İrəvanda Ermənistanın siyasi keçmişi yenidən mübahisə mərkəzinə çevrilib. ABŞ-də yaşayan erməni bloger Eduard Poqosyanın yayımladığı videomüraciət ölkənin son 20–25 illik siyasi tarixinə dair daha geniş və həssas debatları yenidən alovlandırıb.
Poqosyanın söylədikləri xüsusilə keçmiş prezident Robert Köçəryan dövrü ilə bağlı səsləndirilən ittihamlar fonunda diqqət çəkir. O, atası Maer Poqosyanın ölümünün rəsmi izahının həqiqəti əks etdirmədiyini, hadisənin uzun illər qəhrəmanlıq narrativi altında təqdim edildiyini bildirib. Blogerin sözlərinə görə, dövlət tərəfindən formalaşdırılmış rəsmi versiya daha sonra mükafatlandırma və ictimai qəhrəmanlıq statusu ilə möhkəmləndirilib. O, bu prosesin həqiqətin sistemli şəkildə ört-basdır edilməsi olduğunu deyir.
İddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Videoda səsləndirilən başqa bir iddia isə qətldə adı çəkilən Qrant Qriqoryanın sonradan siyasi fəaliyyətə keçərək parlament üzvünə çevrilməsi ilə bağlıdır. Bu iddia da ayrıca rəsmi təsdiqini tapmayıb. Eduard Poqosyan keçmiş hakimiyyət dövrünü sərt tənqid edərək, hüquq-mühafizə və məhkəmə sisteminin siyasi məqsədlərə tabe edildiyini, şahidlərin və istintaq proseslərinin təzyiq altında formalaşdırıldığını qeyd edir. O, həmin dövrü vahid idarəetmə orkestri kimi xarakterizə edir.

Ermənistanda bu cür iddialar yeni deyil. Poqosyanın qonşu ölkə cəmiyyətində və mediasında ciddi rezonans doğurmuş iddiaları ilə birbaşa səsləşən, ən bariz saxta qəhrəmanlıq və cinayətlərin gizlədilməsi hadisələri bir deyil, iki deyil. Eduard Poqosyanın iddialarına ən mükəmməl dərəcədə bənzəyən hadisə erməni general Manvel Qriqoriyanın hadisəsidir.
O, uzun illər Ermənistanda rəsmi qəhrəman, "artsax qəhrəmanı" statusu daşıyan və toxunulmaz olan bir general və deputat idi. Saxtalıq 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra onun mülklərində aparılan axtarışlar zamanı üzə çıxdı. Bəlli oldu ki, bu "qəhrəman" illərlə əsgərlərə göndərilən ərzaqları, xüsusən də "tuşonka"ları, orduya aid yardımları oğurlayaraq öz şəxsi zooparkındakı heyvanlara yedizdirirmiş. O günlərdə Ermənistanda hakimiyyət Manvel Qriqoryanı süni şəkildə toxunulmaz və müqəddəs bir qəhrəman obrazını formalaşdırılmışdı. Ermənistanda "Yerkrapa" Könüllülər İttifaqının bir çox üzvü dövlət tərəfindən qəhrəman elan edilsə də, daxili siyasi hesabatlarda və müstəqil araşdırmalarda onların əslində, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində ölkə daxilində bizneslərin ələ keçirilməsi, reketlik və siyasi qətllərdə iştirak etdikləri ifşa olunub.
Eduard Poqosyanın müraciətində adı çəkilən Qrant Qriqoryanın (o da keçmiş "Yerkrapah"çı və general Manvel Qriqoriyanın qohumudur) deputat olması ssenarisi, Ermənistanda cinayət törədən şəxslərin "qəhrəman" adı altında toxunulmazlıq qazanaraq parlamentə yerləşdirilməsi praktikasının ümumi tendensiya olduğunu sübut edir. Ermənistan ordusunda və sərhəddə baş verən qeyri-döyüş itkilərinin, zabit-əsgər qarşıdurmalarının və daxili qətllərin gizlədilərək cəmiyyətə "düşmən tərəfindən öldürüldü və qəhrəmancasına həlak oldu" kimi təqdim edilməsi halları Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinə qarşı ən çox səsləndirilən ittihamlardandır.
Ermənistanda fəaliyyət göstərən "Əsgər anaları" kimi hüquq-mühafizə təşkilatları illərdir hesabatlarında qeyd edirlər ki, orduda rüşvət, nizamnamədən kənar münasibətlər zəminində qətlə yetirilən bir çox əsgər və zabitin ölüm səbəbi rəsmi səviyyədə saxtalaşdırılıb. Ailələrə "o, postda qəhrəmancasına öldü" deyilib, medallar verilib, lakin əslində hadisənin daxili kriminal hesablaşma olduğu gizlədilib.
Serj Sarkisyan hakimiyyəti dövründə 2016-cı il aprel döyüşlərində erməni ordusunun guya böyük "qəhrəmanlıq dastanı" yazdığı, heç bir mühüm strateji mövqenin itirilmədiyi iddia olunurdu. Həqiqətdə isə ermənilər postları qoyub qaçmışdılar. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra parlamentdə xüsusi istintaq komissiyası yaradıldı. Araşdırmalar zamanı məlum oldu ki, ordunun hazırlığı ilə bağlı hesabatlar tamamilə saxtadır, əsgərlər bəzi postlarda texnika və yanacaq çatışmazlığından silahsız qalıblar və rəsmi rəqəmlərdə gizlədilən ciddi ərazi itkiləri baş verib.
Beləcə, cəmiyyətə təqdim olunan yenilməz və qüsursuz ordu generalları obrazının tam bir korrupsiya mexanizmi olduğu üzə çıxıb. 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonra Ermənistanda ən yüksək "Milli Qəhrəman" və "artsax qəhrəmanı" statusu daşıyan generalların, məsələn, Seyran Ohanyan, Mikael Arutyunyan, Cəlal Arutyunyan və s. bir-birlərini satqınlıqda, rüşvətxorluqda və ordunu qəsdən məhv etməkdə ittiham etməsi ən pik nöqtə oldu. Uzun illər televiziyalarda gənc nəslə ideal qəhrəman kimi təqdim olunanların bu gün Ermənistan məhkəmələrində fərarilik, əmrləri yerinə yetirməmə və torpaqları pulla satma maddələri ilə mühakimə olunması Ermənistanda “qəhrəmanlıq” institutunun tamamilə siyasi konyunkturaya xidmət etdiyini nümayiş etdirir.
Yəni, Poqosyanın videomüraciətindəki fikirlər Ermənistan üçün yeni məsələ deyil. Bu, Robert Köçəryan və Serj Sarkisyan dövrlərində hüquq-mühafizə sisteminin daxili cinayətləri ört-basdır etmək və cəmiyyəti manipulyasiya etmək üçün süni qəhrəmanlar və vətənpərvərlik mifi istehsal edən vahid bir dövlət maşını kimi işlədiyini göstərən daha bir subyektiv, lakin sistemin xarakterinə uyğun gələn ifşadır. Son illər həm daxili siyasi proseslər, həm də beynəlxalq hesabatlar ölkənin keçmiş hakimiyyət dövrü ilə bağlı bir sıra mübahisəli epizodları yenidən gündəmə gətirib. Ən çox istinad edilən hadisələrdən biri 2008 Ermənistan prezident seçkilərindən sonrakı etirazlar və 1 mart hadisələridir. Həmin vaxt İrəvanda seçkilərin nəticələrinə etiraz edən kütləvi nümayişlər zorakı şəkildə dağıdılmış, onlarla insanın həlak olduğu bildirilmişdi.

Bu hadisə illər boyu Ermənistanın siyasi sistemində hüquq-mühafizə orqanlarının rolu, siyasi məsuliyyət və əmrlərin verilmə mexanizmi ilə bağlı ən həssas müzakirə mövzularından biri olaraq qalıb. Keçmiş prezident Robert Köçəryan bu işlə bağlı müxtəlif mərhələlərdə istintaq və məhkəmə proseslərinə cəlb edilib, lakin nəticə etibarilə proses uzunmüddətli hüquqi və siyasi mübahisələrə çevrilib.
Digər tərəfdən, xüsusilə 2000-2010-cu illəri əhatə edən dövr Ermənistan daxilində geniş korrupsiya ittihamları ilə yadda qalıb. Bu iddialar əsasən keçmiş prezident Serj Sarkisyan administrasiyası dövründə dövlət resurslarının bölüşdürülməsi, satınalma sistemləri və biznes-siyasi əlaqələr ətrafında cəmlənir. Bir sıra məmurlar və iş adamları ilə bağlı istintaq və məhkəmə prosesləri aparılsa da, müxalifət həmin araşdırmaların bir hissəsini siyasi motivli hesab edir. Hakimiyyət isə bu iddiaları keçmiş sistemdə kök salmış korrupsiya ilə mübarizə kimi təqdim edir.
Erməni ictimai diskursunda tez-tez gündəmə gətirilən digər xətt isə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş vermiş siyasi motivli qətl və zorakılıq hadisələridir. Bu işlərin bir qismi açıq qalsa da, bir çoxunun tam hüquqi nəticəyə çatmadığı iddia olunur. Məhz bu fon Eduard Poqosyan kimi şəxslərin çıxışlarını yalnız fərdi şikayət deyil, daha geniş sistem yaddaşının bir hissəsi kimi təqdim etməyə imkan verir. Hazırkı baş nazir Nikol Paşinyan rəhbərliyindəki hökumət keçmiş hakimiyyət dövrü ilə bağlı hüquqi araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayır. Erməni analitiklərin fikrincə, Poqosyanın ittihamları Ermənistan cəmiyyətində artıq illərdir davam edən keçmiş sistemin mirası debatını yenidən gündəmə gətirib. Bu isə ölkənin siyasi keçidinin hələ də tam başa çatmadığını göstərir. Ermənistanda keçmiş hakimiyyətlə bağlı ittihamlar zaman-zaman fərqli formalarda yenidən ortaya çıxsa da ortaq məxrəc dəyişmir...
E.Məmmədəliyev,
Musavat.com