“Bu cür təhqirlərə dəfələrlə cavab vermək imkanım olub. İlk növbədə cəmiyyətimizi, həlak olanların yaxınlarını, “artsax”ın yaşamaq uğrunda mübarizəsinə töhfə verənləri bu cür təxribatlara uymamağa çağırardım, çünki bu cür bəyanatların bir məqsədi var: cəmiyyətimizi parçalamaq və dözümsüzlük toxumu səpmək”. Musavat.com-un xəbərinə görə, bunu keçmiş qondarma qurumun kukla lideri olmuş, hələ də özünü “artsax prezidenti” kimi təqdim edən Samvel Şahramanyan deyib.
O, Yerablur panteonunda jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin döyüşməməsi və qaçması, ittihamlarına münasibət bildirərkən belə deyib. Separatçı qeyd edib ki, bu, böyük bir qlobal planın bir hissəsidir. “Artsax xalqı”nın qaçmasına gəldikdə isə bu cür şayiələr yayanlara xatırlatmaq istəyirəm ki, əgər bu, 2020-ci il müharibəsinə aiddirsə, onlar siyasi və diplomatik cəbhədə idilər və məhz onların hərəkətləri sayəsində belə bir vəziyyətlə üzləşdik, erməni xalqı “artsax”ı itirdi. Bu gün də Ermənistan Respublikasının əhəmiyyətli əraziləri işğal altındadır. Bu gün Azərbaycan Ermənistan hakimiyyətinin yerinə yetirməyə məcbur olduğu tələbləri irəli sürür. Qiymətləndirmənin qalan hissəsini cəmiyyətimizə buraxıram", - deyə o bildirib.

Şahramanyan Ermənistan hakimiyyətinin Qarabağla bağlı danışmağın açıq müharibə demək olduğu bəyanatlarına toxunaraq bildirib: “Biz həmişə demişik ki, Ermənistanın təhlükəsizliyi bizim üçün prioritetdir. Əlbəttə ki, biz bu gün Ermənistan Respublikasındakı vəziyyəti, baş verən prosesləri də başa düşürük və ölkənin təhlükəsizliyinə zərər verməmək, o cümlədən hərbi əməliyyatların bərpası üçün bir fürsətə çevrilməmək naminə hər şeyi etməyə çalışırıq. Lakin biz beynəlxalq hüquqla nəzərdə tutulan hüquqlarımızı qaldırırıq və müxtəlif platformalarda qayıtmaq hüququmuzu gündəmdə saxlamağa çalışırıq ki, bu da beynəlxalq hüquq məsələsidir".
Musavat.com qeyd edir ki, Şahramanyan antiterror əməliyyatından sonra xunta rejiminin buraxılması haqda “qərar” qəbul edib. Ermənistana getdikdən sonra separatçı lideri öz mövqeyini dəyişib və hələ də mifik qurumun rəhbəri kimi özünü aparır. Ardınca isə baş verənlərə və son bəyanatlarına görə Paşinyanı günahlandırır. Bundan başqa, onun “Ermənistan ərazilərinin əhəmiyyətli hissəsinin işğal altında olduğunu” deməsi cəfəngiyatdır. Çünki sərhədlər delimitasiya olunmayıb, şərtidir və Azərbaycanın nəzarətində olan strateji yüksəliklər var. Üçüncüsü, onun toxunduğu digər məsələ isə ermənilərin Qarabağa qayıdış “hüququ” barədədir. Halbuki Azərbaycan dövləti onlara qalmağı, vətəndaşlığı təklif etmişdi. İndi qayıtmaq barədə danışmaq populizmdir.
Emil Salamoğlu
Musavat.com