Türkiyənin Kayseri şəhərində zərgərlik mağazasını yarıb qızıl oğurlayan, daha sonra isə eşşəklə qaçan Mehmet Ç. barəsində verilən hökmün detalları açıqlanıb.
Musavat.com xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsə ümumilikdə 9 il 7 ay həbs cəzası verib.
Hadisənin fevralın 9-da Melikqazi rayonunun İldem Cümhuriyyət məhəlləsində baş verdiyi bildirilib. Məlumata görə, Mehmet Ç. oğurlanmış forkliftlə zərgərlik mağazasının qarşısına gəlib. O, forklift vasitəsilə mağazanın qoruyucu qapılarını sındıraraq içəri daxil olub və təxminən 150 qram qızıl-zinət əşyası oğurlayıb.
Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırdıqdan sonra şübhəlini qısa müddətdə saxlayıb. Oğurlanan qızılların isə torpağa basdırılmış vəziyyətdə tapıldığı və sahibinə qaytarıldığı bildirilib.
Yayılan təhlükəsizlik kamerası görüntülərində Mehmet Ç.-nin mağazanın qapısını forkliftlə dağıtdıqdan sonra qızılları götürərək hadisə yerindən eşşəklə uzaqlaşdığı əks olunub.
Kayseri Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında təqsirləndirilən şəxs “əmlaka zərər vurma”, “iş yeri toxunulmazlığını pozma” və “bina daxilində saxlanılan əmlakı oğurlama” maddələri ilə ittiham olunub və onun üçün 16 ilə qədər həbs cəzası istənilib.
Məhkəmədə videobağlantı sistemi ilə ifadə verən Mehmet Ç. hadisə günü spirtli içki qəbul etdiyini, daha sonra küçədə gördüyü forklifti işə salaraq zərgərlik mağazasına girdiyini etiraf edib. O, oğurluqdan sonra təxminən 500 metr aralıda saxladığı eşşəyə minib evinə getdiyini də bildirib.
Məhkəmə qərarına əsasən, Mehmet Ç. “bina daxilində saxlanılan əmlakı oğurlama” maddəsi üzrə 7 il 6 ay, “iş yeri toxunulmazlığını pozma” maddəsi üzrə 1 il 3 ay və “əmlaka zərər vurma” maddəsi üzrə 10 ay həbs cəzasına məhkum edilib. Beləliklə, onun ümumi cəzası 9 il 7 ay müəyyənləşdirilib.
Əsaslandırılmış hökmdə təqsirləndirilən şəxsin maska taxaraq hərəkət etdiyi, forkliftlə mağazaya çırpıldığı və oğurladığı qızılları göyərçin yuvalarından birində gizlətdiyi qeyd olunub. Məhkəmə həmçinin Mehmet Ç.-nin müdafiəsini “adi həyat axarına zidd və qeyri-səmimi” hesab edərək effektiv peşmanlıq müddəalarının tətbiq edilmədiyini vurğulayıb.
Musavat.com