Azərbaycan tərəfi "Sülh körpüsü" təşəbbüsü çərçivəsində iki ölkə ekspertlərinin bu günlərdə Ermənistanda keçirilməsi nəzərdə tutulan görüşünü təxirə salmaq barədə qərar qəbul edib. Bu addımın atılmasına Ermənistan cəmiyyətində Azərbaycan əleyhinə yaranmış vəziyyət səbəb olub.
Son günlər xarici lobbi və ekspert dairələri cəlb olunmaqla ölkəmizə qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb. Azərbaycana qarşı ərazi iddiaları və onun suverenliyinə müdaxilə cəhdləri Ermənistanın dövlət qurumları tərəfindən açıq şəkildə dəstəklənir. Hücumların arxasında rəsmi İrəvanın dayandığı bildirilir.
Ermənistan hökumətinin Azərbaycana qarşı nifrət təbliğatı aparan qüvvələrə qarşı heç bir tədbir görməməsi bu fikri gücləndirir. Ona görə də mövcud şəraitdə Azərbaycan tərəfi növbəti görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun hesab etməyərək, təxirə salınmasına qərar verib.
Azərbaycanın müxalifət partiyaları Bakının "Sülh körpüsü" təşəbbüsü çərçivəsində iki ölkə ekspertlərinin bu günlərdə Ermənistanda keçirilməsi nəzərdə tutulan görüşünü təxirə salmaq barədə qərarını düzgün qərar hesab edir.
AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bu xüsusda bildirib ki, görüşün təxirə salınması düzgün addımdır: “Ermənistanla sülh gündəliyinə biz partiya olaraq əvvəlcədən pessimist yanaşmışıq. Çünki ermənilər heç vaxt verdiyi sözlərə, atdıqları imzaya sadiq qalmayıblar. Onların guya ən demokratik sayılan Paşinyan dönəmində hakimiyyətin, şəxsən Paşinyanın özünün sözlərindən necə geri çəkildiyini dəfələrlə görmüşük.
Başda Paşinyan olmaqla, ermənilər vaxt uzatmaq, vaxt udmaqla məşğuldurlar. Onlar bu düşüncədədirlər ki, vaxt qazanıb bütün istiqamətlərdə mümkün olduğu qədər güclənmək və Azərbaycana qarşı hərəkətə keçmək lazımdır. Bu yolu da tutublar. Ona görə də Ermənistanla heç bir platformada sülh danışıqlarının müsbət sonunu görmürəm. Ermənistan bir az güclənəndən, özünə gələndən sonra nəinki Qarabağı yenidən işğal etməyə qalxacaq, hətta Naxçıvana da iddia edəcək. Ona görə də mən hər dəfə bəyan edirəm ki, qaliblə məğlub heç vaxt bərabər hüquqlu masa arxasında otura bilməz. Azərbaycan Ermənistanla sülh danışıqlarını dayandırmalı, Ermnistandan milyardlarla dollar təzminat tələbini qaldırmalıldır”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, İrəvanda keçirilməsi planlaşdırılan ekspert görüşünün Azərbaycan tərəfinin təşəbbüsü ilə təxirə salınması ortada kifayət qədər narahatedici nüansların olduğunu göstərir: “Çünki rəsmi Bakının mövqeyinə görə, görüşün hazırkı şəraitdə keçirilməsi məqsədəuyğun deyil. Son günlər Ermənistan mediasında və ictimai müzakirələrdə Azərbaycana qarşı sərt mövqelərin artması müşahidə olunur. Görüşün təxirə salınması ilə bağlı Azərbaycanın qərarı siyasi siqnal kimi başa düşülə bilər.
Ölkəmizin mesajı ondan ibarətdir ki, dialoq vacibdir, amma bu qarşılıqlı hörmət və real sülh atmosferi şəraitində aparılmalıdır. Azərbaycan tərəfinin əvvəlki mərhələlərdə bu dialoqa fəal qoşulması da göstərir ki, rəsmi Bakı təmaslardan qaçmır. Burada əsas məsələ dialoqun hansı şərtlərlə aparılmasıdır. Sülh təşəbbüslərinin çoxluğu Azərbaycanın Ermənistana ehtiyac duyduğu anlamına gəlmir. Qarşı tərəf bunu başa düşməlidir. Ermənistan dialoqun çərçivəsini və şərtlərini anlamalıdır. Ona görə də davamlı sülh üçün Ermənistan cəmiyyətində də qarşılıqlı etimadın formalaşması vacibdir. Əgər Ermənistanın hazırkı iqtidarı bunu təmin edə bilmirsə, sülh danışıqları formal xarakter daşıyacaq və nəticəyönümlü olmayacaq”.
Etibar Seyidağa,
Musavat.com