Ermənistanla 4 milyonluq ticarətimiz – O halda böyüyəcək ki...

Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi fonunda ticarət əlaqələrinin inkişafı, ölkəmiz üzərindən Ermənistana tranzit daşımaların bərpası istiqamətində atılan addımlar artır. Musavat.com xəbər verir ki, artıq Azərbaycanın xarici ticarət statistikasında Ermənistanla ticarətin həcmi əks olunmağa başlayıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabata əsasən bu ilin yanvar-fevral aylarında Azərbaycan Ermənistana 4 milyon 220,3 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, Azərbaycanın ümumi ixracının 0,12 faizini təşkil edib. Hesabat dövründə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Bu ilin yanvar-fevral ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 faiz azdır. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 faiz, idxal isə 37,2 faiz azalıb. Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 faiz çoxdur.

Qeyd edək ki, ötən ilin sonlarında Azərbaycandan Ermənistana 788,8 min dollar dəyərində 1210,28 ton tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzinləri ixrac olunub. Bu ilin yanvarında artıq ixrac olunan məhsulların çeşidi artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvarda Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 2 milyon 403,57 min dollara bərabər olub. Bu həcmin hamısı Azərbaycanın ixracından ibarətdir. Ay ərzində Ermənistana 672,4 min dollar dəyərində 979,46 ton Aİ92 markalı avtomobil benzini, 1 milyon 167,99 min dollar dəyərində 1743,22 ton Aİ95 markalı benzin, 563,18 min dollar dəyərində 956,03 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı da daxil olmaqla) satılıb.

Xatırladaq ki, Azərbaycandan Ermənistana yanacaq ixracı 2025-ci il 18 dekabr tarixində başlayıb. Həmin gün 1220 ton Aİ-95 markalı benzin göndərilib. 2026-cı il 9 yanvarda yeni partiya yola salınıb: 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı. 11 yanvarda isə əlavə olaraq 979 ton Aİ-92 benzini Ermənistana çatdırılıb. Fevralın 25-də daha iri həcmli partiya göndərilib - 4500 ton dizel yanacağı.

Proses başladılıb və Ermənistanda iyunda gözlənilən seçkilərdə qatı revanşist qüvvələr hakimiyyətə gəlməyəcəyi təqdirdə iki ölkə arasında ticarət əlaqələrinin maliyyə-bank sisteminə nüfuz etməsi tezliklə reallaşacaq. Belə ki, ticarət əlaqələri 3 aydır başlasa da, hələlik onun maliyyələşməsi dolayı yolla həyata keçirilir. Böyük ehtimalla, bu proses Gürcüstan vasitəsilə reallaşdırılır. Türkiyə-Ermənistan ticarəti kimi, Azərbaycan-Ermənistan ticarəti də hələlik Gürcüstan bankları üzərindən maliyyələşdirilir. Yəni, Ermənistan aldıqlarının dəyərini Azərbaycan ixracatçısının Gürcüstan banklarındakı hesablarına ödəyir.

Ticarət münasibətləri genişləndikcə, bu, maliyyə sistemləri arasında əlaqələndirməni zərurətə çevirəcək. Beləliklə, Ermənistan tərəfindən hər hansı problem yaranmasa, hətta bu ilin sonunadək banklararası əlaqələrin qurulması istiqamətində real addımlar atıla bilər. Azərbaycan sülh prosesi və qarşılıqlı iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu birmənalı şəkildə bəyan edir və bu siyasətə sadiq olaraq qalır.

Hələlik iki ölkə arasında yükdaşımalar Gürcüstan üzərindən reallaşdır. Lakin Zəngəzur dəhlizinin açılması iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına böyük təkan verə bilər. Çünki mövcud layihəyə əsasən, Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyəyə uzanacaq dəhliz çoxfunksiyalı olacaq: dəmiryolu, avtomobil əlaqəsi ilə yanaşı dəhlizlə elektrik ötürücü xətlərin də çəkilməsi nəzərdə tutulur. Həmin xətlərlə Ermənistana da elektrik enerjisinin çatdırılması realdır.

Hazırda İrəvan İrandan qazı alaraq öz İES-ində elektrik enerjisi istehsal edir, 1 kubmetr qazdan alınan 5 kvt.saat enerjinin 3-nü İrana qaytarır, 2-ni isə öz istehlakçılarına paylayır. Azərbaycan azad olunmuş ərazilərdə nəhəng bərpa olunan enerji istehsalı gücləri yaradır. Dəhliz işə düşənə qədər bu güclər bölgənin tələbatından dəfələrlə çox enerji istehsalını təmin edəcək. Bu isə əldə olunan enerjinin Ermənistana da ixracına imkan yaradacaq. Eyni zamanda, Azərbaycan öz məhsullarını bu dəhlizlə əlavə tranzit haqqı ödəmən Ermənistana çatdırmaqla gəlir itkisindən yayına biləcək.

Enerji və enerji məhsullarından əlavə, həm Azərbaycanda, həm Ermənistanda sərhədyanı ticarətin inkişafı üçün real imkanlar var. Hər iki ölkənin sərhəd bölgələri üçün zəruri olan bir çox məhsullarla ticarətin qurulması mümkündür. Söhbət meyvə-tərəvəzdən tutmuş, məişət əşyaları, geyimlər və məişət əşyalarına qədər çoxsaylı məhsullardan gedir. 2020-ci ildə - quru sərhədlər bağlanana qədər belə ticarət Gürcüstan, Rusiya və İranla sərhəd bölgələrdə geniş vüsət almışdı. Sərhədlər açılarsa, analoji prosesin Ermənistanla da getməsi mümkündür. Lakin aydın məsələdir ki, bunun üçün müəyyən müddətə ehtiyac var: birbaşa əhali arasında əlaqələrin bərpası üçün müharibənin açdığı yaraların köhnəlməsi mütləqdir...

Dünya SAKİT,
Musavat.com

18.03.2026 18:37
882