Məlum olduğu kimi, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri Ermənistanı Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamaq və ya Avropa İttifaqına qoşulmaq barədə referendum keçirməyə çağırıblar.
Rusiyanın özünün və peyklərinin bu məsələyə dair yaydıqları bəyanatda bildirilir: "Ermənistan Respublikasında Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqının bir hissəsi olaraq qalmaq barədə mümkün qədər tez milli referendum keçirilməsinin vacibliyi ilə bağlı mövqeyimizi bölüşürük".
Aydın məsələdir ki, Aleksandr Lukaşenko, Qasım-Jomart Tokayev və Sadır Japarov bu bəyanatı sırf Vladimir Putinin iradəsi, israrlı tövsiyəsi əsasında imzalayıb, “birgə bəyanat” halına salıblar. Yoxsa onlar ayrı-ayrılıqda Ermənistanla hər hansı bir ciddi intriqanın içində deyillər. Ermənistanı indidən, hələ heç bir müəyyənlik olmadan ağır seçim qarşısında qoymaq və Avropa yolundan döndərmək niyyəti başlıca olaraq Moskvaya məxsusdur. Aİİ-nin digər üzvlərinin imzası isə İrəvana, Paşinyan iqtidarına təzyiqin sanbalını artırmaq üçündür.
Bəyanatda həmçinin qeyd olunur ki, Aİİ müqaviləsinin dayandırılmasının Ermənistana qarşı mümkün nəticələri barədə hesabat 2026-cı ilin dekabr ayında Avrasiya İqtisadi Şurasının iclasında təqdim olunacaq. Bu qərarın qəbul edilməsinin səbəbi kimi iddia olunur ki, Ermənistanın Avropa İttifaqına daxil olmağa hazırlığı Aİİ üzv dövlətlərinin iqtisadi təhlükəsizliyinə qarşı əhəmiyyətli risklər yarada bilər.
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxmasının ölkə üçün ciddi iqtisadi nəticələrə, o cümlədən enerji qiymətlərinin artmasına və Rusiyada Ermənistan vətəndaşları üçün məşğulluq şəraitinin dəyişməsinə səbəb olacağını bildirib.
Putin deyib ki, azad ticarət sazişləri ləğv ediləcək, gömrük nəzarəti və gömrük rüsumları bərpa olunacaq, texniki tənzimləmələr və fitosanitar standartlar sahəsində sənədlərin tanınması dayandırılacaq və s.
Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi fitosanitar standartın ilk nəticələri srağagündən özünü göstərir: Qafqaz ölkəsindən Rusiyaya idxal olunan kənd təsərrüfatı məhsullarının daşınması məhdudlaşdırılıb. Bildirilir ki, məhsullar standartlara cavab vermir.
Bunun bəhanədən başqa bir şey olmadığı açıq-aşkar ortadadır. Ermənistan Avropa yoluna getməsəydi, aqrar məhsullarına irad olmayacaqdı. Hətta bu gün Paşinyan iqtidarı Avropaya inteqrasiyadan imtina etsə, Ermənistanda yetişdirilmiş çiyələk, xiyar, pomidor və s, məhsullar dərhal istifadəyə yararlı olacaq.
Rusiyanın Ermənistana qarşı effektiv təzyiq rıçaqlarından biri gerçəkdən də əmək miqrantları faktorudur. Hələ sovet dövründən Ermənistandan Rusiyaya axışan və federasiyada yerləşən işçi qüvvəsi başqa müttəfiq respublikalarınkından çox idi. Müstəqillik dövründə isə Ermənistandan Rusiyaya köçərək müxtəlif sahələrdə işləyən ermənilərin sayı həddindən artıq çoxdur. Putin, Lavrov və başqaları dəfələrlə bildiriblər ki, Rusiyada yaşayan ermənilər Ermənistanda yaşayan ermənilərdən artıqdır.
Bu fikirdə həqiqət var. Doğrudan da Rusiyanın elə bir şəhəri, qəsəbəsi yoxdur ki, orada ermənilər icma halında mövcud olmasınlar. Onlar son illərə qədər Rusiya ilə “can bir qəlbdə” olduqları üçün bu mehribanlıqdan səmərəli şəkildə istifadə ediblər.
Ancaq burada bir incə məqam da var. Ermənilərin, demək olar ki, çoxu Rusiyada vətəndaşlıq alıb, onlar artıq əmək miqrantı deyillər, erməni millətindən olan Rusiya vətəndaşlarıdır. Bu halda onlarla deportasiya edilməsi, təqib olunması çətin olacaq.
Rusiya vətəndaşlığı ala bilməyən, Ermənistan vətəndaşı olaraq qalan əmək miqrantları isə yəqin ki, iş icazəsi ala bilməyəcək, ölkələrinə qayıtmalı olacaqlar. Birtəhər Rusiyada qalan qastarbayterlərin çoxsaylı bürokratik əngəllərlə üzləşəcəyi şəksizdir. “Gözdən düşmüş xalq”ın nümayəndələri ilə bir qayda olaraq o cür davranılır.
Ermənistanın Rusiyadan aldığı enerjidaşıyıcıların qiymətlərində artım olacağı, bugünkü kimi üstünlüklərin olmayacağı barədə təhdid də İrəvanı Avropaya inteqrasiyadan çəkindirmək üçün səsləndirilib. Putin əminliklə deyir ki, bu sahədəki qiymət artımı Ermənistanın ümumi daxili məhsulunun ən azı 14% azalmasına səbəb olacaq.
Ermənistan rəhbərliyi hazırda təmkinli davranır, özünü seçim qarşısında qoymur. Bundan əvvəl, iyunun 7-də parlament seçkiləri keçiriləcək. Əgər Paşinyanın partiyası yenə hökumət qurmaq hüququ qazanarsa, seçicilərin Aİİ və Aİ arasında seçim etməsi üçün referendumu ən tezi 3 aydan sonra təşkil edəcək. Yox, Paşinyan seçkiləri uduzsa, Ermənistanda müvafiq referendum dərhal gündəmdən çıxacaq. Çünki hakimiyyətə gələn Rusiyayönlü qüvvələr avtomatik olaraq öz seçimlərini Moskvadan yana edəcəklər.
Paşinyanın qalib gələcəyi təqdirdə formal olaraq referendum təyin edilsə də, xalq böyük ehtimalla Avropaya inteqrasiyanın lehinə səs verəcək.
Beləliklə, 7 iyun seçkisi həm də referendum xarakteri daşıyacaq. Həmin gün erməni xalqı təkcə Paşinyan və Köçəryan arasında yox, həm də Aİ və Aİİ arasında seçim edəcək, hansı yolla gedəcəklərini müəyyənləşdirəcəklər.
Belə olduğu halda Aİİ rəhbərliyinin Ermənistan iqtidarını tələsdirməsi, ondan təcili seçim etməyi istəməsi Ermənistan əhalisinin rəyinə təsir göstərmək, erməniləri qorxutmaq, gələcəkləri sarıdan əndişələndirmək niyyəti güdür.
Paşinyan “obyektiv ehtiyac yarandıqda referendum keçirəcəklər”ini vəd edib və bildirib ki, hələlik seçim etməyə obyektiv ehtiyac yoxdur. O, sadəcə, Avropadan “hə” cavabı almadan Rusiyaya “yox” demək istəmir.
Araz Altaylı, Musavat.com