Ermənistanda benzinin və dizel yanacağının qiyməti bir neçə saatın içində 30 dram bahalaşıb. Musavat.com xəbər verir ki, Hraparak.am bu kəskin artımı ölkənin enerji bazarındakı vəziyyət, Azərbaycan mənşəli yanacaq tədarükü və İrəvanın Rusiya ilə iqtisadi əlaqələri fonunda təhlil edib. Erməni nəşrinin məlumatına görə, benzinin litri 550 dramdan 580 drama yüksəlib. Dizel yanacağında isə qiymət 650 dramdan 680 drama qalxıb.
“Hraparak” qiymət artımının qlobal neft bazarındakı bahalaşma ilə əlaqələndirilməsini mümkün səbəblərdən biri kimi qeyd etsə də, eyni zamanda Ermənistanda yanacaq bazarının rəqabət mühiti ilə bağlı ciddi sualların yarandığını yazır. Nəşr xüsusilə diqqət çəkir ki, qiymət artımı müxtəlif yanacaqdoldurma şəbəkələrində demək olar ki, eyni vaxtda baş verib.
Erməni KİV-i xatırladır ki, Azərbaycandan Ermənistana benzin və dizel yanacağının tədarükünə daxili bazardakı qiymətlərə müsbət təsir etmişdi. Erməni nəşri indi isə həmin ucuz yanacağın bazarda görünmədiyini vurğulayır və “430 dramlıq benzin haradadır” sualını ortaya qoyur.
Nəşrə görə, Ermənistanın gələcəkdə Aİİ-dən uzaqlaşması və Avropa iqtisadi məkanına inteqrasiya etməsi halında ölkədə enerji daşıyıcılarının qiymətlərinə xarici bazarın təsiri daha da arta bilər. Rusiyadakı yanacaq qiymətləri ilə də müqayisə də aparlıb. Məqalədə Rusiyada benzinin qiymətinin təxminən 65–70 rubl olduğu və bunun Ermənistan dramı ilə hesablandıqda təqribən 300 drama uyğun gəldiyi bildirilir. Müəllif hesab edir ki, Rusiya ilə vahid iqtisadi məkanın qorunması Ermənistan üçün gələcəkdə daha aşağı enerji qiymətlərinin saxlanılması baxımından əhəmiyyətli ola bilər.
“Hraparak” eyni zamanda İran faktorunu da gündəmə gətirib. Ermənistanın qonşu İranın böyük neft və qaz ehtiyatlarına malik olduğunu qeyd edən müəllif Tehrandan neft məhsullarının idxalı imkanlarının məhdud olduğunu yazır. İran qazının Ermənistana tədarükündə isə “qaz əvəzinə elektrik enerjisi” prinsipi ilə həyata keçirilən mübadilə mexanizminə diqqət çəkilir.
Musavat.com