Əlirza Ərdəbili: "İran dağılır, amma Güney milli hərəkatı hələ meydanda deyil...”

Xəbər verdiyimiz kimi, 28–29 mart tarixlərində Londonda İranın gələcəyi ilə bağlı “İranın Azadlığı” adlı konqres keçirilib. İki gün davam edən konfransda İranın tanınmış siyasi aktorları bir araya gəlib, ölkənin gələcəyi, mümkün siyasi transformasiyalar və alternativ idarəetmə modelləri ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə müxtəlif siyasi baxışları təmsil edən şəxslərlə yanaşı, azərbaycanlı nümayəndələr də fəal şəkildə iştirak ediblər. Konfransın diqqət çəkən iştirakçılarından biri, İsveçdə yaşayan ərdəbilli ictimai-siyasi fəal, OCAQ İdarə Heyətinin üzvü Əlirza Ərdəbili olub. O, tədbirin mahiyyəti, müzakirə olunan əsas məsələlər və İran daxilində baş verən proseslərlə bağlı Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Londonda keçirilən “İranın Azadlığı” konqresi hansı zərurətdən doğdu? Bu tədbirin məhz indiki mərhələdə keçirilməsi nə ilə bağlıdır?

- Məlum səbəblərdən, yəni rejimin təzyiqlərinə görə İranda heç bir siyasi təşkilatlanmaya, siyasi formalaşmaya icazə verilmir. Ona görə də siyasi strategiyanın müəyyənləşdirilməsi əsasən ölkə xaricində yaşayan, milyonlarla üzvü olan İran diasporunun üzərinə düşür. Elə son onilliklərdə də bir qayda olaraq, İranın müxtəlif siyasi qüvvələri bu cür təşəbbüslərə əl atırlar. Bəzən müəyyən siyasi xətt üzrə, bəzən isə çoxşaxəli toplantılar keçirilir. “İranın azadlığı” konqresi bu baxımdan ciddi fərqlilikləri ilə seçildi. Belə ki, bu tədbirdə müxtəlif siyasi baxışlara, dillərə, mədəniyyətlərə və etnik qruplara mənsub nümayəndələr dəvət olunmuşdu. Çox geniş çərçivədə İran müxalifətinin fərqli fikir sahiblərinin bir araya gətirilməsi baxımından bu konqres ilk nümunə kimi qiymətləndirilə bilər. Müxalifətin bütün qollarını və etnik qruplarını əhatə edən bu qədər geniş diapazonlu bir toplantı indiyə qədər keçirilməmişdi.

WhatsApp Image 2026-03-30 at 17.49.54.jpeg (225 KB)

Bu cür təşəbbüsün zəruriliyi də məhz buradan qaynaqlanır. Əgər İran normal bir ölkə olsaydı, ölkənin taleyi onun daxilində müəyyənləşdirilərdi. Lakin mövcud vəziyyətdə rejimin tətbiq etdiyi təzyiqlər buna imkan vermir. Təkcə yanvar ayında dinc etirazçıların güllələnməsi bunu bir daha sübut edir. Bu, nə ilk, nə də ən böyük hadisə idi. İran rejimi dəfələrlə dinc əhaliyə silah tətbiq edərək onları qətlə yetirib. Bu baxımdan ölkə daxilində həyata keçirilə bilməyən missiyanı xaricdə fəaliyyət göstərən diaspora və təşkilatlanmış qüvvələr öz üzərinə götürür.

- Konqresdə səsləndirilən əsas tezislər nələr idi, beynəlxalq ictimaiyyətə hansı mesajlar verildi?

- Konqresin əsas mesajı İranda mövcud olan fərqli dillərin, məzhəblərin və inamların bir araya gələ bilməsi idi. Məlum olduğu kimi, İranda bütün əhali şiə deyil. Türkmənlər, kürdlərin böyük bir hissəsi, eləcə də Urmiya ətrafında yaşayan azərbaycanlıların bir qismi sünni məzhəbinə mənsubdur. Bundan əlavə, İran İslam hakimiyyəti dövründə müxtəlif dini inanclara sahib olan insanların bir qismi dinindən uzaqlaşaraq özlərini ateist elan edir. Bütün bu fərqliliklərə baxmayaraq, ortaq məxrəcə gəlmək mümkündür. Konqres də bunu nümayiş etdirdi - fərqli kimliklərə sahib insanlar bir araya gələrək rejimə “yox” demək və onun yerinə alternativ bir sistem üzərində razılıq əldə etmək istiqamətində ortaq mövqe sərgiləyə bildilər. Əlbəttə, buna bənzər təşəbbüslər bundan əvvəl də olub. Lakin son keçirilən konqresin fərqi ondadır ki, həm daha genişmiqyaslı idi, həm də daha inandırıcı təsir bağışlayırdı.

- İranda yaşayan azərbaycanlıların bugünkü sosial, mədəni və siyasi vəziyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycanlıların qarşılaşdığı çətinliklər əsasən iki istiqamətdə cəmləşir. Birincisi, ümumilikdə İranda hökm sürən ağır iqtisadi vəziyyətdir. Hazırda ölkədə ciddi inflyasiya müşahidə olunur. Bahalaşma gündəlik həyatın bütün sahələrini əhatə edib, milli valyutanın dəyəri isə sürətlə aşağı düşür. Maaşlar artsa belə, bu artım inflyasiyanın təsirini kompensasiya edə bilmir.

İkinci mühüm məsələ isə Güney Azərbaycanın əvvəlki iqtisadi və sosial mövqeyini itirməsidir. Tarixən İranın ən zəngin, sənaye və ticarət baxımından inkişaf etmiş bölgələrindən biri olan Güney Azərbaycan eyni zamanda dövlətin dayaqlarından biri hesab olunurdu. Həm ordu tərkibində, həm də iqtisadi sahədə azərbaycanlılar mühüm rol oynayırdılar. Yeniliklərin və ideyaların böyük hissəsi də bu bölgədən çıxırdı. Lakin hazırda vəziyyət dəyişib. Sənaye müəssisələrinin əksəriyyəti İranın cənub bölgələrinə köçürülüb. Bu isə Güney Azərbaycanda işsizliyin artmasına səbəb olub. Nəticədə insanlar kütləvi şəkildə miqrasiya etməyə məcbur qalırlar.

WhatsApp Image 2026-03-30 at 17.50.10.jpeg (293 KB)

Digər tərəfdən, assimilyasiya siyasəti də açıq şəkildə aparılır. Güney Azərbaycanın zəiflədilməsi, əhalinin fars bölgələrinə səpələnməsi bu siyasətin əsas elementlərindəndir. Urmiya gölünün qurudulması da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Bunun nəticəsində bölgədə yaşayan azərbaycanlıların öz yurdlarını tərk etməsi sürətlənə bilər. Konqresdə də bu məsələlər - milli ayrı-seçkilik, sosial və iqtisadi problemlər geniş şəkildə müzakirə olundu.

- Hazırda İranda ümumi ictimai-siyasi vəziyyətini necə dəyərləndirirsiniz? Son dövrlərdə baş verən hadisələr cəmiyyətə necə təsir edir?

- Əlbəttə, müharibə şəraitində ölkənin infrastrukturu dağıdılır, mülki insanlar həyatını itirir. Cəmiyyət daxilində də bu məsələyə münasibət birmənalı deyil. Bir qisim insanlar rejimin zəifləməsinə sevinsə də, digər qisim haqlı olaraq ölkənin gələcəyindən narahatdır. Əgər mövcud sənaye və infrastruktur da məhv olarsa, ölkənin yenidən bərpası üçün onilliklər tələb oluna bilər. Bəlkə də 25–30 il, hətta daha uzun müddət. Bəzi ehtimallara görə, bu dağıntıların fəsadları yüz il davam edə bilər.

Müharibənin necə nəticələnəcəyi isə hələ məlum deyil. Bu proses bir çox amilləri müəyyənləşdirəcək. Rejim çökə bilər, yaxud bombardmanlar davam edərək daxildə parçalanmaya səbəb ola bilər. Digər ssenari isə ondan ibarətdir ki, ABŞ və İsrail müəyyən zərbələr endirdikdən sonra geri çəkilər və rejim zamanla zəifləyərək süquta uğrayar. Bu, Suriyada Bəşər Əsəd rejiminin yaşadığı prosesə bənzər bir ssenari ola bilər.

- Hazırda Güney Azərbaycanda milli hərəkat hansı mərhələdədir?

- Hazırda Güney Azərbaycan milli hərəkatı ürəkaçan vəziyyətdə deyil. Son illərdə baş verən qarşıdurmalarda bu hərəkat öz sözünü lazımi səviyyədə deyə bilməyib. Hətta əhalinin özü də tarixən oynadığı rola uyğun şəkildə proseslərdə iştirak edə bilməyib. Bu baxımdan əvvəlki inqilablarla, yəni, Məşrutə inqilabı və 1978-79-cu illər İslam inqilabı ilə müqayisədə, bu gün daha əvvəl fəal olmayan bölgələrin daha aktiv olduğu müşahidə edilir. Bu isə həm azərbaycanlı toplum, həm də milli hərəkat üçün zəif nöqtə hesab olunur.

Digər tərəfdən, repressiyalar davam edir. Təkcə son iki həftə ərzində 500 nəfərə yaxın milli fəal həbs olunub. Onlara qarşı ağır ittihamlar irəli sürülür, hətta bəzilərinin edam olunacağı ilə bağlı hədələr səsləndirilir. Bu şəraitdə ölkə daxilində təşkilatlanma demək olar ki, mümkünsüzdür və ciddi risk daşıyır. Xaricdə müəyyən təşkilatlanma olsa da, bu da tam ürəkaçan deyil.

Ümumilikdə isə bu gün Güney Azərbaycan milli hərəkatı mövcud vəziyyəti tam və düzgün qiymətləndirə bilməyib. Həm xalq, həm də siyasi qüvvələr səviyyəsində proseslərdə iştirak, meydanda təmsil olunma və inqilabi dinamika ilə bağlı ciddi çatışmazlıqlar mövcuddur. Bunun da mənfi nəticələri artıq açıq şəkildə görünməkdədir.

Xalidə Gəray,
Musavat.com

30.03.2026 20:05
2248