“Eqologiya” budur? – Bakıda yaddan çıxan tüstü qanunu: sakinlər boğulur - Video, fotolar

Paytaxt Bakıda fəaliyyət göstərən şadlıq sarayları və restoranların havaya normadan artıq tullantı yayması problemi vaxtaşırı gündəmə gəlsə də, aparılan monitorinqlərə baxmayaraq, bəzi ərazilərdə bu məsələ hələ də tam həllini tapmayıb.

Belə problemli ərazilərdən biri də Bəkir Çobanzadə küçəsidir. Məlum olduğu kimi, sözügedən küçə şadlıq sarayları və restoranların kompakt şəkildə yerləşdiyi məkanlardan biridir. Xüsusilə toy mərasimlərinin çox keçirildiyi bu ərazidə axşam saatlarından etibarən havada tüstü və ağır qoxuların artması sakinləri ciddi şəkildə narahat edir.

Musavat.com-un əməkdaşı olaraq məsələni yerində araşdırmağa çalışdıq. Ərazidə yaşayan sakinlər bildirirlər ki, problem əsasən toyların başladığı axşam saatlarında daha qabarıq hiss olunur. Onların sözlərinə görə, restoran və şadlıq saraylarının mətbəxlərindən çıxan tüstülər, qızardılan yeməklərin ağır qoxusu birbaşa yaşayış binalarına yayılır.

Sakinlərdən biri qeyd edir ki, bu məsələ ilə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciət edilib:

“Əvvəllər bir neçə dəfə sakinlər tərəfindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunub. Həmin vaxtlar şadlıq sarayları və restoranlardan çıxan tüstülərin miqdarı xeyli azalmışdı. Amma indi xüsusilə kiçik restoran və kafelərdən daha çox tüstü gəlir. Onların filtr sistemi ya düzgün işləmir, ya da ümumiyyətlə yoxdur”.

Digər sakin isə bildirir ki, xüsusilə toy saatlarında pəncərələri açmaq mümkün olmur:

“Onsuz da qış aylarıdır, pəncərələri çox nadir hallarda açırıq. Amma açan kimi qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu evin içinə dolur. Hətta eyvanda asdığımız paltarlardan da tüstü qoxusu gəlir. Doğrudur, əvvəlki illərlə müqayisədə tüstülər bir qədər azalıb. Bir neçə il əvvəl vəziyyət daha ağır idi. Amma hər halda problem hələ də qalır”.

Sakinlər qeyd edirlər ki, şadlıq sarayları ilə yanaşı, son illər sayı artan kiçik restoran və kafelər də bu problemin əsas mənbələrindən birinə çevrilib. Onların fikrincə, bu obyektlərin əksəriyyətində havaya atılan tullantıların təmizlənməsi üçün nəzərdə tutulan texniki avadanlıqlar ya köhnədir, ya da ümumiyyətlə istifadəsiz vəziyyətdədir.

Bəkir Çobanzadə küçəsində yaşayan sakinlər aidiyyəti qurumlardan bu məsələnin yalnız müəyyən dövrlərdə deyil, daimi nəzarətdə saxlanılmasını xahiş edirlər. Onlar hesab edirlər ki, aparılan monitorinqlər mütəmadi olmalı, normativlərə əməl etməyən obyektlər barəsində ciddi tədbirlər görülməlidir.

Sakinlərin sözlərinə görə, problem tam aradan qalxmasa da, ən azı yaşayış şəraitinə mənfi təsirin minimuma endirilməsi üçün davamlı nəzarət vacibdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov Musavat.com-a açıqlamasında deyib ki, zamanında bu problemlə bağlı monitorinqlər aparılıb, bəzi şadlıq sarayları və restoranların sahibləri cərimələnib. Lakin bəzi ərazilərdə bu problem hələ də qalmaqdadır:

“2018-ci ildə ekologiya naziri vəzifəsinə Muxtar Babayev təyin olunandan sonra bu məsələnin üzərinə kifayət qədər ciddi şəkildə gedildi. Həmin dövrdə şəhərin müxtəlif küçələrində, xüsusilə şadlıq evləri və restoranların kompakt yerləşdiyi ərazilərdə genişmiqyaslı reydlər keçirildi, cərimələr tətbiq olundu və məcburi göstərişlər verildi. Sahibkarlardan tələb olundu ki, tüstünü neytrallaşdıran xüsusi filtrlər quraşdırsınlar.

Daha sonra Bakı şəhərində və digər böyük şəhərlərdə, o cümlədən Gəncə və Sumqayıtda bununla bağlı regional idarələr tərəfindən mütəmadi monitorinqlər aparıldı. Bu nəzarət tədbirləri son illərdə də dövri olaraq həyata keçirilir. Lakin təəssüf ki, buna baxmayaraq, bu cür hallara yenə də rast gəlinir”.

Ekoloq yaşadığı ərazidə də bu cür halların mövcud olduğunu deyib:

“Məsələn, şəxsən mən Xırdalan qəsəbəsində yaşayıram. Qəsəbənin bəzi kənar ərazilərində elə kafe və restoranlara rast gəlirik ki, açıq havada bir neçə manqal yan-yana qoyularaq kabab bişirilir. Bu da ətrafda yerləşən fərdi yaşayış evlərində və çoxmənzilli binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olur. Sakinlər bu vəziyyətlə bağlı tez-tez şikayət edirlər.

Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə də bu barədə müraciətlər daxil olur. Konkret ünvanlar göstərildikdə müfəttişlər yerində araşdırma aparır, fakt təsdiqlənərsə, həmin kafe və restoranlar cərimələnir. Yəni, nazirlik və regional qurumlar öz üzərinə düşən işi görür. Lakin buna baxmayaraq, bəzən nəzarətdən kənarda qalan yerlərdə də bu cür hallara rast gəlinir”.

Amin Məmmədov vurğulayıb ki, bu məsələdə sakinlərin fəallığı xüsusi əhəmiyyət daşıyır:

“Sakinlər aktiv şəkildə şikayət etdikdə problem, adətən, aradan qaldırılır. Çünki konkret müraciət olduqda aidiyyəti qurumlar dərhal reaksiya verir.

Ümumiyyətlə, bu tüstünün insanlara müəyyən mənfi təsiri var. Əslində isə tüstünü neytrallaşdıran xüsusi texnologiyalar mövcuddur. Bu qurğular karbonu özünə çəkərək onun miqdarını azaldır və yalnız neytrallaşdırılmış hava buraxır. Belə filtrlərdən istifadə edildikdə havaya yayılan tüstüdə karbonun miqdarı xeyli azalır. Lakin bu avadanlıqlar müəyyən maliyyə xərci tələb edir. Təəssüf ki, bəzi sahibkarlar bu xərci çəkmək istəmədikləri üçün filtr sistemlərini tətbiq etmirlər və nəticədə ətraf mühitə kəskin tüstü yayılır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Musavat.com-a açıqlamasında deyib:

“Çoxmərtəbəli binaların birinci mərtəbəsində yerləşən restoranlardan, eləcə də şadlıq evlərinin toplandığı Bəkir Çobanzadə küçəsində yaşayan sakinlərdən qurumumuza davamlı olaraq telefon zəngləri daxil olur. Sakinlər bildirirlər ki, tüstüdən və kabab qoxusundan boğulurlar və bu vəziyyətə nə zaman son qoyulacağı ilə maraqlanırlar”.

Eyyub Hüseynovun fikrincə, bu problemə birdən-birə və tez bir zamanda son qoyulması mümkün görünmür:

“Nə qədər ki, insanlar şadlıq evlərində toy etməyi davam etdirirlər, həmin toyxanalardan qalxan tüstü də olacaq. Lakin bu o demək deyil ki, mövcud vəziyyət nəzarətsiz qalmalıdır.

Bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət həyata keçirilməlidir. Təəssüflər olsun ki, bəzi hallarda nəzarətin yetərli olmadığı müşahidə olunur. Halbuki qoxunu və tüstünü neytrallaşdıran xüsusi texniki vasitələr mövcuddur və bu avadanlıqların tətbiqi zəruridir.

Hazırkı vəziyyətdə əhalinin sağlamlığı və gündəlik rahatlığı arxa planda qalır. Bu isə yolverilməzdir. Çünki söhbət birbaşa sakinlərin hüquqlarının və yaşayış rahatlığının pozulmasından gedir. Məhz buna görə də bu məsələyə nəzarət gücləndirilməli və problemin aradan qaldırılması üçün real addımlar atılmalıdır”.

Qeyd edək ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlamışıq.

Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com

28.01.2026 18:10
1399