Ermənistanda KRİTİK 20 gün: doğru seçim etməsələr… - Bakıdan XƏBƏRDARLIQ

Ermənistanda seçki mübarizəsindəki gərginlik pik həddə çatıb. Xüsusilə də baş nazir postuna namizəd olan Robert Köçəryanın Nikol Paşinyana qarşı daha sərt mövqedən çıxış etməsi diqqət çəkir. Amma Samvel Karapetyan, Qarik Tsarukyan və digərlərinin də geri çəkilmək niyyətində olmadığı görünür. Hətta son nəticədə Paşinyanın dediyi “3 başlı əjdaha”ların koalisiya şəklində mübarizəyə qalxacağı ehtimal olunur. Belə bir durumda Paşinyan əlində sülh bayrağı, real Ermənistanın xəritəsi və Azərbaycan, həmçinin Türkiyə ilə münasibətlərin normallaşması tezislərini seçki platformasının önündə qeyd edərək kampaniyasını aparır.

Paşinyan ile Macron, Yerevan merkezinde yeniden yürüyüş yaptı

Azərbaycanın Paşinyanın əlini qüvvətləndirən addımları da diqqət çəkir: münasibətlərin normallaşması, tranzit yolu, yanacaq satışının davam etdirilməsi, qarşılıqlı səfərlər getdikcə erməni vətəndaşları da məmnun edir. Son günlər keçirilən rəy sorğularında sakinlər elə Paşinyanın kursuna uyğun şəkildə Azərbaycanla sülhün əldə olunmasının vacibliyini qeyd edir, düşmənçiliyə son qoyulmasının zəruriliyindən danışırlar. Azərbaycanın verdiyi dərs öz sözünü deyib və Prezidentin “ev tapşırığı” təsirini göstərib. Digər tərəfdən, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də prosesə start verilib. Artıq ikitərəfli ticarətə “yaşıl işıq” yandırılıb və sərhəd qapıları ilə bağlı polemikalar aparılmaqdadır. Bütün bunlar Paşinyana Rusiya təzyiqlərindən sığortalanmaq imkanı verir, erməni əhali də bunu yaxşı anlayır. Amma fors-major situasiyanın ola biləcəyi ehtimalı da var. Hətta vaxtaşırı Paşinyanın terrora məruz qala biləcəyi riskləri səslənir.

Türkiyə-Ermənistan sərhədi açılır?

Bu arada, revanşistlərin nümayəndəsi, barəsində ev dustaqlığı qərarı olan “Güclü Ermənistan” partiyasının lideri, partiyanın baş nazirliyə namizədi Samvel Karapetyan bildirib ki, təşkilat hakimiyyətə gələrsə, Bakıdakı ermənilərin geri qaytarılması ilə məşğul olacaq xüsusi qrup yaradacaq. Karapetyanın iddiasına görə, bu məsələni yalnız özünün partiyası həll edə bilər. “Biz bu rüsvayçılığa səssiz qala bilmərik. Biz bir millət kimi zəif görünürük, amma yalnız hökumətimiz zəifdir”, deyən Karapetyanın sözlərinə görə, ermənilərin evə qayıtması üçün beynəlxalq əlaqələrindən istifadə ediləcək. Göründüyü ki, revanşistlər çox sərsəm iddialarla çıxış edərək elektoratın səsini qazanmağa çalışırlar.
Əgər Paşinyan məğlub olsa, yaxud Ermənistanda çox populyar üsulla, terror nəticəsində aradan götürülsə, nələr baş verə bilər? Bu nəticə Azərbaycan üçün hansı perspektivlər vəd edir? Revanşistlərin hakimiyyətə gəlişi halında, Paşinyanın da proqnoz etdiyi kimi, müharibə yenidən başlayarsa, bu halda Ermənistanı nələr gözləyir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Rusiya Azərbaycan və Türkiyədən fərqli olaraq, Paşinyanın parlament seçkisində məğlub olmasını istəyir: “Rusiya rəsmiləri və televiziya kanalları Paşinyan əleyhinə təbliğatı gücləndiriblər. Kreml eyni zamanda Paşinyana müxalif olan qüvvələrə maliyyə və informasiya dəstəyini artırıb. Ermənistanda keçirilən sorğular göstərir ki, Paşinyanın seçkidə qələbə qazanması ehtimalı yüksəkdir. Ancaq əgər əksi olarsa, yəni radikal müxalifət Rusiyanın dəstəyi ilə qələbə qazanarsa, bunun Ermənistan üçün mənfi nəticələri olacaq”.

Putin Polşanı hədəf seçməklə NATO-nun nəbzini ölçür – E...

E.Şahinoğlu Paşinyan məğlub olacağı halda nələr baş verə biləcəyini sıralayıb: “Birincisi, Ermənistanın Azərbaycanla sülh quruculuğu prosesi dayanacaq. Çünki erməni radikallar ötən ilin avqustunda iki ölkə arasında Vaşinqtonda paraflanan sülh sazişinin əleyhinədirlər. Bu, o deməkdir ki, erməni radikallar Azərbaycanla sülh sazişi imzalamayacaqlar və yenidən Qarabağa iddia irəli sürəcəklər. Bu isə iki ölkə arasında yenidən müharibənin başlamasına gətirib çıxaracaq. Bu zaman Ermənistan həm müharibəyə göndərdiyi gənclərini, həm də ərazilərini itirəcək. İkincisi, radikal emənilər “Tramp yolu”nun tikintisindən imtina edəcəklər, yolun Rusiyanın nəzarətində olmasını istəyəcəklər. Buna isə Azərbaycan razılaşmayacaq. Belə olan halda Azərbaycan əvvəlkitək Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edəcək və Ermənistan yenə də nəqliyyat yollarından kənarda qalacaq.

Üçüncüsü, erməni radikallar Azərbaycanla sülh imzalamaqdan imtina edəcəklərinə görə, Azərbaycan bundan sonra Ermənistana yanacaq satmayacaq, Rusiya və Qazaxıstan taxılının Azərbaycan ərazisindən daşınmasına imkan verilməyəcək. Bu isə Ermənistanın iqtisadi vəziyyətini ağırlaşdıracaq. Dördüncüsü, erməni radikalların hakimiyyətə gəlişi Türkiyə ilə də normallaşma prosesini durduracaq. Ermənistanın radiakllardan ibarət yeni hökuməti Azərbaycanla sülh imzalamayacağına görə, Türkiyə Ermənistanla sərhədi açmayacaq və ikitərəfli ticarət yenidən durdurulacaq. Beşincisi, erməni radiaklların hakimiyyətə gəlişini yenidən Ermənistanı Rusiyadan asılı vəziyyətə salacaq və İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı genişlənməyəcək. Avropa İttifaqı Ermənistana siyasi və maliyyə dəstəyini durduracaq”.

Politoloq qeyd edib ki, beləliklə, erməni radikalların hakimiyyətə gəlişi ölkənin problemlərini artıracaq: “Erməni cəmiyyətinin bir hissəsi bunu anladığına görə, məntiqlə Paşinyanın partiyasına səs verməlidir. Ancaq erməni cəmiyyətində anti-Azərbaycan və anti-Türkiyə əhval ruhiyyəsi də tam ortadan qaldırılmayıb. Erməni radikallar məhz bu əhval-ruhiyyədən istifadə edərək hakimiyyətə can atırlar. Erməni cəmiyyəti doğru seçim etməsə, itkiləri çox olacaq”.

Elşad Paşasoy,
Musavat.com

18.05.2026 15:20
696