Ermənistanda "Qarabağ erməniləri" tabusu qırılır - Paşinyandan ŞOK AÇIQLAMA

“Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsinin gündəmdə saxlanılması məhsuldar deyil”. Ermənistan mediasının məlumatına görə, bunu baş nazir Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib. “Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayaq. Bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var”, — Paşinyan vurğulayıb.

Paşinyan bu açıqlaması ilə hansı mesajı verməyə çalışır? Müxalifət və ictimai rəy baxımından Paşinyan riskli addım atırmı?

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Nikol Paşinyan tərəfindən Qarabağ ermənilərinin geri dönüş məsələsinin gündəmdə saxlanmasının sülh prosesinə maneə olduğu barədə səsləndirilən fikir əslində regionda yeni siyasi yanaşmanın siqnalı kimi oxuna bilər: “Bu mövqe klassik erməni siyasi ritorikasından müəyyən mənada uzaqlaşma cəhdi kimi görünür. Çünki uzun illər ərzində Ermənistan siyasətində Qarabağ məsələsi daha çox emosional və maksimalist çərçivədə təqdim olunurdu. İndi isə daha realist, mövcud geosiyasi şərtləri nəzərə alan yanaşma formalaşmağa başlayır. Paşinyanın bu xətti seçməsi təsadüfi deyil. Ermənistan həm hərbi, həm iqtisadi, həm də diplomatik baxımdan ciddi məhdudiyyətlərlə üz-üzədir. Belə bir şəraitdə ölkənin uzunmüddətli sabitliyini təmin etmək üçün daha praqmatik siyasət yürütmək zərurəti yaranıb. Bu baxımdan onun cəmiyyəti reallıqlarla barışdırmaq cəhdi müəyyən mənada daxili transformasiya prosesi kimi də qiymətləndirilə bilər”.

Məsələnin digər tərəfinə toxunan siyasi şərhçi əlavə edib ki, Ermənistan daxilində hələ də revizionist və revanşist düşüncəni qoruyan siyasi və ictimai qruplar mövcuddur: “Bu qüvvələr üçün Qarabağ məsələsi yalnız keçmiş deyil, gələcək iddiaların da alətidir. Onlar istənilən siyasi boşluqdan istifadə edərək prosesi yenidən gərginlik mərhələsinə qaytarmağa çalışa bilərlər. Bu isə regionda əldə olunacaq hər hansı sülhün dayanıqlığını sual altına alır.

Məhz bu səbəbdən, sülh müqaviləsinin hüquqi və siyasi baxımdan mümkün qədər konkret və boşluqsuz hazırlanması vacibdir. Qarabağ ermənilərinin geri dönüş məsələsinin gələcəkdə siyasi manipulyasiya predmetinə çevrilməməsi üçün bu mövzunun açıq şəkildə və dəqiq şərtlərlə sənəddə əks olunması zəruri görünür. Əks halda, bu məsələ uzunmüddətli perspektivdə “dondurulmuş münaqişə”nin yenidən aktiv fazaya keçməsi üçün zəmin yarada bilər.

Burada əsas məsələ təkcə qayıdışın olub-olmaması deyil, bu mövzunun necə çərçivələnməsidir. Əgər bu, qeyri-müəyyən və açıq interpretasiyalara imkan verən formada saxlanarsa, gələcəkdə həm daxili siyasi təzyiqlər, həm də xarici təsirlər nəticəsində yenidən gündəmə daşına bilər. Bu isə sülh müqaviləsinin mahiyyətini zəiflədən amillərdən biri olar.

Paşinyanın mövqeyi müəyyən pozitiv siqnallar versə də, bu, hələ tam təminat demək deyil. Regionun həssaslığı və Ermənistan daxilindəki müxtəlif güc mərkəzlərinin mövcudluğu nəzərə alındıqda, hüquqi mexanizmlərin maksimum dərəcədə aydın və qəti olması sülhün davamlılığı üçün əsas şərtlərdən biri kimi qalır”.

Afaq Mirayiq, Musavat.com

20.04.2026 20:15
1626