziyyətindən başlayır: hər bir vasitə trassaya çıxmazdan əvvəl yoxlanılmalı, sükan, qaz pedalı və digər mexanizmlər tam saz olmalıdır. Xüsusilə yeniyetmələr üçün sürət mütləq şəkildə məhdudlaşdırılmalı, uşaqlara uyğun texniki parametrlər dəqiq müəyyənləşdirilməlidir.

Onun fikrincə, bu sahədə “təxmini” yanaşmalar ciddi risklər yaradır.

Orxan Musayev kartinqdən əvvəl məcburi təlimlərin keçirilməsinin vacibliyini də qeyd edib:

“İştirakçılara, xüsusən də uşaqlara təhlükəli vəziyyətdə necə davranmalı olduqları aydın şəkildə izah edilməlidir. Panika zamanı qazı sıxmaq yox, əyləci düzgün istifadə etmək bacarığı öyrədilməlidir. Eyni zamanda kartinq meydançalarının təhlükəsizlik standartlarına cavab verməsi, zərbəni udan qoruyucu baryerlərlə təmin olunması və riskli döngələrdə əlavə mühafizə tədbirlərinin görülməsi vacibdir”.

Ekspertin sözlərinə görə, meydançalarda nəzarət prosesi də öz axarına buraxılmamalıdır:

“Daim təlim keçmiş personal olmalı, hər hansı qəza zamanı dərhal bütün hərəkət dayandırılmalıdır. Bir iştirakçının yıxıldığı halda digərlərinin hərəkətinə icazə verilməsi son dərəcə təhlükəlidir və bu, beynəlxalq praktikaya ziddir”.

Musayev əlavə edib ki, qoruyucu vasitələr sadəcə görüntü üçün deyil, real təhlükəsizliyi təmin edəcək şəkildə tətbiq olunmalıdır. Dəbilqə, boyun qoruyucusu və təhlükəsizlik kəmərləri uşağın ölçülərinə uyğun olmalı və işlək vəziyyətdə saxlanılmalıdır. Yeniyetmələr böyüklərlə eyni şərtlərdə trassaya buraxılmamalı, yaşa uyğun kartinqlərdən istifadə edilməlidir.

Ekspert valideynləri də məsuliyyətli olmağa çağıraraq bildirib ki, uşaqları kartinqə buraxmazdan əvvəl onların bu fəaliyyətə nə dərəcədə hazır olduqları mütləq yoxlanılmalıdır.

Afaq Mirayiq,
Foto-video müəllifindir
Musavat.com

03.02.2026 17:07
1730