Ermənistan seçimi: Paşinyanın taleyi deyil, dövlətin istiqaməti həll olunur

Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca aydın görünür ki, söhbət növbəti hakimiyyət uğrunda mübarizədən getmir. Bu seçkilər Ermənistanın son otuz ildə ilk dəfə olaraq geosiyasi kimliyini müəyyənləşdirəcəyi səsverməyə çevrilib. İrəvandakı siyasi qarşıdurmanın mərkəzində Paşinyan, Karapetyan və ya Köçəryan dayanmır. Əsl qarşıdurma Ermənistanın gələcəkdə hansı mərkəzin orbitində qalacağı ilə bağlıdır.

Məsələnin mahiyyətini anlamaq üçün son otuz ilə baxmaq kifayətdir.

1994-cü ildə Birinci Qarabağ müharibəsindən sonra Ermənistan siyasi elitası öz dövlətçiliyini üç sütun üzərində qurdu. Birinci sütun Qarabağ ideologiyası idi. İkinci sütun Rusiya ilə hərbi-siyasi ittifaq idi. Üçüncü sütun isə dünya erməni diasporunun yaratdığı milli mifologiya idi.

Bu model uzun illər işləyirdi. Ermənistan cəmiyyətinə belə təqdim olunurdu ki, Qarabağ məsələsi Ermənistanın təhlükəsizliyinin təminatıdır, Rusiya isə bu təhlükəsizliyin qarantıdır. Lakin 2020-ci ilin müharibəsi və 2023-cü ilin hadisələri bu modeli dağıtdı.

Ən ağır zərbə isə Ermənistan cəmiyyətinin şüurunda baş verdi. Ermənilər ilk dəfə gördülər ki, on illərlə xilaskar kimi təqdim olunan Rusiya kritik məqamda onların gözlədiyi müdaxiləni etmədi. Məhz həmin andan etibarən Ermənistan siyasətində yeni mərhələ başlandı.

Paşinyan bu reallığı hamıdan tez dərk edən siyasətçi oldu. 

Bu gün onun seçki kampaniyasının mərkəzində bir cümlə dayanır: “Real Ermənistan”.

Paşinyan, əslində, seçiciyə deyir ki, Qarabağ uğrunda mübarizə bitib, Ermənistan artıq mövcud sərhədləri daxilində yaşamağı öyrənməlidir. Azərbaycanla sülh bağlanmalı, Türkiyə ilə sərhədlər açılmalı, ölkə Rusiyanın hərbi və siyasi asılılığından çıxmalıdır.

Bu xəttin tərəfdarları az deyil. Ancaq onun qarşısında da kifayət qədər güclü qüvvələr dayanır.

Samvel Karapetyan həmin qüvvələrin yeni simasıdır. Moskva biznes dairələrində formalaşmış milyarder Karapetyan son aylarda Ermənistan müxalifətinin əsas fiquruna çevrilib. O, özünü klassik müxalifətçi kimi yox, “itirilmiş Ermənistanı geri qaytaracaq adam” kimi təqdim etməyə çalışır.

Onun elektoratı əsasən Rusiyaya bağlı iqtisadi qruplardan, kilsə çevrələrindən və Qarabağ məğlubiyyətini qəbul etmək istəməyən seçicilərdən ibarətdir.

Karapetyanın üstünlüyü maliyyə resurslarıdır.

Zəif tərəfi isə budur ki, Ermənistan cəmiyyətinin böyük hissəsi onu müstəqil siyasətçi yox, Moskvanın adamı kimi görür. Robert Köçəryan isə artıq başqa dövrün siyasətçisidir.

Bir zamanlar Ermənistanın ən güclü adamı olan Köçəryan bu gün daha çox keçmişi təmsil edir. Onun tərəfdarları qalır, amma Ermənistan cəmiyyətində yeni nəsil seçici formalaşıb. Bu seçici artıq 1990-cı illərin romantik Qarabağ ideologiyası ilə deyil, iqtisadiyyat, sərhədlərin açılması və normal həyat perspektivi ilə maraqlanır. Köçəryanın əsas problemi də budur. O, keçmişi təklif edir. Paşinyan isə gələcəyi.

Bu gələcəyin nə qədər uğurlu olacağı ayrıca müzakirə mövzusudur, amma “siyasi bazarda” hazırda məhz bu “məhsul satılır”. 

Seçkilərdə ən maraqlı məsələ isə Rusiyanın davranışıdır. Moskva son aylarda artıq diplomatik eyhamlarla kifayətlənmir. Qaz, neft, almaz, ticarət, Avrasiya İqtisadi İttifaqı və digər alətlər vasitəsilə Ermənistana açıq mesaj göndərilir.

Mesaj sadədir:

“Əgər Qərbə gedəcəksinizsə, bunun iqtisadi qiyməti olacaq”.

Moskvanın əsas narahatlığı Paşinyanın qalib gəlməsi deyil. Paşinyan artıq səkkiz ilə yaxındır hakimiyyətdədir və Kreml onunla işləməyi öyrənib. Əsl təhlükə başqa yerdədir. Əgər Paşinyan parlamentdə kifayət qədər üstünlük qazanarsa, Ermənistan Konstitusiyasını dəyişdirmək imkanı əldə edə bilər. Bu isə Azərbaycanla yekun sülh sazişinin qarşısında duran ən mühüm hüquqi maneənin aradan qaldırılması deməkdir. Məhz buna görə Moskva bu seçkilərə adi parlament seçkisi kimi baxmır.

Kreml başa düşür ki, Ermənistan Konstitusiyasının dəyişməsi təkcə hüquqi akt olmayacaq. Bu, son otuz ildə qurulmuş bütün geosiyasi sistemin dağılması anlamına gələcək.Bu gün Ermənistan siyasətində diqqət çəkən başqa bir fiqur da Aram Sarkisyandır.

Onun partiyası böyük deyil. Seçkilərdə əsas oyunçu sayılmır. Lakin bəzən tarix böyük partiyaları deyil, kiçik qüvvələri həlledici edir.

Aram Sarkisyan Ermənistanın ən açıq Qərbyönlü siyasətçilərindən biridir. O, KTMT-dən çıxmağı, Rusiya təsirinin azaldılmasını, Fransa və ABŞ-la təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini müdafiə edir.

Paradoks ondadır ki, Paşinyan və Aram Sarkisyan bir çox məsələdə fərqli düşünürlər. Ancaq geosiyasi istiqamət məsələsində onların yolları kəsişir. Məhz buna görə seçkidən sonra parlamentdə yaranacaq mənzərə son dərəcə vacib olacaq.

Əgər Paşinyan təkbaşına konstitusion çoxluq əldə etməzsə, belə qüvvələrin dəstəyi onun üçün həyati əhəmiyyət daşıyacaq. Bu gün Ermənistanda əsl sual Paşinyanın qalib gəlib-gəlməyəcəyi deyil.

Əsas sual budur:

Ermənistan Qarabağ dövründən sonrakı dövlətə çevriləcəkmi? Yoxsa yenidən keçmişə qayıdacaq?

7 iyun seçkiləri məhz bu sualın cavabını verəcək.

Nəticə nə olursa-olsun, bir həqiqət artıq dəyişməz görünür. Ermənistan tarixində ilk dəfə seçici Moskva ilə Brüssel arasında-keçmişlə gələcək arasında, müharibə psixologiyası ilə sülh strategiyası arasında seçim edir. Bu isə adi seçki deyil. Bu, Ermənistanın yeni dövlət kimliyi uğrunda referendumdur.

 

Musavat.com

03.06.2026 12:19
420