Ərli qadına yazdınsa mesaj... ilişsən, olacaq ajiotaj

 

“Bir cənub şəhərində” filmində bir epizod var: jurnalist qız neftçi Murada bir neçə gün əvvəl onların məhəlləsində namus üstdə adam öldürmüş Ağabalaya dair sual verir, deyir, sizcə, Ağabala haqlıydımı.

Murad qıza sırf qəzet, tv dili ilə cavab verir: “Yoo. O canidir, qatildi dəə. Keçmişin qalığıdır”. Jurnalist qız əl çəkmir: “Yaxşı, siz özünüz Ağabala kimi eləyə bilərdiniz?” Murad bir az fikirləşir, sonra “yox” deyir, amma dərhal da əlavə edir ki, amma Səfəralı da düz eləmədi, Ağabalanın türmədə olmasından istifadə elədi. Jurnalist qız deyir: “Hər bir konflikti belə vəhşicəsinə həll eləmək olmaz axı”. Cavab: “Nə bilim”.

İndi Gədəbəydən xəbər gəlib, məlum olur ki, 3 nəfər bir nəfəri namus üstə pis günə qoyub. Düzdür, ağıllı tərpənib, adamı öldürməyiblər, amma zərərçəkəni öldürülmüşə döndəriblər. Onlar çox da ağır cəza almayacaqlar, amma özləri dilini və əlini dinc qoymayan adama ağır cəza veriblər.

Deyəsən, çox anlaşıqlı olmadı, gərək bir az təfərrüatlı yazım. Demək, Kazımov soyadlı bir şəxs Səddam adlı gənc kişinin arvadına mesaj yazıb, güman ki, nəsə bir məhrəm təklif edib. Mesaj da Səddamın əlinə keçib, o da qızın qardaşını və əmioğlusunu götürərək, Kazımovu toydan çıxarıblar, müqavimətini qırıblar, sonra başını ip salaraq sataşılan qadının anasının ayağına aparıblar və guya adamı məcbur ediblər ki, yaşlı qadının ayağından öpsün.

Əlbəttə, yaşından asılı olmayaraq insanın başına ip salaraq keçi-qoyun yerinə qoymaq, iməklətmək, əl-ayaq öpdürmək düzgün deyil, keçmişin qalığıdır.

Hərçənd keçmişdə daha vəhşi cəza tədbirləri olub. Namusa sataşanı öldürməsələr də, anus dəliyinə çomaq, butulka yeridir, el dilində desək, duhazar edirmişlər. (Duhazar – təxminən biabır, rüsvay). Ağsaqqallar gənclərə öyüd-nəsihət edəndə deyərdilər ki, bala, filan şeyi eləmə, el içində biabır-...ağaclı olarıq.

Bir neçə il öncə Gürcüstanda çəkildiyi deyilən bir video yayılmışdı. Videokadrlarda görünürdü ki, bir cantaraq kişini döyüb uzadıblar yerə, artıq nə başını, nə də onurğa sütununun qurtaracağını qorumaq halında deyil, şalvarını da siyiriblər aşağı, bir nəfər hirsli-hirsli bağırır: “Maa ver görüm, əə, o bodulquyu. Müftə arvad var, əəə?” Ta heç zad. Deyilənə görə, o adamı da tutublar sonradan. Yerdə döşəli qalanı yox, “bodulqa”, yəni butulka axtaran və tapan adamı.

Amma bilindiyi kimi, Gədəbəyin Arıqıran kəndində şüşə və plastik qablara əl atan olmayıb, onlar iplə işləyiblər. (O ipdən saytlara da əcəb İP çıxdı ha).

Hələ qisas alan adamın və o kəndin adına baxın. Adamın adı Səddamdır. Güman ki, 1991-ci il təvəllüdlüdür. Çünki məhz həmin il bu adların qoyulması ölkədə fontan vurmuşdi – sırf İraq lideri Səddam Hüseynin ABŞ-a qarşı dirəniş göstərməsinə görə. Yeri gəlmişkən, Səddamın da axırı ipdə qurtardı. ABŞ yazıq diktatoru asdırdı.

Kəndin adı isə Arıqırandır, bəlkə də lap startda Ayıqıran olub. Ola bilər, kəndin camaatı qoçaq olduğuna görə mahalda ayı-filan qoymayıblar, hamısını qırıblar. Yoxsa yazıq arı ilə camaatın nə işi var, bal verən arını niyə qırsınlar?

Axır ki, adında “qıran” sözü olan kəndin qızına, gəlininə sataşan oğlan gərək gözünün altına alaydı ki, boğazındakı ipi qıra biləcək, ya yox.

Nə qızmışlıqdır, vicdansız? Sənin əri olan qadınla nə işin var, özünü nə hesab edirsən, di Kapriosan, Kıvancsan, ya Aras Bulud İynemlisən? Bilmirsən ki, belə şeylərin üstündə adamın iynəsini pis vurarlar? Kənd yeridir, meqapolis deyil, aradan çıxasan, tapmayalar.

İndi elə çıxmasın ki, müəllif zərərçəkənə zərər çəkdirənlərə haqq qazandırır. Xeyr. Onlar canidir... keçmişin qalıqlarıdır. Amma zərərçəkənin halına üzülmək də mümkün deyil. Yenə intim mesaj yazan və həmin mesajı alanın ikisi də subay olsaydı, deyərdik, ürək-könül məsələsidir. Amma ikisinin evli olması məsələnin mahiyyətini dəyişir, bu, seksual arzunun köksdə qalması məsələsidir. Adamın dizini yerə atması isə, hardan baxsan, rəmzi məna daşıyır. Elə alınmadı, belə alındı, həyatdır.

Bu, nə ölkədir, qardaşlar? Srağagün bir nəfər müsahibəsində deyirdi ki, indiki bəzi kişilər arvadlarını həkimə aparırlar ki, ombalarını böyütdürsünlər, bu tərəfdə də adamın birini ombası, türkün sözü, domala-domala üzr istəməyə aparıblar.

Gələk məsələnin ictimai rezonans hissəsinə. İmtahan üçün, çıxaq, camaatdan soruşaq ki, eyni durumda siz nə edərdiniz. Böyük əksəriyyət deyəcək: “Daha betər edərdim”. Bəzi adamlar da “belə konfliktləri vəhşicəsinə həll etmək olmaz” iradına Murad kimi cavab verəcək: “Nə bilim”.

Yeri gəlmişkən, birinci cümlədə adı çəkilən filmin qəhrəmanı Murad axırda elə Ağabala kimi edir.

Ona görə də ictimai rəyi nəzərə almaq lazımdır. Bura ABŞ deyil ki, bir qadına intim mesaj yazan adamı seksual qısnama ittihamı ilə məhkəməyə versinlər. Burada ən yumşaq halda adamın başına ip salırlar.

14.06.2024 09:01
3290