Etibar Əliyevdən Fransaya sərt etiraz: “De Qol dövründən Makron dövrünə qədər pendir növünün sayı kəskin azalıb”

Deputat Etibar Əliyev Milli Məclisin iclasındakı çıxışında Fransanın anti-Azərbaycan siyasətindən bəhs edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi bizi narahat etməyə bilməz:

“Ermənistana hücum xarakterli öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi sülh müqaviləsinin imzalanmasına açıq- aşkar əngəllər törədir. Ermənistanın daxilində revanişistləri qidalandıran Makron rejimi anlamır ki, artıq bu ölkədə ekstremist və təxribatçı qüvvələr tükənib. Ermənistan postbalayan, ter - tatevosiyan, ter- Petrosyan, Sərkisyan, Köçəryan dövrünü yaşayır. Və ekstremistlərin varislərinin olmadığı bir şəraitdə öldürücü silahlar bumeranq effekti verəcək. Makron hələ də anlamır ki, cəfəng “dənizdən dənizə ermənistan” ideyası, genosid fırıldağı tarixin zibilliyinə atılıb. 20-ci əsrin böyük fikir adamı, şair, esseist, dramaturq Pol Valeri “Fransanın obrazı” essesində yazır: “Fransız xalqı qədər ziddiyyətli və əsəbi xalq yoxdur. Fransa yegənə ölkədir ki, ironiya öz tarixi rolunu qədərincə oynayıb. İroniya bir neçə rejimin süqutuna gətirib çıxarıb”. Makronun ifrat ironiyası da artıq başına bəla olub. Hər bir dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti təhlil etmək üçün onun bioqrafiyasına diqqət yetirmək lazımdır. Makronun bioqrafiyası ilə yaxından tanış olmaq üçün tanınmış jurnalist Sofi Petterin onun haqqında yazdığı məqaləni oxumaq kifayətdir”.

E.Əliyev həmin məqalədən misal çəkib:

“Böyük filosof Pol Riker Makronu sol milliyətçi Fransua Dossenin məsləhəti ilə köməkçi götürür. “Yaddaş, tarix və unutqanlıq” kitabını redaktə etmək üçün ona verir. Makron tez tez öz fikirlərini izah etmək üçün onun yanına gəlirdi və bəzən ədəbsizlik edib filosofa yersiz məsləhətlər verirdi. “Le Mondun” arxivində Pol rikorun qeydləri tapılıb. Həmin qeydlərin birində Rikor Makronun ona məsləhətlər verməkdə səriştəsinin çatmadığını qeyd edir. Bundan sonra onu yanından qovur. Pol Rikor 5 il faşist düşərgəsində dustaq olub. Və köməkçisinin şüurunda tarix və yaddaş haqqında təsəvvürlər formalaşdıra bilib. Faşizm ideologiyası Makronun təhtəlşüurunda yaşayır. Ermənilərin ruhu ölübsə - keşiş də dirildə bilmir - öldürücü silahlar onlara hansı köməklik edə bilər. Bu yerdə Şarl de Qolun bir aforizmini xatırlamaq istəyirəm. 246 növ pendiri olan ölkəni necə idarə etmək olar? Elə Makron kimi! başına yumurta çırpırlar, Mona Lizanın tablosunun üzərinə əvvəlcə tort atırlar, sonra isə şorba tökürlər. Makronun hakimiyyəti dövründə Leonardo Da Vinçinin bu əvəzsiz əsərinin üzərinə zirehli şüşə quraşdırıblar. Bu da Makronun bioqrafiyasının əsas cizgilərindən biridir”.

Deputat bildirib ki, böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin vandalizmə məruz qalması isə Beynəlxalq səviyyədə tərbiyəsizlik və mədəniyyətsizlikdir:

“Görsənir ki, De Qol dövründən Makron dövrünə qədər pendir növünün sayı kəskin azalıb”.

E.Paşasoy,
Musavat.com

25.06.2024 13:22
559