“Bu il Azərbaycana gələcəkdim, ancaq əlimdə kiçik əməliyyat etdirdim deyə qaldı. Hətta avqust ayına bilet də almışdım. Lakin həkim dedi ki, risk etmək olmaz, yaram çirk edər. Ona görə də Azərbaycana səfərimi bir qədər ertələdim”.
Bunu Musavat.com-a açıqlamasında Türkiyədə yaşayan tanınmış müğənni, bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova deyib.
O bildirib ki, növbəti il yaz aylarında Azərbaycana gəlməyi planlaşdırır:
“Sonuncu dəfə Azərbaycana gələndə çox qalmadım, tez getdim. Sıx-sıx gələ bilməsəm də, bir neçə ildən bir Azərbaycana gəlirəm”.
Xədicə xanım “indi də ifa edirsinizmi?” sualımıza bildirib ki, Emin Sabitoğlundan sonra sənətinə ara verib:
“Emindən sonra səhnədə oxumadım. Sonuncu dəfə Rəsul Rzanın yubileyi zamanı 2002-ci ildə ifa etdim. O zaman Heydər Əliyev gəlib səhnədə bizimlə görüşdü.
25 ildir ki, Emin müəllim yoxdur. İndi özüm üçün zümzümələr edirəm. Səsimin dəyişib dəyişmədiyini deyə bilmərəm”.
![]()
Qeyd edək ki, 1990-cı ildə Emin Sabitoğlu Xədicə xanımla birgə Türkiyəyə köçüb orada yaşamağa başlayıblar. Bu evlilikdən onların iki oğlan uşaqları dünyaya gəlib, ancaq hər ikisi körpə vaxtı vəfat ediblər.
Emin Sabitoğlu qan təzyiqindən əziyyət çəkirdi. Bəstəkar 18 noyabr 2000-ci ildə Bakı şəhərində trombun ürəyinə tıxanması səbəbindən vəfat edib.
Xədicə xanım illər öncə mətbuata müsahibəsində bəstəkarla tanışlığı haqqında bunları demişdi:
“O gün heç yadımdan çıxmır. Çox gülməlidir. Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. İnanın, o gecə demək olar ki, gözümə yuxu getmədi. Səhərə qədər onunla ilk görüşümüzü fikirləşdim. Həyəcandan birtəhər olurdum ki, Emin Sabitoğlunu görəcəm, mənə mahnısını verəcək. Səhər dəhlizdə o başa, bu başa gedib onu gözləyirdim. Bir də gördüm ki, balacaboy, qıvrım saç, qəribə yerişi olan bir kişi gəldi. Onda mənim uzun, qara saçlarım var idi. Oğlan rolu verildiyi üçün saçımı yığıb başıma papaq qoydular. Emin müəllim məni görəndə dönüb Rəşid Behbudova dedi ki, budur sənin ifaçın?! Bu nədir, qara-mara bir qızdır ki...
Bundan müğənni olar?! İnanın, bu cümləni eşidəndə bütün həyatım darmadağın oldu. Gecəni yatma, onunla bağlı xəyallar qur, o da gəlib desin ki, bu nədir, qara-mara bir qızdır. Üzünə deyə bilməsəm də, ürəyimdə deyinirdim ki, “sən bir buna bax, mənə tülkü ilə bağlı mahnı gətirib sonra da deyir ki, bundan müğənni olar?”
![]()
Amma mən özüm də bilmədən, göstərdiyim diqqət sayəsində Emini özümə aşiq etdim. Heç vaxt ağlıma da gəlməzdi ki, bizim aramızda bu cür münasibət olar. Çünki onu bir bəstəkar kimi çox sevirdim. Həyat yoldaşım olacağını düşünmürdüm. O ki qaldı qara-mara qıza, ikinci görüşümüzdə artıq o qara-mara qızdan əsər-əlamət qalmamışdı (gülür). Çünki mən artıq çox sevilən, hamının diqqət mərkəzində olan bir müğənni idim.
Böyümüşdüm, bir az da qəşəngləşmişdim. Yəni uşaq görünüşünü gənc xanım görünüşü əvəz etmişdi. Bir çox ölkələrə qastrol səfərinə gedirdim. Axırıncı dəfə İsveçrədən qayıdanda mənim üçün kokteyl təşkil olunmuşdu. Emin Sabitoğlu ilə ikinci dəfə orda görüşdük. İçəri girən kimi hamıya göstərməyə çalışırdı ki, mən bu qızı öncədən tanıyıram. Yaxınlaşıb “ay Xədicə xanım, bu, sizsiniz? Necə gözəlləşmisiniz”, - dedi. Mən də bilərəkdən özümü elə apardım ki, guya onu tanımıram. Dedim ki, bağışlayın, siz kimsiniz ki, tanımadım. O vaxtkı təhsil naziri Emin müəllimin pərt olduğunu görüb dedi ki, ay Xədicə xanım, necə ola bilər ki, siz tanımayasınız. Bu, bəstəkar Emin Sabitoğludur. Mənsə cavabında özüməməxsus üz cizgisi ilə “həə, yadıma düşdü, siz mənə qara-mara qızdır deyən şəxssiniz. Xatırladım sizi” dedim. Emin Sabitoğlu da qayıtdı ki, “Xədicə xanım, hesab 1:1 oldu” (gülür).
![]()
Şahanə Rəhimli
Musavat.com